İran rəsmisi “Xəzər” dənizinin adını dəyişməyi təklif edir Güney Azərbaycan

İran rəsmisi “Xəzər” dənizinin adını dəyişməyi təklif edir

İran prezidentinin milli və dini azlıqların işləri üzrə yardımçısı Əli Yunisi "İran kimliyi" mövzusunda keçirilən konfransda sensasion açıqlamaları ilə diqqət çəkib.
O bildirib ki, İran yaylası bütün İran millətlərinin, mədəniyyətinin və dillərinin qabıdır. "Kiçik mədəniyyətlər və kiçik millətlər başqa yerlərdən gəlsələr də, zaman-zaman onların dil və mədəniyyətləri iranlılaşıb"-deyə, prezident köməkçisi bildirib.
Ə.Yunisi türk kimliyini inkar edərək bir daha türkləri "azərilər" adlandırıb. "Azərilər ən qədim İran qövmlərindən biridir və onlar İran imperatorluğunun qurucularından olublar. Bəzi azərilər türk dilini qəbul edib, lakin bu dil İran yaylasına daxil olduqda iranlılaşıb və başqa ölkələrin türkcəsi ilə fərqlənib"-İran rəsmisi deyib.
İranda coğrafi adların dəyişdirilməsi prosesinin yeni vüsət aldığı bir vaxtda Yunisi başqa bir arzusunu da dilə gətirib. Bildirib ki, "yaxşı olardı "Xəzər" adının yerinə "Kaspian" adından istifadə edək! Bütün dünya da onu bu adla tanıyır".
Gün.Az TV-nin xəbərinə görə, İran yaylasının böyük bir əraziyə malik olduğunu deyən Yunisi İraqla bağlı da iddialı çıxış edib: "İraq sadəcə bizim mədəniyyət hövzəmizdə deyil, o bizim kimlik, mədəniyyət, mərkəz və paytaxtımızdır. Bu məsələ həm indi belədir, həm də keçmişdə belə olub".
Yunisi öz çıxışında türklərə qarşı nifrətini başqa bir şəkildə də dilə gətirib. O vurğulayıb ki, "İran yaylasında yaşayanların hamısına dəstək verəcəyik və onları islam fanatizmi, təkfirçilik, yeni Osmanlıçılıq, vəhabilik, Qərb istilası və sionizmdən qoruyacağıq".
Bir daha qeyd edək ki, Əli Yunisi İran prezidenti Həsən Ruhaninin milli və dini azlıqların işləri üzrə yardımçısıdır. O, İranda yaşayan millətlərin problemlərini həll etmək əvəzinə, onları dövlət zərbəsi altında qoyur. İrandakı millətləri "qövm" adlandıran prezident yardımçısı hər bir fürsətdə fars dilindən başqa digər dilləri etibarsız göstərmək üçün ağlasığmaz dəlil və sübutlardan istifadə etməyə çalışır.