Güney Azərbaycanın hayqıran səsi Güney Azərbaycan

Güney Azərbaycanın hayqıran səsi

Məlihə Əzizpur. Çağdaş Güney Azərbaycan ədəbiyyatının ünlü isimlərindən biri kimi erkən yaşlarından məşhurluq qazanmışdır. Onun "Mənə bir küçə bağışla" və "Su pıçıltısı" şeir kitabları Bakıda olunub. Hər iki kitabda İranda mollakratiya rejimi tərəfindən çapına icazə verilməyən şerləri toplanıb. Bununla yanaşı Məlihə Əzizpurun "Yağmur", "Dəmir sevgi", "Yasaq duyğular", "14 qələm bəzənmiş ay", "Göy göz tanrı" şeir kitabları "Ağ gecə" hekayələr toplusu Güney Azərbaycanda çap edilib. .
Məlihə Əzizpur 1979-cu ildə Güney Azərbaycanının gözəl diyarlarından biri olan Əhər şəhərində anadan olub. Təbrizdə boya-başa çatıb və psixologiya sahəsində magistr dərəcəsi alıb. O, 17 yaşından şeir yazır və indiyə kimi 13 kitab müəllifidir. Məlihə Əzizpur poeziya ilə yanaşı Təbrizdə çap olunan qəzetlərlə yanaşı, "Əsri Azadi", "Mehri Binab", "Əhrar", "Ulduz", "Asan", "Nəsimi Qaradağ", "Afitabi Azərbaycan" və "Avayi Meşov" adlı həftəlik dərgilərdə müxtəlif mövzularda fikir və düşüncələrini dərc etdirib. Məlihə xanımın fikrincə, şeir insanın həyat və yaşayışının aynasıdır: "İnsanda ədalət, həsrət, üsyan və sevgi kimi duyğular mövcuddur və mənim də şeirlərimdə bunların yeri var. Şeirlərim Güney Azərbaycanı tərənnüm edir. Bu şerlər Güneydəki acı hisslər, "yurdsevərlik və üsyan harayıdır. Mənim şerlərimin böyük hərfi məhz Vətəndir".

Mənə bir küçə bağışla
Mənə bir küçə bağışla!
Tam dənizə açılsın gözü
Martılar keçsin xəyalından
Səhər-axşam…
Və uzaqdan gələn gəmilərin səsi ilə
Döyünsün ürəyi.
Mənə bir küçə bağışla!
Yolçuların ayaq səsi ilə oyansın,
Mahnı səsi ilə oynasın,
Və bir sevda xəyalı ilə uyusun…
Mənə bir küçə bağışla!
Gözlərindən, ürəyinə
Köçə biləcəyim bir küçə…

Bura ət bazarı!
Kimisi göz,
Kimisi dil,
Kimisi beyin,
Kimisi boyun,
Kimisi qursaq…
Və ayrıca
Neçə batman kimiləri,
Baha – baha döşəniblər tabaqlara…
Bura ət bazarı!
Özlük ucuzluğu,
Alana minnət…
Daha çıldırmışam nanay nay…!
İndi mənim o yerimdir
Dünyanı təp – çevir edəm.
Nə olacaq?
Məni tutub asacaqlar
Ya, canımı alacaqlar?!
Bax… indicə
Sədaqəti suya qatıb içəcəyəm,
Həqiqəti bəllələyib yeyəcəyəm.
Nə vecimə,
Boğazımdamı qalacaq,
Yoxsa, kəkliyim azacaq?!
Daha çıldırmışam nanay… nay…!
Əlimi lap uca yerə qoymuşam.
Dəliliyimin, son nöqtəsini qoymuşam,
Bu qonunu, saf vicdandan duymuşam:
"Yaşam, çapıb – çapılmaqdadır,
Çapmasan, çapılacaqsan"…
Çıldırmışam daha,
Nanay… nay…

Kimdən miras qaldı mənə
Kimdən miras qaldı mənə,
Bu, varlığıma qanıq verməyən yaşam.
Bu, yaşamıma qanıq verməyən varlıq?!
Taxılmışam saniyələr astanasına
Gələn keçir, gedən keçir üstümdən!
Mən kimin artığını yaşanıram,
Kimin taleyini təkrarlanıram?
Yoxluğa doğru,
Kimin ölümünü tamamlayıram?!

Kimdən miras qaldı mənə,
Bu, ölümümə qanıq verməyən yoxluq.
Bu, yoxluğuma qanıq verməyən ölüm?!
Taxılmışam saniyələr astanasına,
Gələn keçir – gedən keçir üstümdən
Və mən,
Hələ yanıtlananmamışam
Bu gedişin, çiy fəlsəfəsi ilə .

Gecə olsaydım!
Zil qaranlıq
Və sən,
Dolun ay müjdəsi . . .
Gümüş ışınlarınla
Saçlarını darasaydın şam ağaclarının!
Gecə olsaydım!
Gözəl yorğunluq.
Sən, ulduzların sayrışması.
Ürəyim axan bir ulduz axışı...
Qutsasaydım gözlərini,
Geniş bir düşüncə kimi.
Dərin bir soru kimi!
Gecə olsaydım!
Sukuta boğulmüş.
Fışqıran bir mahnı olsaydın,
Düşüncələrimin qatından.
Yumşaq addımlarla gəlib,
Çalsaydın yalqızlığımı...
Əl-ələ gəzsəydik,
Dünyanın bütün küçələrini!

Gecədir!
Duyğularıma səslənirəm əfyun sözcüklərlə.
Sən, sonsuzluğu dəvam edirsən.
Ruhumun dolanbac yollarında...
Gönlüm axır sənə,
Qutsanıram,
Tam içimə qapanıram,
Qap qaranlıq,
Yop yorğun,
Sam sakit
Bir gecə kimi...