İrana BMT-də etimadsızlıq siqnalı
18 Fevral 23:55

Tehran uranın zənginləşdirilməsini dayandırmağa və ehtiyatlarının bir hissəsini ixrac etməyə hazırdır
Fevralın 17-də Cenevrədə ABŞ və İran arasında dolayı nüvə danışıqlarının ikinci turu başa çatıb. İran mediasının məlumatına görə, danışıqlarda iştirak edən İran diplomatlarının avtomobilləri müzakirələrin keçirildiyi ərazini tərk edib.
İran xarici işlər naziri Abbas Əraqçi Cenevrədə ABŞ-la dolayı nüvə danışıqlarının ikinci turundan sonra jurnalistlərə açıqlamasında bildirib ki, İran və ABŞ bir sıra əsas prinsiplər barədə razılığa gəlib. Əraqçi diqqətə çatdırıb ki, yaxşı irəliləyiş əldə olunub, potensial razılaşma bu prinsiplər üzrə müəyyən ediləcək.
XİN rəhbərinin sözlərinə görə, lakin bu o demək deyil ki, tezliklə razılaşma əldə olunacaq: “Amma yola artıq başlamışıq. Razılaşmanın mətnini müəyyən etməyə gəldikdə isə bu iş bir qədər çətin olur”.
Nazir vurğulayıb ki, bu danışıqlarda əvvəlki raundla müqayisədə daha ciddi məsələlər müzakirə olunub, ötən dəfəyə nisbətən daha müsbət atmosfer hökm sürüb.
Əraqçi danışıqların növbəti raundu üçün vaxt təyin olunmadığını da qeyd edib.
“Qərara gəldik ki, tərəflər mətnlər üzərində çalışsın, daha sonra danışıqların üçüncü raundu təyin olunsun. Görülməli işlər barədə daha aydın təsəvvürümüz var. Elə mövzular var ki, tərəflərin bu məsələlərdə mövqelərinin bir-birinə yaxınlaşması zaman aparır. Amma bizim bir prinsipimiz var ki, hər iki tərəf də o prinsip əsasında hərəkət edir”, - İran XİN rəhbəri əlavə edib.
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens də “Fox News”a müsahibəsi zamanı danışıqların yaxşı keçdiyini deyib. “Cenevrədə ABŞ və İran nümayəndələri arasında nüvə məsələsi ilə bağlı dolayı danışıqlar bəzi aspektlərdə yaxşı keçib. Lakin Tehran hələ ABŞ prezidenti Donald Trampın müəyyən etdiyi bir neçə prinsipial mövqeyi qəbul etməyə hazır deyil”.
"Bəzi aspektlərdə hər şey yaxşı keçdi və onlar daha sonra görüşməyə razı oldular. Lakin digər aspektlərdə prezidentin iranlıların hələ qəbul etmək və ya həll etmək istəmədiyi bir neçə qırmızı xətti qeyd etməsi çox aydın idi", - o əlavə edib.
O, həmçinin vurğulayıb ki, Vaşinqton Yaxın Şərqdə nüvə silahlarının yayılmasının qarşısını almağı prioritet hesab edir. Çünki Tehranın nüvə bombası əldə etməsi regionda nəzarətsiz silahlanma yarışına səbəb olacaq.
"ABŞ-ın müəyyən qırmızı xətləri var. Burada əsas marağımız İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Biz nüvə silahının yayılmasını istəmirik. Əgər İran nüvə silahı əldə edərsə, onlardan sonra bəziləri dost, bəziləri o qədər də dost olmayan nüvə silahı əldə etmək istəyən çoxsaylı tərəflər olacaq. Bu, ABŞ xalqı üçün fəlakətli olardı", - Vens deyib.
“Iran International” portalı isə mənbələrə istinadən məlumat yayıb ki, İran hakimiyyəti uranın zənginləşdirilməsini dayandırmağa və ehtiyatlarının bir hissəsini ixrac etməyə hazır olduğunu bildirib.
Məlumata görə, İran rəsmiləri regional tərəfdaşlarla müzakirələrdə uranın zənginləşdirilməsini üç ilə qədər dayandırmaq barədə razılığa gələ biləcəklərini bildiriblər.
Bundan əlavə, Tehran ehtiyatlarının bir hissəsini Rusiya kimi üçüncü tərəfə ötürmək imkanını nəzərdən keçirir.
Danışıqların getdiyi vaxt İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampı hədələyib. Xamenei çıxışında bildirib ki, Tramp davamlı şəkildə ABŞ ordusunun dünyada ən güclü olduğunu deyir.
“Amma dünyanın ən güclü ordusu da bəzən elə bir şillə yeyə bilər ki, yerindən qalxa bilməz. Hər dəfə İrana döyüş gəmisi göndərdiklərini deyirlər. Əlbəttə ki, bu döyüş gəmiləri çox təhlükəlidir. Lakin gəmilərdən daha təhlükəlisi onları dənizin dibinə göndərə bilən silahdır”, - Xamenei qeyd edib.
