Samir Əliyev: “Hakimin ya gözləri görmür, ya da...” İdman

Samir Əliyev: “Hakimin ya gözləri görmür, ya da...”

"İstər cavan, istərsə də təcrübəli məşqçilər hakimlərin ucbatından əsəbləşir, özlərindən çıxır və nəticədə cəzalandırılırlar. Bəs hakimləri kim cəzalandırır?" Bu sözləri apasport.az saytına açıqlamasında "Səbail"in baş məşqçisi Samir Əliyev deyib. Əliyev Topaz Premyer Liqasının XXVII turunda "Neftçi" (1:3) ilə qarşılaşmanın gedişində hakimlər briqadasını təhqir etdiyi üçün AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Bu qərarla razı olmayan gənc mütəxəssis hakimlərin onu buna vadar etdiyini söyləyib: "Məğlub olmaq istəmirdik, gülməli səhvlərdən ardıcıl 2 qol buraxdıq. Halbuki hesab açılana qədər pis oynamırdıq. Hakim o ana qədər kobud olmasa da, 2-3 epizodda səhv qərar vermişdi. Gözünün qarşısında top rəqibin oyunçusundan auta çıxdı, qərar bizim əleyhimizə oldu. Bunu özü də gördü, yan xətt hakimi də. Ya gözləri görmür, ya da bilərəkdən bunu edir ki, nəsə edim, cəzalandırsın. Təkcə mən yox, bütün komanda etiraz edirdi. Çünki qərarları ilə hamını özündən çıxarırdı. Mən də özümü saxlaya bilməyib, təhqir etdim. Ancaq oturub fikirləşəndə görürsən ki, xeyri yoxdu. Çünki həmin hakimin səviyyəsi budu. 5 oyunluq cəza və pul cəriməsinə baxanda düşünürsən ki, dəyməz. Hətta təhqir eləməyə belə dəyməz, gərək fikir verməyəsən. Olan mənə, komandaya olur. Halbuki hər oyundan əvvəl futbolçulara tapşırıram ki, hakimə etiraz etməsinlər. Buna görə, klubdaxili cərimələr olur. Demirəm ki, düz eləmişəm. Artıq oldu, keçdi. Çalışacam ki, bundan sonra eyni hərəkəti təkrarlamayım. Hakim də gərək o dərəcəyə çatdırmasın. Təbii ki, bu, məğlubiyyətə bəhanə deyil. Sadəcə, insanların əsəbləri ilə oynamaq olmaz".
S.Əliyevin fikrincə, görüşün baş hakimi Rauf Cabbarov ona qarşı dəfələrlə qərəzli mövqe tutub: "Yenə eyni hakimlərə görə cəzalar... Nə vaxta kimi belə davam edəcək? Rauf Cabbarovla məsələm birinci dəfə deyil. Yəni birdən-birə "partlamadı". Neçə vaxt idi ki, yığılırdı. Çox güman ki, Rauf Cabbarovda mənə qarşı antipatiya var. Bunu hiss eləmişəm. Əvvəlki oyunlarda bunu görürdüm. Yəni Cabbarovun bu qərarları sırf "Neftçi"yə qarşı oyuna görə deyildi. Yəqin ki, bir-birimizə qarşı antipatiyamız var. Bundan əvvəl də dəfələrlə mənə deyirdi ki, səni qovacam".
"Səbail"in çalışdırıcısı AFFA İntizam Komitəsinə qərar verməmişdən əvvəl baş məşqçilərin fikirlərini öyrənməyi təklif edib: "Çox istərdim ki, belə qərarlar verməzdən əvvəl məşqçiləri də, hakimləri də çağırsınlar. Aydınlaşdırsınlar ki, nəyə görə baş məşqçi özündən çıxır. Axı niyə mənə 5 oyunluq cəza verirlər: təhqirə görə? Kim durduğu yerdə başqasını təhqir edir? Bunları araşdırmalıdılar. Bu mənada ciddi tədbir görmək lazımdı".