"İdmançı üçün əsas keyfiyyət onun vətənpərvərliyidir" İdman

"İdmançı üçün əsas keyfiyyət onun vətənpərvərliyidir"

Pərviz Quliyev: "Yetirmələrimin bir çoxu dünya və Avropa çempionatının, beynəlxalq turnirlərin qalibləridir"

“Ümumiyyətlə, məşqçi - müəllim, sadəcə idmançıya istiqamət verə bilər. Əgər yeniyetmə və ya gəncdə idmana həvəs yoxdursa, o, hər dəfə məşqə çempion olmaq həvəsi ilə gəlmirsə, onda ən yaxşı halda az nəticələrlə kifayət etməli olacaq. Məşqçi ilə idmançının hədəfi eynidirsə, onlar hədəf uğrunda birlikdə çalışmalıdırlar”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində Sumqayıtdakı Buta İdman Klubunun rəhbəri və baş məşqçisi Pərviz Quliyevin səsləndirib..
Xatırladaq ki, Pərviz Quliyev 1986-cı il avqustun 27 - də Sumqayıt şəhərində anadan olub. İbtidai təhsilini Sumqayıt şəhərində yerləşən 28 nömrəli tam orta məktəbdə alıb.1995-ci ildən karatenin şotokan növü ilə məşğul olur.
4 dəfə Respublika çempionu, 1 dəfə Dünya çempionu, Avropa 2- cisi, 3 dəfə Dünya- kubokunun qalibi, 11 dəfə beynəlxalq turnirlərin qalibi olub.
-Buta İdman Klubu nə zaman yaranıb və gənc karateçilərin yetişməsi üçün baza varmı?
-2009-cu ildən məşqçilik etməyə başlamışam. Məşqçi - müəllim kimi kifayət qədər təcrübə yığdıqdan sonra qərara gəldim ki, öz klubumu açım. Bir tərəfdən karate idman növünə olan tələbat, ikinci tərəfdən isə bir müəllim kimi mənim qarşıya qoyduğm məqsəd Buta İdman Klubunun açılmasını zəruri edirdi. Beləliklə, 2016-cı ildə Buta İdman Klubunun əsasını qoydum. Əlbəttə, ilk vaxtlar müəyyən çətinliklər oldu. Amma onların hər birinin öhdəsindən gəldim. Hal - hazırda Buta İdman klubumuz Arpaçay İdman klubunun nəzdində fəaliyyət göstərir. Klubumuzda 100-ə yaxın yeniyetmə və gənc karatenin idman növünün sirlərini öyrənir. Məşqçi - müəllim kimi həmişə qarşıya qoyduğum hədəfim vətənpərvər, sağlam gənclərin yetişdirilməsidir. Klubumuzun peşəkar komandası bir sıra uğurlara imza atıb. Klubumuz həm ölkədə, həm də xaricdə bir sıra yarışlarda iştirak edib, mükafatçılar arasında müxtəlif yerləri qazanıblar.
-Yetirmələrinizdən beynəlxalq yarışlarda Azərbaycanı təmsil edənlər varmı?
-Hər bir müəllimin tələbələri onun təcrübəsinin, bacarığının göstəricisidir. Qazanılan hər bir qələbənin yarısı müəllimin, yarısı isə idmançının payına düşür. Yetirmələrimin içində perspektili idmançılar çoxdur, onların bir çoxu dünya çempionatının, Avropa çempionatının, beynəlxalq turnirlərin qalibləridir.
Onlardan Səlimli Elməddin (11yaş) 5 qat dünya çempionu, 2 qat Avropa çempionudur. Yeri gəlmişkən, Səlimli Elməddin ötən ay Çexiyanın Pardubice şəhərində keçirilən 12-ci Dünya çempionatında ölkəmizi layiqincə təmsil etdi. 4 versiyada döyüşərək hər birində 1 - ciliyə layiq görüldü .