O, Trampın İran İslam Respublikasını məhv edə bilməyəcəyini vurğulayıb.
“ABŞ Prezidenti son çıxışlarından birində 47 ildir İslam Respublikasını məhv edə bilmədiyindən öz xalqına şikayət edir. Bu, yaxşı etirafdır. Mən də ona deyirəm: Sən də bu işi görə bilməyəcəksən!”, - Xamenei əlavə edib.
Bu tərəfdən isə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İranla mümkün razılaşma yalnız sərt və konkret şərtlər əsasında qəbul edilə bilər.
Onun sözlərinə görə, hər hansı saziş təkcə İsrailin deyil, həm də ABŞ və bütövlükdə beynəlxalq təhlükəsizliyin maraqlarına cavab verməlidir.
Netanyahu ilk şərt kimi İranın bütün zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmasını göstərib. İkinci tələb isə uranın zənginləşdirilməsi imkanlarının tam aradan qaldırılması, yəni prosesin sadəcə dayandırılması yox, bu məqsədə xidmət edən avadanlıq və infrastrukturun demontaj edilməsidir.
Baş nazir üçüncü komponent kimi İranın ballistik raket proqramının məhdudlaşdırılmasını qeyd edib. O vurğulayıb ki, raket texnologiyasına nəzarət rejiminə əsasən 300 kilometrlik məhdudiyyətə əməl olunmalıdır və Tehran bu çərçivəyə riayət etmir.
Netanyahu həmçinin İranın regionda formalaşdırdığı və “terror oxu” adlandırdığı şəbəkənin tamamilə ləğv edilməsinin vacib olduğunu bildirib. Onun sözlərinə görə, bu struktur zəiflədilsə də, hələ də mövcuddur və yenidən güclənməyə çalışır.
Bununla yanaşı, İsrail hökumət başçısı qeyd edib ki, ABŞ Prezidenti Donald Trump İrana razılaşma üçün daha bir şans vermək niyyətindədir və diplomatik imkanların tam tükənməsini istəyir.
Mövzu ilə bağlı qəzetimizə danışan politoloq Bakir Həsənbəyli deyib ki, İsrailin Baş naziri Benyamin Netanyahu İranla hər hansı potensial razılaşma təkcə İsrailin deyil, həm də ABŞ-ın və bütün dünyanın təhlükəsizliyini təmin edən ciddi şərtlərə cavab verməli olduğunu deyib. Baş nazir əlavə edib ki, əgər razılığa gəlmək istəyiriksə, o zaman Tehran bir sıra şərtləri yerinə yetirməlidir: “Əslində özünün də qeyd etdiyi kimi Netanyahunun təklifləri yalnız İsrailin təhlükəsizliyi üçün deyil, həm də ABŞ-ın, regionun və bütün dünyanın təhlükəsizliyi üçün vacib hesab edilməlidir. İran bütün zənginləşdirilmiş uranı ölkədən çıxarmalı, zənginləşdirmə avadanlığının və infrastrukturu tamamilə sökməli, ballistic raket proqramı həll edilməli, Tehran raket texnologiyalarına nəzarət rejimini 300 kilometrlik limitə qədər endirməli, terror oxu məhv edilməlidir. Trampın Tehranla danışıqlarının nəticəsiz qalacağı təqdirdə Netanyahu İranın raket obyektlərinə zərbələr endirmək haqqını özündə saxlayır. Onu daqeyd edim ki, ABŞ Prezidenti danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə İsrailin İranın raket obyektlərinə zərbələrini dəstəkləyəcəyini Netanyahuya vəd edib. Trampın irəli sürdüyü şərtlər İranla daha yaxşı razılaşma üçün imkan yarada bilər. Netanyahunun Trumpın İranla bağlı şərtlərini yaxşı razılaşma üçün imkan kimi qiymətləndirməsi əslində həm taktiki, həm də strateji mesajdır. Bu açıqlama bir tərəfdən Vaşinqtonla sıx koordinasiyanı nümayiş etdirir, digər tərəfdən isə Tehrana yönəlmiş siqnal xarakteri daşıyır. Netanyahunun siyasi xətti uzun illərdir ki, İranın nüvə proqramına qarşı maksimal təzyiq strategiyası üzərində qurulub. O, hələ 2015-ci ildə imzalanmış planı tənqid etmişdi. Tramp administrasiyasının 2018-ci ildə sazişdən çıxmasını isə açıq şəkildə dəstəkləmişdi. Bu baxımdan, Trampın daha sərt şərtlərlə yeni anlaşma ideyası Netanyahunun mövqeyi ilə üst-üstə düşür. Tramp təzyiq mexanizmləri ilə danışıqlara getməyi Netanyahu tərəfindən İsrailin təhlükəsizlik maraqlarına uyğun platforma kimi görülür. İsrail baş naziri üçün ABŞ prezidentinin açıq dəstəyi həm beynəlxalq legitimlik, həm də daxili siyasi dayaqlar baxımından əhəmiyyətlidir. Netanyahunun nikbin tonu daha çox siyasi koordinasiya və strateji mövqe nümayişi kimi görünür. Nəticəni isə ABŞ-İran danışıqlarının sonucu müəyyən edəcək".
