AKP-nin qələbəsinin səbəbi Dünya

AKP-nin qələbəsinin səbəbi

Parlament və prezident seçkiləri Ərdoğana nə vəd edir

Cavid

AKP-nin martın 30-da keçirilən bələdiyyə seçkilərində Türkiyədə Ərdoğan-Gülən qarşıdurması fonunda qələbə qazanmasının səbələri hələ də əsas müzakirə mövzularından biri kimi aktuallığını saxlamaqdadır. Türkiyə siyasətçilərinin və ekspertlərinin əksəriyyəti hesab edir ki, AKP üçün əsas sürprizlər qabaqdadır və ölkəni ciddi təlatümlər gözləyə bilər.
Türkiyə Liberal Demokrat Partiyasının sədri Cem Tokerin fikrincə, AKP iqtidarının bu qələbəsi uzun sürməyəcək. Çünki Ərdoğanın yerli və xarici siyasəti hakimiyyətin uzun müddət ayaqda duruş gətirəcəyini deməyə əsas vermir.
Bəs Azərbaycan cəmiyyəti nə düşünür? Politoloq Vüqar Zifəroğlu isə bildirib ki, Ərdoğan 2002-ci ildən bu yana 8-ci seçkisini qalibiyyətlə başa vurdu. Lakin bu qalibiyyət bir sıra məqamları ilə yadda qalan oldu. Seçkidən əvvəl müşahidə edilən qütbləşmə, seçki gecəsi nəticələr açıqlanarkən də özünü göstərdi. Bu hətta Türkiyənin iki aparıcı xəbər agentliyinin qarşıdurmasında da özünü biruzə etdi: "Əslində AKP-nin bu cür özünə inamlı şəkildə qələbə qazanmasının ciddi səbəbləri var. Bu səbəblər təkcə cəmiyyət və seçici ilə bağlı deyil. Məsələyə daha dərindən və geniş rakursda baxaraq təhlil etdiyimizdə, Türkiyənin daxilində gedən siyasi proseslərdə çox incə məqamlarla üzləşməli oluruq. Beləliklə, AKP niyə qalib gəldi, sualına öz baxışımızdan irəli gələrək cavab tapmağa çalışaq. Son zamanlar Türkiyədə baş verən iki əsas məqam seçkilərdə AKP-nin parlaq qələbə qazanacağına inamsızlıq yaradırdı. "Gəzi parkı olayları" və 17 dakabrla açıq müstəviyə daşınan Cəmaət-Ərdoğan qarşıdurması, baş nazirin seçki zamanı sandıqdan istədiyi nəticəni əldə edə bilməyəcəyi təəsüratını formalaşdırmaqda idi. Bundan əvvəl Atatürk və cümhuriyyət ilkələrinə qarşı elan edilməmiş qeyri-rəsmi müharibənin, seçkiqabağı sosial paylaşım alətlərinə (Tweteer, youtube) qadağa elan edilməsi, İnternetə müəyyən yasaqların tətbiqi isə sanki qələbə şansını daha da azaltmış olurdu. Məhz bu səbəbdəndir ki, qarşıdurmaların yüksələn xətlə inkişaf etdiyi dönəmdə partiyadan istefalar olması ilə yanaşı, hətta AKP-nin bir sıra üzdə olan liderləri müşahidəçi mövqedə qalmağa üstünlük verdilər. Birmənalı şəkildə vurğulamaq lazımdır ki, AKP-nin yüksək tavanında da hətta nəticəli qələbə gözlənilmirdi.
Lakin siyasi gedişatı dəyişən maraqlı və bəlkə də çoxlarının diqqətə almadığı məqam oldu. Ərdoğan Gülənlə qarşıdurmada faktiki olaraq daxili parçalanma yaşayan (bunun belə olması əslində normal idi, çünki, AKP məhz milli görüşçülərlə Gülən cəmaətinin siyasi koalisiyası kimi formalaşmışdı) partiyasını bir növ təhlükədən kənara itələdi. Belə bir rəy yarandı ki, sanki Ərdoğan hər şeydə özünü günahkar elan edərək, zərbələri təkbaşına qəbul etməyə hazırdı. Bu ilk növbədə daxili auditoriyaya hesablanmış çox uğurlu piar idi və sadə xalq da bunu qəbul etdi. Yəni Ərdoğan, cəmaatın AKP-dən çox şəxsən ona qarşı apardığı təbliğatı, ustalıqla öz lehinə çevirməyi bacardı".
