İran Təbrizdəki aksiyanın şokundan çıxa bilmir Güney Azərbaycan

İran Təbrizdəki aksiyanın şokundan çıxa bilmir

20-dən artıq etirazçı ETTELAAT həbsxanalarında sorğu-suala çəkilib

Urmiyə və Təbriz şəhərlərində İran İslam Respublikasının Urmiyə gölü ətrafında ekoloji fəlakətlə bağlı siyasətinə qarşı baş verən kütləvi etirazlardan sonra iki şəhərdə hələ də təhlükəsizliklə bağlı vəziyyətin gərgin olduğu bildirilir.
Azərbaycan veb səhifələrinin yaydığı məlumata görə, Təbriz və Urmiyədən əlavə, Şərqi Azərbaycan və Qərbi Azərbaycanın bəzi digər şəhərlərində də əsas küçələr polis və təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır.
Aksiyalar zamanı nəzarət altına alınmış bəzi etirazçılar sərbəst buraxılsa da, 20-dən çox milli fəalın hazırda ETTELAAT-ın Təbriz və Urmiyədəki həbsxanalarında sorğu-sual edildiyi ilə bağlı xəbərlər yayılıb.
Hüquq müdafiəçilərinin yaydığı məlumatlarda həbs edilənlər arasında Nima Həsəni, Məhəmməd Məhəmmədi, Ata Kərimi, Milad Muxtari, Ruhullah Məzahiripur, Əmir İbrahimli, Yasin Hacızadə, Ehsan Bədirmilan, Yasir Əkbəri, Mustafa Haşimi, Mir Yasin Hüseyni, Əkbər Əbulzadə, Nima Abbaspur, Arman Zakir, Əfşin İsmayılzadə, Süheyl Qadiri, Tovhid Muqənni və Vəhid Vəlizadə kimi fəalların adları qeyd edilib.
OyanNews veb səhifəsinin yazdığına görə, etirazçılar Urmiyə gölünün qurumasını İran dövləti və məclisinin məsuliyyətsiz davranması ilə əlaqələndiriblər.
Etiraz aksiyalarında "Urmu gölü susuzdu, Azərbaycan oyanmasa uduzdu", "Urmu gölü səslənir; susuzam haray haray" və "Urmu gölü can verir, məclis onun qətlinə fərman verir" kimi şüarlar səsləndirilib.
Son məlumatlara görə, Təbrizdə tutulan azərbaycanlı fəallardan 5-nə 1 ay həbs verilib. Təbriz məhkəməsi fəallar Miryasin Hüseyni, Əkbər Əbülzadə, Nima Abbaspur, Abdulla Nuri və Vəhid Vəlizadəni əlbir olaraq ictimai asayişi pozmaqda günahlandıraraq 1 ay müddətinə azadlıqdan məhrum edib.
Məhbus fəallar Təbrizin mərkəzi zindanına köçürülüb.
Təbrizdəki aksiyadan narahat olan rejim hətta üzrlü səbəblərdən aksiyada iştirak edə bilməyən milli fəallara qarşı da təzyiqləri artırıb. Rejim məhkəməsi azərbaycanlı milli-mədəni fəallar Məhəmməd Təməddün, Yasir Əkbəri, Davud Əzimzadə və Bəhmən Xaliqiyə çağırış göndərib.
Keçən ay saxlanılaraq məhkəməyə aparılan M.Təməddün və Y.Əkbəri də Urmiyə məhkəməsinə çağırılıb.
Qeyd edək ki, "Pantürkist siyasi cərəyanları dəstəkləmək" ittihamı ilə suçlanan fəallar mayın 8-də Urmiyənin Qədir stadionunda beynəlxalq karate müsabiqəsi zamanı saxlanılıb və polis idarəsinə, sonra isə Urmiyə məhkəməsinə aparılmışdır.
Digər xəbərə əsasən, azərbaycanlı milli-mədəni fəallar Davud Əzimzadə və Bəhmən Xaliqi zindana çağırılıb. Marağa məhkəməsi hər iki fəalın zaminlərini hədələməklə onların tezliklə zindana gəlmələrini tələb edib.
Qeyd edək ki, azərbaycanlı fəallar heç bir günahı olmadan tutulub və həbsə məhkum ediliblər. Onlar Azərbaycan ərazilərini işğal etmiş Ermənistanla münasibətlərin genişlənməsinə qarşı çıxdıqları üçün həbs olunublar. Davud Əzimzadə 1 il həbsə və 1 il şərti həbsə məhkum edilib. Bəhmən Xaliqi isə 6 ay həbsə və 6 ay şərti həbsə məhkum edilib.