Ermənistanda sosial-iqtisadi böhran Layihə

Ermənistanda sosial-iqtisadi böhran

İşğalçılıq siyasəti bu ölkənin bütün iqisadiyyatını çökdürüb

Ermənistanın destruktiv mövqeyi səbəbindən həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün başlıca maneə olaraq qalır. Amma mövcud "status-kvo" vəziyyəti daha çox Ermənistanın özü üçün ağır nəticələrə səbəb olub. Belə ki, bu gün işğalçı ölkə üçün ən böyük strateji təhlükə onun təcrid olunması və regional mahiyyətini itirməsi riskidir ki, bu da Ermənistanın Dağlıq Qarabağ münaqişəsilə bağlı 20 ildir ki, davam etdirdiyi destruktiv mövqeyi ilə bağlıdır. Faktiki olaraq işğal siyasəti Ermənistanı regional enerji layihələrindən kənarda qoyub və iqtisadi inkişafının önündə böyük maneələr yaradıb. Təbii ki, iqtisadi iflasla yanaşı, ölkə daxilində mövcud sosial böhran fonunda miqrasiya da geniş vüsət alıb. Ermənistanda 3.1 milyonluq əhalinin 300 mini ölkəni tərk edib. Son 3 ildə isə ölkəni tərk edən vətəndaşlar ümumi əhalinin 5%-nə (160 min nəfər) bərabərdir.
Məsələnin daha ciddi tərəfi hakimiyyət daxilində müşahidə edilən toqquşmalardır. Radikal millətçilər ermənilərin Dağlıq Qarabağa bağlılıqlarını əldə bayraq edərək demokratiyanın genişlənməsinə əngəl törədir və Ermənistanı Rusiyadan asılı durumda saxlamaqda davam edirlər. Amma iş o yerə çatıb ki, bu gün təcavüzkar ölkənin əsas reallığı, əsas müzakirə mövzusu Dağlıq Qarabağ yox, ölkədəki sosial və iqtisadi böhran vəziyyətidir. Mövcud vəziyyət onu deməyə əsas verir ki, işğal siyasətini davam etdirmək Ermənistanın milli maraqlarına xidmət etmir və indiki iqtidar üçün ölkəni durğunluqdan çıxarmaq çox vacibdir.
1994-cü ildən bəri münaqişənin həllində vasitəçiliyi öz üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyilə davam edən sülh danışıqlarında nizamlanma üçün açılan imkanlar dəfələrlə təcavüzkar ölkə tərəfindən pozulub. Burada vasitəçi ölkələrin Ermənistanın məsuliyyətsizliyinə göz yumaraq, prosesə laqeyd yanaşma sərgiləməsi təəssüf doğurur. Azərbaycan böyük sülh sazişi üzərində işə başlamağı təklif etsə də, İrəvan bu sənədin bəzi bəndlər üzrə razılığı olmadığını əsas gətirərək (?) konstruktiv mövqe sərgiləməkdən yayınır.
Məsələ burasındadır ki, Ermənistanın bu mövqeyi hazırki erməni cəmiyyətinin daxili ehtiyatlarını da heçə endirir. Nəticədə Ermənistan asılı dövlət kimi yenə də asılılığını davam etdirməkdədir. Zəif hakimiyyət isə nə iqtisadi- siyasi islahatlar aparmaq, nə də müasir dövlət qurmaq iqtidarında deyil. Bu səbəbdən təcavüzkar ölkənin kənar qüvvələrin diktəsilə hərəkətə davam edəcəyi qaçılmaz olacaq.
