Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır Cəmiyyət

Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır

Fevralın 20-dən dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.

Bu barədə APA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Müsahibə zamanı namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqlar nəzərə alınmaqla ümumilikdə 7 meyar üzrə qiymətləndiriləcəklər.

Namizədlər müsabiqə qaydalarına uyğun olaraq müsahibə mərhələsinə ali təhsili, pedaqoji stajı, qiymətləndirmə göstəriciləri, eləcə də müraciət etdikləri təhsil müəssisəsindəki şagird sayı nəzərə alınmaqla ardıcıllıq prinsipi əsasında mərhələli şəkildə dəvət ediləcəklər.

Qeyd edək ki, ilk 6 gün ərzində baş tutacaq müsahibələrin dəvətləri namizədlərin şəxsi səhifələrinə göndərilib.