İrana BMT-də etimadsızlıq siqnalı
18 Fevral 23:55

Azərbaycana dost olan ölkələrdən biri də Serbiyadır. İki ölkə arasında əlaqələr zaman keçdikcə genişlənir. Prezident İlham Əliyevin Serbiya səfəri iki ölkə münasibətlərinin daha da irəliyə aparılmasında mühüm addım oldu.
“Xalq Cəbhəsi” Prezidentin Serbiya səfəri, Azərbaycan-Serbiya münasibətlərinin əhəmiyyəti barədə millət vəkilləri və politoloqlarla müzakirə aparıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib ki, müstəqillik qazandıqdan sonra Azərbaycanın dost siyahısına Serbiya da əlavə olundu: “Hər iki tərəf mehriban qonşuluğa, müttəfiqliyə maraq göstərdiklərini bildirdilər. Beynəlxalq birlikdə bir çox məsələlərdə bizim mövqeyimiz eynidir, milli maraqlarımızın ortaq nöqtələrini tapa bilirik”.
Əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkan
Deputat vurğulayıb ki, bu səfər iki ölkə arasında əlaqələrin daha da genişlənməsi üçün imkan yaradır: “Cənab Prezidentin orada “hökumət üzvlərinin yarısı buradadır, mən onlara tapşırıq verirəm qaldırılan məsələlərin həlli ilə bağlı daha ciddi məşğul olsunlar” deməsi o deməkdir ki, Azərbaycan öz öhdəliyinə həmişə sadiqdir və Serbiya Azərbaycan, Azərbaycan Serbiya münasibətlərinin möhkəmlənməsində həmişə öz üzərinə düşən vəzifəni yerinə yetirmək üçün çalışır. Serbiya rəhbərinin cənab Prezidentə verdiyi yüksək qiymət isə onu göstərir ki, dünya Azərbaycanı, onun liderinin fəaliyyətini tək Azərbaycan üçün deyil, dünya üçün nə qədər səmərəli olduğunu bir daha vurğulayır”.
Qarşılıqlı hörmət prinsipi
Milli Məclisin deputatı Müşfiq Cəfərov qeyd edib ki, Azərbaycan-Serbiya münasibətləri daima tərəfdaşlıq, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır: “Hazırda iki ölkə arasında əlaqələr dövrünün ən yüksək səviyyəsinə yüksəlib. Bugünkü uğurlu əməkdaşlıqda liderlərin siyasi iradəsi, qarşılıqlı etimadı və müntəzəm təmasları mühüm rol oynayır. Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri də iki dövlət arasındakı əməkdaşlıq və tərəfdaşlığın davamlı və yüksələn xətt üzrə inkişaf etdiyinin bir daha təsdiqidir”.
M.Cəfərov diqqətə çatdırıb ki, Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının baş tutması ikitərəfli əlaqələrin daha da gücləndirilməsi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və konkret layihələr üzrə əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı: “Tədbirdə Prezident Aleksandar Vuçiçin dövlətimiz və cənab Prezident İlham Əliyevin haqqında dedikləri, həm dövlətimiz, həm də dövlət başçımızın artan beynəlxalq nüfuzunun və qlobal liderliyinin təsdiqi idi. Azərbaycan ilə Serbiya arasında əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur. Bir çox yeni istiqamətlər üzrə əməkdaşlıqların genişlənməsi Azərbaycanın Avropa məkanında mövqelərini daha da möhkəmləndirə, ixrac imkanlarını artıra və iqtisadi şaxələndirməyə əlavə töhfə verə bilər”.
“Bu proses hər iki xalqın maraqlarına xidmət edir”
Onun sözlərinə görə, həmçinin Serbiya ilə münasibətlərin çoxtərəfli inkişafı Balkan regionu ilə əlaqələrin genişlənməsi baxımından da strateji əhəmiyyət daşıyacaq: “Azərbaycan–Serbiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir və bu proses hər iki xalqın maraqlarına xidmət edir. Prezident İlham Əliyevin Serbiyaya səfəri həm də onunla yadda qaldı ki, siyasi əlaqələr fonunda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və milli maraqlarımızın təmin olunması Azərbaycanın xarici siyasətinin mühüm uğurudur”.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib ki, Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri Bakının Avropa siyasətində Balkanların rolunu artırmaq niyyətinin açıq göstəricisidir: “Aleksandar Vuçiçlə formalaşmış şəxsi siyasi dialoq iki ölkə arasında münasibətləri klassik diplomatik çərçivədən çıxararaq strateji səviyyəyə yüksəldib. Azərbaycan Serbiyanı həm Avropa ilə əlaqələrdə etibarlı tərəfdaş, həm də suverenlik məsələlərində ortaq mövqeyə malik ölkə kimi qiymətləndirir. Bu səfər göstərir ki, Bakı regiondaxili balansları deyil, Avropa miqyasında mövqelərini gücləndirəcək tərəfdaşlıqlara üstünlük verir”.
Balkanlarda iqtisadi təsir imkanları
Z.Qarayeva vurğulayıb ki, əməkdaşlığın əsas yükü isə real iqtisadi və enerji layihələrinin üzərinə düşür: “Azərbaycan qazının Serbiyaya ixracının genişləndirilməsi, elektrik enerjisi istehsalı üzrə birgə təşəbbüslər və bərpaolunan enerji sahəsində mümkün layihələr münasibətlərə yeni məzmun qazandırır. Eyni zamanda, Azərbaycan sərmayələrinin Serbiyaya yönəlməsi Balkanlarda Bakının iqtisadi təsir imkanlarını artırır. Bu kontekstdə səfər təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, Azərbaycanın Avropanın enerji və iqtisadi təhlükəsizlik xəritəsində mövqeyini möhkəmləndirən strateji addım kimi dəyərləndirilir”.
Balkan istiqamətində aktivləşmə
Siyasi şərhçi Alim Nəsirov söyləyib ki, Azərbaycanın Serbiya ilə münasibətlərini genişləndirməsi təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində qiymətləndirilməməlidir: “Bu proses Bakının son illərdə formalaşdırdığı geoiqtisadi strategiyanın davamıdır. Azərbaycan artıq enerji resurslarını sadəcə ixrac edən ölkə deyil, həm də kapital və infrastruktur layihələri vasitəsilə yeni bazarlarda möhkəmlənən aktora çevrilib. Balkan istiqamətində aktivləşmə göstərir ki, Bakı Avropa enerji təhlükəsizliyi arxitekturasında rolunu genişləndirmək niyyətindədir və bu istiqamətdə konkret addımlar atır”.
A.Nəsirov bildirib ki, Serbiya ilə əməkdaşlıq Azərbaycanın artan iqtisadi gücünün və siyasi manevr imkanlarının nəticəsidir: “Enerji ixracının artırılması, birgə istehsal və investisiya layihələrinin gündəmə gəlməsi Bakının artıq regional təşəbbüskar kimi çıxış etdiyini göstərir. Bu, həm də Azərbaycanın postmüharibə dövründə möhkəmlənmiş iqtisadi dayanıqlığının xarici siyasətdə praktik nəticəyə çevrilməsidir. Balkanlarda mövqe qazanmaq Azərbaycanın geosiyasi çəkisini artırır və onu daha geniş Avrasiya məkanında təsir imkanlarına malik aktora çevirir”.
Röya İsrafilova