Ermənistanın iqtisadi vəziyyəti daha da pisləşəcək. Mühacir ermənilərin fəaliyyətinin dayandımağa məcbur olan kiçik və orta biznes obyektlərinin sayınin artması fonunda 3-də 1 hissəsi yoxsul hesab edilən əhali üçün ümidsizlik faktiki olaraq dominanta çevrilib. Əhalinin adambaşına düşən Ümumi Daxili Məhsulun (ÜDM) səviyyəsi kritik həddə aşağı, idxal isə dar struktura malik ixracatdan az qala 4 dəfə çoxdur. Ötən il Ermənistanın ümumi xarici borcu ölkənin nominal ÜDM-yə faiz nisbəti 72%-ə bərabər olub. Ermənistanın Nəzarət Palatasının dövlət büdcəsi ilə bağlı rəyində "əgər bu cür davam edərsə, ölkədə borc böhranının baş verəcəyi" qeyd edilir. Son bir neçə ildə regional miqyaslı heç bir proqram həyata keçirilməyib. Ermənistan-İran dəmiryolunun çəkilməsi proqramı, Şimal-Cənub avtomobil yolu, ümumerməni bankı və ya Gümrü texnoparkı kimi layihələr haqqında yalnız danışılıb. Daha ciddi problemlərdən biri iqtisadi inkişafın təbii mexanizmlərindən biri – kapital bazarının inkişafının dayanması, inhisarçılığın, texnoloji geriliyin artmasıdır. Ermənistan iqtisadiyyatının borcları vaxtında ödəmək üzrə qabiliyyətinin şübhə doğurduğunu nəzərə alaraq, tamamilə aydındır ki, tezliklə vəziyyət daha dözülməz həddə çatacaq. Nəticə olaraq, işğalçı ölkə uzun illər, hətta onilliklə ərzində tənəzzülə uğramış, rəqabət qabiliyyətini itirmiş iqtisadiyyata sahib olacaq.
Ən maraqlı və diqqətçəkən məqamlardan biri, Dağlıq Qarabağ ermənilərinin vəziyyətidir. Dağlıq Qarabağ ermənilərinin İrəvandakı hakimiyyətə nifrətinin ilbəil artdığını müşahidə edirik. Misal olaraq, bu il 26 yaşlı Xankəndi sakininin Ermənistanın dövlət atributlarına hücum edərək, Ermənistan bayrağının təsvir olunduğu plakatı cırmasını göstərmək kifayətdir. Son illər tez-tez rast gəlinən analoji hadisələr göstərir ki, Dağlıq Qarabağ erməniləri də özgə torpağında sosial böhran içində yaşamaqdan usanıblar. Dünya dövlətləri tərəfindən tanınmayan və separat imicindən qurtula bilməyən, diaspor ianələri hesabına yarıac, yarıtox vəziyyətdə yaşayan Qarabağ erməniləri də "status-kvo"nun dəyişdirilməsini istəyir.
İşğal olunmuş ərazilərdə xüsusilə demoqrafik vəziyyəti dəyişdirmək imkanlarına əlavə kimi, siyasi İrəvanın kuluarlarında Suriyadan olan qaçqınların Azərbaycan ərazilərinə, Dağlıq Qarabağa köçürmək siyasəti işğalçı ölkənin "status-kvo"nun saxlanmasında maraqlı olduğunu və Xankəndidəki marionet qrupun məhz İrəvan tərəfindən idarə olunduğunu deməyə əsas verir.

