“Qidaların rəngləri də orqanlarımız üçün çox önəmlidir” Cəmiyyət

“Qidaların rəngləri də orqanlarımız üçün çox önəmlidir”

“Son illərdə cavan insanlar birdən-birə ürəktutmaları nəticəsində həyatını itirir. İnsan xaricdən sağlam görünsə də daxilən müxtəlif problemləri olur. Hansı ki, həmin problemləri heç özü də bilmir. Bu problemlər əsasən damarlarda tıxanmalardır. Bunlar da stres, qeyri-sağlam qidalanma, xolesterinin yüksək göstəriciləri nəticəsində yaranır. Eyni zamanda bu, fast-foodlardan aşırı dərəcədə istifadə etmək, qazlı içkilər, şəkərli qidalardan istifadə nəticəsində son illərdə daha tez-tez baş verir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında həkim-dietoloq Şəfa Yadigarova deyib.

O bildirib ki, daha çox emal olunmuş məhsullar istehsal olunur və bütün bu emal olunmuş məhsulların tərkibində trans yağlar, görünməyən gizli şəkər və bunun kimi müxtəlif qidalar var: “Hansılar ki, birbaşa ürək-damar sistemimizə təsir göstərir və hətta bu, cavan nəsildə də tez-tez rast gəlinir. İnsan cavandır deyə onun heç bir problemi yoxdur deyə düşünmək doğru deyil. İnsan cavan olaraq da çox problemlərlə üzləşə bilər. O əsasən həyat tərzini dəyişməlidir. Həyat tərzinin dəyişməsi sağlam qidalanma, gün ərzində ən azı 30 dəqiqə yürüyüş, su balansına diqqət etmək, eləcə də trans yağlardan qaçmaqla mümkündür. Daha çox omega-3 yağı ilə zəngin olan qidalara üstünlük vermək lazımdır. Burada yağlı balıq, zeytun, zeytun yağları, kətan yağı, avokado ola bilər. Həmçinin daha çox tərəvəzli qidalardan istifadə etsələr yaxşıdır”.

Ş.Yadigarova yaşıl rəngli və qırmızı rəngli qidalara üstünlük verilməli olduğunu söyləyib: “Çünki qidaların rəngləri də bizim orqanlarımız üçün çox önəmlidir. Məsələn, qırmızı rəngli qidalar daha çox ürək-damar sisteminə faydalıdır. Buraya pomidor, nar, qırmızı alma, çuğundur, qırmızı turp daxildir. Yaşıl rəngli qidalara isə göyərtilərin bütün növləri, brokkoli, kələmlərin növləri və s. daxildir. Odur ki, birinci növbədə xəstəliklərdən, qəfildən həyatı itirməkdən profilaktika etmək lazımdır. Eyni zamanda, ildə 1 dəfə həkim müayinəsindən keçmək daha yaxşı olar. Bu kimi xəstəliklərin ən birinci əlamətləri yorğunluq, halsızlıq, yuxusuzluq, kilo artması, oynaqlarda, bədəndə qırılmalar, stresə tez-tez məruz qalmaq, daha çox da mütəmadi yeməkdir. Ona görə də öncə hər bir xəstəliyin profilaktikası daha yaxşıdır, nəinki insan artıq xəstə olduqdan sonra onu müalicə etmək”.

Röya İsrafilova