Bu arada Talibanın sözçüsü Zəbiullah Mücahid məlumat yayıb ki, ABŞ İrana hücum edəcəyi təqdirdə Taliban Tehrana yardım və dəstək göstərməyə hazırdır.
“Müraciət olarsa, əfqan xalqı İranla əməkdaşlıq edəcək, amma bu, avtomatik olaraq Talibanın ABŞ-a qarşı cavab müharibəsində iştirakına səbəb olacağı demək deyil”, - Mücahid bildirib.
Mücahidin fikrinə münasibət bildirən politoloq Çingiz Şahbazi deyib ki, Talibanın bəyanatı daha çox siyasi xarakter daşıyır və bəyanatda da deyildiyi kimi, bu avtomatik olaraq ABŞ-a qarşı müharibə olacağı təqdirdə, həmən müharibəyə qoşulmaq anlamı daşımır. Amma, İranın müraciəti əsasında Taliban bu müraciəti dəyərləndirə bilər, kimi bir sətiraltı şərt qoyur.
Politoloq deyib ki, Taliban hökuməti əslində beynəlxalq aləmdə rəsmi olaraq tanınmayıb. Yəni de-yure Taliban hökuməti BMT-də tanınmasa da, de-fakto Əfqanıstan dövlətində hakimiyyəti onlar idarə edirlər. ABŞ isə 2021-ci ildə Əfqanıstanı tərk edib və ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlaması nəticəsində Talibanın İrana açıq şəkildə dəstək verecəyi təqdirdə , əlbəttə ki, bunlar hərbi və logistik yardımlar ola bilər, ABŞ-ın belə bir vəziyyətdə mümkün cavabı gecikməyəcək, düşüncəsindəyəm və ABŞ Taliban rəhbərliyinə qarşı daha sərt mövqe nümayiş etdirərək əlavə maliyyə və səyahət sanksiyaları tətbiq edə bilər: "Əlbəttə ki, Taliban, ABŞ maraqlarına hər hansı bir təhlükə yaradarsa, bu onların özləri üçün çox təhlükəli addım ola bilər və ABŞ-ın həmçinin Əfqanıstanı bombalamaq ehtimalı yarana bilər. Doğrudur, bu zəif ehtimalıdır, amma, belə bir vəziyyət əvvəllər Əl-Qaidəyə və onun liderlərinə qarşı ABŞ tərəfindən tətbiq olunub. Əlbəttə ki ABŞ-ın bölgədə müttəfiqləri mövcuddur və Pakistan və yaxud da Körfəz ölkələri vasitəsilə Talibana təzyiq mexanizmi tətbiq edəcəyi daha çox ehtimal olunur.
Əgər Taliban ABŞ qüvvələrinə qarşı birbaşa hücum edərsə, yəni söhbət aktiv hərbi qarşıdurmadan gedir, əslində ABŞ-ın yenidən Əfqanıstan müharibəsinə qayıtmaq fikri yoxdur, o zaman ABŞ Əfqanıstanda olan Taliban qüvvələrinə qarşı uzaqdan zərbələr endirmə kimi əməliyatlara başlaya bilər. Taliban sözçüsünün bəyanatında yer alan İrana dəstək, əslində, regional İslam həmrəyliyi ritorikası olaraq qəbul edilə bilər.
Burada həmçinin ABŞ-ı ittiham etmək kimi bir niyyətin olması da gözdən qaçmır və bu səbəbdən regional platformalara, siyasi mövqe olaraq mesaj göndərmək təşəbbüsündən çıxış edir. Doğrudur, Taliban hökumətinin ABŞ-la birbaşa müharibəyə girməsi çox risklidir və Əfqanıstan iqtisadi və hərbi baxımdan belə bir qarşıdurmaya hazır deyil. Amma, Taliban birbaşa ordu göndərməsə də, ideoloji çağrışlarla fərdi döyüşçülərin İrana dəstək üçün getməsinə göz yuma bilər. İrana kəşfiyyat məlumatları ötürə bilər. Logistik dəstək verə bilər və sairə. Bütün bunlar müharibənin genişmiqyaslı olması üçün əlavə zəmin yaradır və hesab etmək olar ki, ABŞ bu kimi məsələlərdən dolayı ehtiyatlı davranmağa üstünlük verəcək".
Cavid