Tehranda 8 türk dil haqları fəalı məhkəməyə çıxarılıb Güney Azərbaycan

Tehranda 8 türk dil haqları fəalı məhkəməyə çıxarılıb

Cəfər Afşarniyan: "Məncə Azərbaycan və digər qeyri-fars bölgələrdə hakim hər kəsi separatçı kimi tanıyıb"

Cavid

2014-cü il fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Dünya Ana Dili Günü mərasiminə qatıldıqları zaman həbsə alınmış və daha sonra zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmış 8 türk dil haqları müdafiəçisi iyunun 16-da məhkəməyə çıxarılıblar.
Bu haqda məlumatı internet xəbər portalları məhkəməyə çıxarılan fəallardan biri Əlirza Fərşiyə istinadən yayıblar.
Yayılan məlumata istinadən hakim Həsəninin sədrliyi altında təşkil olunan inqilab məhkəməsində Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Mənafi, Mənsur Fəthi, Mahmud Ocaqlı, Rustəm Kazımpur və Əziz Fərşi "milli təhlükəsizliyi pozmaq məqsədilə cəmiyyət təşkilində iştirak etmək" ittihamı ilə mühakimə olunurlar.
Əlirza Fərşinin bildirdiyinə görə, vəkil Cəfər Afşarniya tərəfindən müdafiə edilən müttəhimlərin altısının mühakiməsi bu gün tamamlanıb. Lakin iş vaxtının bitdiyinə görə, Əlirza Fərşi və Mənsur Fəthinin mühakiməsi gələn həftəyə qədər təxirə salınıb.
Bu fəallar 2014-cü ilin fevral ayında Dünya Ana Dili Gününü qeyd etmək üçün Mənsur Fəthinin anasının evində bir araya gəldikləri zaman təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdilər. Onlar bir neçə ay Evin həbsxanasında sorğu-suala çəkilərək nəzarətdə saxlanıldıqdan sonra pul müqabilində zaminə buraxılıblar.
Hüquqşünas Cəfər Afşarniyan isə bildirib ki, yeni qanunda insanları separatçılığa təhrik edənlər siyasi müttəhim sayılmır. Məncə Azərbaycan və digər qeyri-fars bölgələrdə hakim hər kəsi separatçı kimi tanıyıb, onu bu qanunda verilən haqlardan məhrum edə bilər," deyə vəkil Cəfər Afşarniya İranda bu yaxında icraya qoyulduğu bildirilən siyasi qanun pozuntularına dair qanunun məhkəməyə çıxarılan türk fəalların durumuna çox təsir buraxmayacağını söyləyir.
Tehrandan Amerikanın Səsinə danışan hüquqşünas bu yaxınlarda prezident Həsən Ruhaninin icraya qoyulduğunu açıqladığı "siyasi təqsir" qanununun müsbət və mənfi cəhətlərini şərh edib.
Afşarniyanın dediklərinə görə, siyasi qanun pozuntularına dair layihə təqribən 15 il öncə islahatçıların parlamentdə əksəriyyətdə olduğu dönəm məclisə təqdim edilib. Amma o, hazırda qəbul edilən qanunun ilkin layihədən xeyli fərqləndiyini önə çəkir:
"İlkin layihə çox güclü və tam idi. Amma, indiki layihənin çox maddələri konstitusiyaya qarşı sayılaraq çıxarılıb... Bu qanun usulgeraların (mühafizəkarlar) əksəriyyətdə olduğu parlamentdə qəbul olunub. Bunların baxışı siyasi suç məsələsinə dar bir baxışdır...Layihə prezident tərəfindən açıqlanıb və rəsmi qəzetdə yayılıb. Rəsmi qəzetdə yayıldıqdan 15 gün sonra icraya qoyulacaqdır.
Cəfər Afşarniya Tehran və Azərbaycan vilayətlərində mühakimə edilən bir çox türk fəalın vəkili olub. Onun söylədiklərinə görə, yeni qanun onun müdafiə etdiyi müttəhimlərin durumuna müəyyən dərəcədə təsir buraxa bilər:
"Hakimiyyət bu günə qədər bu qanunu və əsasən siyasi suçu qəbul etmirdi. Buna görə ki bütün siyasi suçları təhlükəsizlik suç sayıb İnqilab Məhkəmələrində cəza verirdilər. Hakimiyyətə beynəlxalq insan haqları qurumları tərəfindən sual veriləndə, bizim siyasi məhbusumuz yoxdur deyə cavab verirdi. Amma indi müəyyənləşdikdən sonra heç olmasa bəzi məhkumlarla siyasi məhbus kimi davranmağa məcburdurlar.
Mən İran məhkəmələrində bu durumda olan azı 60 müttəhim, o cümlədən türk fəalların vəkili olmuşam. Bunları digər məhbuslardan ayırmırdılar. Ağır şəraitdə saxlayırdılar və İnqilab Məhkəmələrində mühakimə edirdilər.
İndiki qanunda siyasi məhbuslar digər məhbuslardan ayrı saxlanılmalıdır, zindan geyimi geydirilməməli, görüşmə haqları, vəkil haqları, qəzet, kitab və TV təmin edilməlidir və ən önəmlisi, İnqilab Məhkəmələrində mühakimə edilməməlidirlər."