Politoloqun fikrincə, 13 il bundan əvvəl qurulan koalisiyanın 2 əsas dayağından biri kimi, partiyaya qarşı təbliğat aparmağın özlərinə zərər verəcəyini hesablayan camaat, bu səbəbdən tək Ərdoğanı hədəf kimi göstərməkdən savayı çıxış yolu tapa bilməmişdilər: "Amma "günahkar AKP yox, Ərdoğandır" fikirləri bumeranq effekti ilə əks reaksiyaya çevrildi. Lakin seçim kampaniyası zamanı uzun müşahidələrdən və bəlkə də keçmiş müttəfiqləri tərəfindən aldıqları gözlənilməz zərbədən özünə gələ bilən AKP və Ərdoğana sadiq komanda, öz liderinin müdafiəsinə qalxdı. Və yenə də daxili auditoriyaya hesablanmış uğurlu bir PR addımı atıldı: Bu dəfə dombıra ilə. Musiqinin sözlərinə fikir versək, görərik ki, AKP faktiki olaraq bələdiyyə seçkisinə Ərdoğanın adı ilə qatıldı. Yəni, "Ərdoğanı deyirdiniz? Buyurun, bu da o!" Ərdoğan da buna müvafiq olaraq 30 martı bələdiyyə seçkisi statusundan çıxardaraq, özü üçün, dolayısı ilə gələcəyi üçün "güvən səsverməsinə" çevirməyə müvəffəq oldu. O, eyni zamanda cəmaatlə qarşıdurmanı, kənardan - Qərbin təzyiqi kimi təqdim etməyi də bacardı".
V.Zifəroğlunun fikrincə, AKP adambaşına düşən gəlirin artmasından tutmuş, inflyasiya səviyyəsinin aşağı olması, yeni iş yerləri, iqtisadiyyatda müəyyən dinamik inkişaf kimi kartları qabartmaqla da qabağa düşə bildi. Adi insanlar üçün dəyişməz "aş və iş" psixologiyasına yönəlik bu həmlə də öz effektini verməli idi. Türkiyədə, görünür, hələ də faktiki olaraq bir neçə milyon lirəyə bir çörək aldıqlarını unutmayıblar: "Və nəhayət dini mühafiəzkar kəsim faktoru da öz rolunu oynamış oldu. Burda bir incə məqamı vurğulamaq lazımdır. Türkiyədə böyük üstünlük təşkil edən dindar və ya ən azı özünü müsəlman hesab edən əksər əhali arasında təriqətlərin böyük nüfuzu var. Hələ cümhuriyyətin ilk illərində Qazi Mustafa Kamal Paşa bu təriqətləri siyasi və ideoloji arenadan silməyə cəhd göstərsə də, tam olaraq bunun qarşısını ala bilməmişdi. Təriqətlər hər zaman Cümhuriyyətin siyasi tarixində pərdəarxası qüvvə kimi bir iştirakçı olaraq qalmışdı. Və bu zaman camaatla qarşıdurmaya gedən Ərdoğan və onun timsalında milli görüşçülər, ənənəvi müttəfiqlərinin dəstəyini tam qazana bildilər. AKP iqtidarı dönəmində faktiki olaraq dini-mühafizəkar kəsimə yönəlik fəaliyyəti ilə zatən, onların dəstəyini qazana bilmişdi - tək başörtüsü məsələsini yada salmaq kafidir. Bir sözlə, təriqətlər Ərdoğanı müdafiə etdilər. Bu isə böyük gücdür"
AKP seçkiqabağı dönəmdə xarici siyasətində də müəyyən korrektələr etdi. Diqqət edin: Türkiyə son dönəmdə Suriya məsələsində bir o qədər aktiv deyil. Krım problemi qalxdığı zaman isə, bütün gözlərin Türkiyədə olduğu bir vaxtda, rəsmi Ankaradan ümuyyətlə reaksiya gəlmədi. Amma buna paralel olaraq, Ərdoğan Brüsseldə Avropa Birliyi ilə bağlı isti və yumuşaq mesajlar verdi. Bu da öz təsirini göstərməli idi, necə ki, göstərdi də. Yuxarıda sadaladığımız səbəblər AKP və Ərdoğanla bağlı səbəblərdir. Lakin bütün mənzərəni göz önündə canlandırmaq üçün Türkiyənin siyasi sistemi və ən əsası da müxalifəti ilə bağlı da səbəbləri sadalamağımız vacibdir.
