Beynəlxalq ictimaiyyət üçün təhlükə: Suriya böhranı Dünya

Beynəlxalq ictimaiyyət üçün təhlükə: Suriya böhranı

Onun həlli naminə bütün dünya birgə çalışmalıdır

Cavid

Yaxın Şərqi bürüyən qlobal təhlükəsizlik böhranı milyonlarla qaçqının Suriya və İraqı tərk etməsi ilə gün keçdikcə daha da böyüyür. Bu böhran indi təkcə Suriyanın yaxın qonşularının resurslarını məhdudlaşdırmaqla, sosial və etnik gərginlikləri kəskinləşdirməklə qalmır, eyni zamanda Çin istisna olmaqla, Təhlükəsizlik Şurasının bütün daimi üzvlərinə də birbaşa təsir göstərir. Artıq BMT-nin Təhlükəsizlik Şurasının Almaniya, Hindistan, Yaponiya, Braziliya və Misir kimi potensial daimi üzvlərinin tədbir görmələrinin vaxtıdır.
"Project-syndicate" yazır ki, Suriyanın vətəndaş müharibəsinə siyasi yolla son qoyulması istənilsə də, hansı həll yolundan istifadə ediləcəyi müzakirəyə, yaxud da daha bir münaqişəyə açıq qalır. Rusiya və ABŞ fərqli fraksiyaları dəstəkləyərək müttəfiqlərinin çoxtərəfli münaqişədə üstünlük qazandıqlarından əmin olmağa çalışırlar.
Aydındır ki, geniş əməkdaşlığa və BMT-nin Təhlükəsizlik Şurasının dəstəyinə ehtiyac var. Buna görə də, ABŞ-ın Dövlət Katibi Con Kerri beynəlxalq danışıqların yeni bir mərhələsinə dəstək qazanmaq üçün Rusiya, Səudiyyə və Türkiyə ilə danışıqlar aparır. BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura isə Suriya hökuməti və müxalifəti arasında konkret danışıqların keçirilməsi üçün avropalıların sədrlik etdiyi işçi qrupları yaradıb.
Böhranla birbaşa əlaqəsi olmayan ölkələrin koalisiyasının yaradılması da sülh sazişinin əldə edilməsinə kömək edə bilər. Tutaq ki, Almaniya, Hindistan, Yaponiya, Braziliya və Misirin daxil olduğu belə bir koalisiya danışıqlarda iştirak etməsi üçün Prezident Bəşər Əsədin üzərində təzyiqi artıra bilər. Bundan başqa, koalisiya üzvləri digər mühüm regional qüvvələri davamlı sülh sazişinin bağlanmasına çalışmağa razı sala bilər. Məsələn, Avropaya qaçqın axını problemini onların ölkələrini tərk etmək ehtiyacını aradan qaldırmaqla həll etməyin mümkün olduğunu başa düşən Almaniya bunun üçün hərəkətə keçib. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Türkiyənin Avropa İttifaqına qəbul edilməsi müqabilində qaçqınların burda saxlanılması üçün sentyabrda Türkiyəyə səfər edib. Almaniyanın xarici siyasəti üzrə qabaqcıl ekspertlərindən biri olan Volker Perthes Misturanın işçi qruplarından birinə sədrlik edir. Digər ölkələr isə hələ hərəkətə keçməyiblər. Ancaq onların da motivasiyası yüksək, təklifləri çoxdur.
Hindistan, eləcə də, Pakistan Cənub-qərbi Asiyada ticarət, enerji və investisiya əlaqələrini gücləndirməklə çox şey qazana bilər. Hindistan İranla nüvə sazişinin imzalanmasından bu yana Çin və Rusiyanın iştirakı ilə İran-Pakistan-Hindistan qaz kəmərinin çəkilməsi üçün planın yenilənməsi haqqında düşünür. Ancaq bu, Suriyada vəziyyət düzəlmədikcə və İran Hizbullahı dəstəkləməyi dayandırmadıqca mümkün olmayacaq.