İşğal altındakı ərazilərdə demoqrafik böhranı tənzimləməyə çalışan Suriya erməniləri belə işğal altındakı ərazilərdə mövcud böhran vəziyyətilə barışmayaraq, burada məskunlaşmaqdan imtina edir, xarici ölkələrə üz tuturlar. Çünki suriyalı ermənilər də yaxşı başa düşürlər ki, İrəvanın süni dövlət yaratmaq üçün çalışdığı, lakin yaxın gələcəkdə Azərbaycanın yurisdiksiyası altına qayıdacaq torpaqda yaşamaq tamamilə ağılsız bir ideyadır. Odur ki, suriyalı ermənilərdən olan qaçqınların məskunlaşdırılması da Ermənistanda demoqrafiyanın yaxşılaşmasına təkan verə bilmədi.
Ermənistan rəhbərliyini isə indiki məqamda xalqın rifahından daha çox öz maraqları düşündürür. Bu mənada 2013-cü il fevralın 18-də keçirilən seçki şousunu xatırlamaq kifayətdir. Məhz son seçki prezident Serj Sarkisyanın əsl simasını bir daha üzə çıxardı. Sadə ermənilər də anladı ki, Sarkisyan kürsüsünü əldən verməmək naminə ən ucuz variantlara əl ataraq, xalqı aldadır. Ən azı yaxın 5 ildə də əhali Ermənistan tarixində "ən pis prezident"in siyasi, iqtisadi və sosial uğursuzluqlarının şahidi olacaq.
Əslində, Ermənistan vətəndaşları və bu gün Azərbaycanın işğal altındakı ərazilərində yaşayan ermənilər də anlamalıdırlar ki, İrəvandakı hakim rejim sadəcə, gənc nəslin gələcəyini oğurlayır. Artıq bu gün demək olar ki, onların ölkəsi iflasa uğrayıb. İşğala məruz qalan Azərbaycan isə münaqişə dövründə milli maraqlara söykənən, balanslaşdırılmış daxili və xarici siyasət nəticəsində iqtisadi və siyasi gücünü artırmaqla regionun lider dövlətinə çevrilib. İstər regional, istərsə də beynəlxalq əhəmiyyətli layihələrin əsas iştirakçısına çevrilərək, bölgənin vəziyyətini öz xeyrinə dəyişməyə nail olub. Və dünya xəritəsində layiq olduğu vacib yeri tutub. Ən əsası, bu gün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır. Azərbaycan isə öz ərazisi üzərində suverenliyini bərpa etmək üçün tam qanuni hüquqa malikdir. Ölkəmizin mövcud resursları təkmil dövlət siyasəti, ratifikasiya olunmuş beynəlxalq hüquqi aktlar, milli qanunvericilik, müasir diplomatik şərait, ölkəmizin real hərbi-iqtisadi gücü Ermənistanın işğal siyasətinə görə beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsinə əsas və imkan yaradır.
Münaqişənin hərbi yolla həllinə gəlincə, Azərbaycan Qarabağ müharibəsi başlayacağı təqdirdə tam hərbi üstünlüyə malikdir. Bu üstünlük tək hərbi texnika ilə tamamlanmır. Artilleriya və raket sistemlərinin də müasirliyi və sayı ölkəmizin xeyrinədir. Torpaqlarının 20 faizi işğal altında olan ölkə olaraq Azərbaycan hərbi gücünü ilbəil artırmaqda davam edir. Bu gün Azərbaycan ordusu Cənubi Qafqaz regionunun ən qüdrətli ordusudur. Ermənilər özləri də etiraf edir ki, "erməni hərbi birləşmələri Azərbaycanın aldığı supermüasir silahlar qarşısında acizdir və nə qədər ki, qanlı klan (Sarqsyan hakimiyyəti) hakimiyyətdədir, Ermənistan hələ başlamamış müharibədə məğlubiyyətə addım-addım yaxınlaşır.
Görünən budur ki, Ermənistandakı sosial-iqtisadi böhran və onun nəticələri yalnız sülh, sabitlik və təhlükəsizlik şəraitində aradan qaldırıla bilər. Münaqişənin həll olunmaması və İrəvanın bu münaqişənin dinc yolla nizamlanması üzrə danışıqlar prosesini süni şəkildə uzatması regional inkişafı əngəlləyir, təcavüzkar ölkənin özünün inkişafını iflic edir. Belə olan halda Ermənistanın münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə razılıq verməsindən başqa yolu yoxdur. Yalnız konstruktiv mövqe sərgiləməklə münaqişənin həllinə zəmin yaradacağı halda Ermənistan regional layihələrə qoşula bilər. İqtisadi layihələrin iştirakçısına çevrilməklə təbii ki, İrəvan öz iqtisadiyyatını tənəzzüldən xilas edə bilər. Digər tərəfdən, işğal siyasətindən əl çəkməklə Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına da nail olar. Bu da bu ölkənin uzun illərdən bəri iqtisadi böhranın əsas səbəblərindən biri olan blokada vəziyyətindən çıxması deməkdir. Azərbaycanın təklifi isə ondan ibarətdir ki, işğal olunmuş ərazilər azad edildikdən sonra Dağlıq Qarabağın hüquqi statusu müəyyən oluna, gələcəkdə Azərbaycan və erməni icmalarının dinc, birgə yaşayışı, regionun iqtisadi, sosial, mədəni inkişafının mexanizmləri hazırlana bilər.

Cavid