Daha sonra Əlimuradov Nurlan (11 yaş) həm dünya çempionu, həm də Avropa çempionu ,
Göyüşlü Şəhanə ( 12yaş) həm dünya çempionu, həm də Avropa çempionu,
Harun Həşimzadə ( 10 yaş) Avropa çempionu,
İsmayılov Həmid ( 12yaş) dünya çempionu,
İsmayılov Rəşid ( 12 yaş) dünya çempionu,
Əlizadə Səid (11yaş) Avropa çempionu,
Məmmədov Fərid ( 14 yaş) həm dünya çempionu, həm də Avropa çempionu,
İbadov Nihad ( 14 yaş) həm dünya çempionu, həm də Avropa çempionu.
Salahlı Səməd ( 15 yaş) Avropa çempionu.
Aslan Dostuyev ( 15 yaş) dünya çempionu, Avropa çempionu, beynəlxalq turnirlərin qalibi.
Məmmədova Fatimə (14 yaş) beynəlxalq turnirin qalibidir.
Hal-hazırda 9 idmançımız Milli yığma komandamızın üzvüdür. Onlar Dostuyev Aslan, Məmmədova Fatimə, Salahlı Səməd, Hacızadə Fərid, Hacızadə Nuran, Məmmədov Fərid, İbadov Nihad, Nağıyeva Nuraydır.
-Ümumiyyətlə, klubunuzun idmançıları yerli və beynəlxalq yarışlarda nə dərəcədə özlərini təsdiq ediblər.
-Ümumiyyətlə, məşqçi - müəllim, sadəcə idmançıya istiqamət verə bilər. Əgər yeniyetmə və ya gəncdə idmana həvəs yoxdursa, o, hər dəfə məşqə çempion olmaq həvəsi ilə gəlmirsə, onda ən yaxşı halda az nəticələrlə kifayət etməli olacaq. Məşqçi ilə idmançının hədəfi eynidirsə, onlar hədəf uğrunda birlikdə çalışmalıdırlar. İdmançı üçün əsas keyfiyyət onun vətənpərvərliyidir. Hər bir idmançı hamı kimi vətənini sevməlidir. Mən də çalışıram ki, yetirmələrimi ilk növbədə layiqli vətəndaş kimi böyüdüm.
Bugünki gündə qızların idmanla məşğul olması bəzən müzakirələrə səbəb olur. Guya idman zərif cinsin nümayəndələrini kobudlaşdırır. Onu deyərdim ki, karate idman növü ilk növbədə müdafiə vasitəsidir. Özünümüdafiə cinsindən asılı olmayaraq hər kəs üçün vacibdir. Karate idman növü bunun üçün ən yaxşı vasitədir.
İdmanda nizam - intizam olduqca mühümdür. İdmançılar məşqçinin verilən tapşırıqlarına dəqiq əməl etməli, onları tam qüsursuz şəkildə yerinə yetirməlidirlər. Bəzən elə olur ki, yarışda eyni vaxtda müxtəlif tatamilərdə bir məşqçinin iki idmançısı döyüşür. Əlbəttə, müəllimin onların ikisinə də nəzarət etməsi çətin olur. İdmançı özü məşqdə keçirilənləri yadına salmalı, müstəqil mübarizə aparmalıdır.
Qarşıda bizi həm ölkədə ,həm ölkəmizdən kənarda bir çox yarışlar gözləyir... -"Buta"nın idmançıları qarşıdakı hansı yarışlara hazırlaşırlar?
-Bakı İdman Sarayında Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş, Şərq əlbəyaxa döyüş növləri festivalı keçiriləcək. Türkiyənin Konya şəhərində keçiriləcək Dünya çempionatında klubumuzun 3 idmançısı ölkəmizi təmsil edəcək. Dekabr ayında İtaliyada keçirləcək daha bir mötəbər yarışda idmançılarmız çıxış edəcəklər. Onların hər birinə bu yarışlarda uğurlar arzulayıram.
Əli