Hindistanın İranla güclü mədəni, sosial, siyasi və iqtisadi əlaqələri var və bu əlaqələr İranın Əfqanıstana birbaşa keçid təmin edəcək Çabahar limanının bərpasını maliyyələşdirilməsi ilə daha da güclənib. Bu, İranı Əsədə təzyiq göstərməyə razı salmaq üçün Hindistanın mövqeyini gücləndirir. Rusiya silahlarının əsas idxalçısı olan Hindistan hadisələrin gedişatında irəliləyiş əldə etmək üçün Rusiya ilə əlaqələrindən də istifadə edə bilər.
Yaponiyanın vəziyyətin həll edilməsində potensial köməyi yenə də İranla əlaqədardır. Belə ki, İranın neft və qazına ehtiyacı olan Yaponiya son vaxtlar İranla daha sıx əlaqə qurmağa çalışır. Yaponiya və İranın xarici işlər nazirləri bu ayın əvvəli Tehranda ikitərəfli investisiya müqaviləsi üzrə danışıqlara başlanılmasında razılıq əldə ediblər.Yaponiya eyni zamanda İranla nüvə sazişinin tezliklə qüvvəyə minməsini istəyir ki, İran üzərinə qoyulan iqtisadi sanksiyalar qaldırıldıqdan sonra yaranan biznes imkanlarından yararlana bilsin.
Ancaq əgər İran beynəlxalq ictimaiyyətə qoşulmaq istəyirsə, öz regionunda konstruktiv rol oynamalıdır. Hazırda beynəlxalq səhnədə oynadığı rolu gücləndirmək istəyən Yaponiya bunu açıq şəkildə bildirməkdən çəkinməməlidir. Burda üstünlük ondan ibarətdir ki, Yaponiyanın və Hindistanın Suriyada sülh prosesinin başladılmasında maraqlı olması Çini böhranın aradan qaldırılmasında aktiv rol oynamağa təşviq edə bilər.
Braziliya da ölkə daxilində bir çox problemləri olmasına baxmayaraq, kömək edə biləcək mövqedədir. Braziliyanın təkcə Rusiya ilə yox, Türkiyə ilə də mühüm əlaqələri var. Buna misal olaraq, Braziliya ilə Türkiyənin 2010-cu ildə nüvə proqramı ilə bağlı İranla saziş bağlanmasında vasitəçilik cəhdlərini göstərmək olar.
Son olaraq, Təhlükəsizlik Şurasının daimi üzvlüyünə namizəd olan Misirin bütün regionda, xüsusilə də, Suriyanın müxalifət qruplarını dəstəkləyən Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri ilə mühüm əlaqələri var. Münaqişənin sülh yolu ilə həll edilməsi ehtiyacını vurğulayan Misir Prezidenti Əbdül Fəttah əl-Sisi Əsədi dəstəkləsə də, eyni zamanda İslam Dövləti ilə bağlı da narahatdır. Beləliklə, misirli diplomatlar güzəştə gedilməsi üçün təzyiq göstərə biləcək mükəmməl namizədlərdir.
Bu hökumətlərin əksəriyyəti deyə bilərlər ki, Suriya münaqişəsi onlara birbaşa təsir göstərə bilməz. Ancaq BMT nizamnaməsi ölkələrin "sülhə qarşı təhlükə, sülhün pozulması və ya təcavüz aktı"nın müəyyənləşdirilməsi və "beynəlxalq sülh və təhlükəsizliyin" qorunması üçün hansı tədbirlərin görülməsi lazım olduğunu qərarlaşdırmaq üçün öz nüfuzlarından istifadə etmələrini tələb edir. Beynəlxalq ictimaiyyət sülh və təhlükəsizlik üçün başlıca təhlükə mənbəyi olan Suriya böhranını həll etmək üçün əməkdaşlıq etməlidir.