“Minsk 2019”: Mariya Stadnik yarımfinalda İdman

“Minsk 2019”: Mariya Stadnik yarımfinalda

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.
Olimpiya Oyunlarının üçqat mükafatçısı, dünya və yeddiqat Avropa çempionu Mariya Stadnik (50 kq) mübarizəyə birbaşa 1/4 final mərhələsindən başlayıb. Güləşçimiz bu mərhələdə polşalı Anna Lukasiak üzərində təmiz qələbə qazanaraq (10:0) yarımfinala yüksəlib. Yarımfinalda onun rəqibi türkiyəli Evin Demirhan olacaq.
Digər üç güləşçimiz də 1/8 final mərhələsində ilk görüşlərində qələbə qazanıb. Alyona Kolesnik (57 kq) Macarıstan təmsilçisi Ramona Qalambosu 10:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Lakin güləşçimiz 1/4 finalda bolqarıstanlı Mimi Hristovaya uduzub – 0:6.
Elmira Qəmbərova da (62 kq) 1/8 finalda almaniyalı Lutsi Manskeyə (4:0) qalib gəlib. Növbəti mərhələdə güləşçimizin rəqibi polşalı Katarina Madrovska olacaq.
1/8 finalda yunanıstanlı Aykaterini-Eyrini Pitsiavaya 9:0 hesabı ilə qalib gələn Səbirə Əliyeva (76 kq) 1/4 finalda Böyük Britaniya təmsilçisi Ceorcina Nelthopr ilə qarşılaşacaq.