Bəli, partiyalara keçməzdən əvvəl məhz bu məqam xüsusilə vurğulanmalıdır. Bu gün Türkiyə siyasi sistemində son dərəcə ciddi şəkildə sağ mərkəz problemi var! AKP iqtidara gələnə qədər olan onillikdə bu funksiyanı DYP və ANAP uğurla yerinə yetirirdi. Bu gün onlar yoxdurlar. Və Türkiyə siyasətində sağ mərkəzin qapısı qıfıllanıb. O qapını döymək istəyən seçici isə, alternativ kimi təbii olaraq iqtidar partiyasını görür. Bu faktdır. Milliyətçi Hərəkat Partiyası, ideoloji yönünə görə sağ mərkəzçi deyil və bu səbəbdən həmin elektoratı öz ətrafına yığmaqda çətinlik çəkir. Cümhuriyyət Xalq Partiyası təməl ideoloji prinsiplərinə görə sol mərkəzdir. AKP isə, iqtidara gəldiyi dönəmdə milli görüş ənənələrindən gəldiklərini etiraf etmələrinə rəğmən sağ-mərkəzçiliyə doğru dəyişdiklərini, bu partiyanı da zatən o səbəblə qurduqlarını elan etmişdi: "Bəli, bütün bu illər ərzində partiyanın siyasi və ideoloji baxışının heç də sağ-mərkəzçi olmadığı, yəni dəyişmədikləri aydın oldu. Amma di gəl ki, sağ-mərkəzə meyl edən seçici, hələ də alternativ görmədiyindən AKP-nin qapısını döyməkdədir.
Müxalifətin seçkidə uğursuzluğunun başlıca kilid adı CHP oldu. Məhz CHP gözlənilən ümidləri doğrultmadı. Təbii ki, bunun da öz səbəbləri var. Birinci səbəb ənənəvidir: CHP dindarlardan və kürdlərdən səs ala bilmir. Son seçkidə CHP faktiki olaraq güney-doğudan tamamən sıxışdırılaraq çıxardıldı. Bunu Tuncelidəki nəticələr sübut etməkdədir. Dindar auditoriya isə ənənəvi olaraq ideoloji baxış fərqlərinə görə CHP-ni seçmirlər. O zaman başqa sual ortaya çıxır: Bəs böyük şəhərlərdə niyə səs yığa bilmədilər?
Axı, ilk görüntüdə hər şey CHP-nin qələbəyə yaxın olduğu görüntüsü verirdi. İlk səbəb CHP-nin əslində xeyrinə yaranmış olan siyasi situasiyanı siyasi təbliğat vasitəsinə çevirə bilməməsindədir. Məsələn, AKP-nin camaatla qarşıdurmasını Qərbin təzyiqi kimi auditoriyaya təqdim etdiklərində CHP, bunun belə olmadığı üzərində dura bilərdi. Lakin onlar, cəmaatın özü ilə qeyri-rəsmi siyasi koalisiya yolunu seçdilər. Və əslində ən böyük səhvləri də bu oldu. Cəmaatla razılaşmadan müəyyən dindar elektoratın səsini qazana biləcəklərinə ümid edən ana müxalifət partiyası, istəyinin əksinə, səs itkisi ilə üzləşdi. Çünki təbliğat öz işini görməkdə idi: "CHP kənardan bizə təzyiq edənlərlə işbirlikçiliyi edir!"
CHP-ni yanlış addıma sövq edən cəmaatın səs elektoratının olması ilə bağlı təsəvvür idi. Amma faktiki olaraq ortaya çıxan mənzərə o oldu ki, kifayət qədər məmur və bürokrat potensialına malik olan cəmaat, əslində sadə xalq arasında ciddi gücə malik deyil. Əvəzində, istənilən sağ qüvvə ilə rəsmi və ya qeyri-rəsmi ittifaqı "imperializmə xidmət" kimi qəbul edən sol yönümlü seçici, CHP-dən üz çevirdi. Nəticə: İstanbul, Ankara və ən əsası da Antalya AKP-yə qaldı. Kılıçdaroğlu, sağla yaxınlaşmanı düzgün anlada bilmədi. O, bir siyasi lider olaraq öz gündəmini müəyyənləşdirmək yerinə, Ərdoğanın gündəmini izlədi. Bu seçki eyni zamanda onu sübut etdi ki, böyük şəhərlərdə təbliğat aparmağa başı qarışan ana müxalifət partiyası, Anadoludan tam qopmuş bir durumdadır. Yozqat, Tokat, Çankırı, Kastamonuda olan səs nəticələri bunun ən bariz sübutudur.
Lakin MHP CHP-nin əksinə olaraq, Anadoluya doğru yürüməkdədir. MHP bu seçkidə öz səslərini artırmağa və hətta gələcək üçün ümid vəd edəcək bir görüntü yaratmağı bacardı. CHP-Camaat koalisiyasının qaçırdığı səslər, küçələrdən uzaq durmaq prinsipi ilə yanaşma MHP-yə olan səsləri artırmış oldu. Qazandığı 8 vilayətdən başqa, daha 29 vilayətdə ikinci olaraq seçkini başa vurmaq, nisbi uğur olaraq qiymətləndirilə bilər: "Seçki arxada qalsa da, nəticələri ilə bağlı müzakirələr hələ uzun müddət davam edəcək. Nəzərə alsaq ki, qarşıdan prezident və parlament seçkiləri gəlir, Türkiyənin siyasi gündəmində hələ yeniliklərin şahidi olacağıq. Məsələn, istisna deyil ki, İstanbulda mücadilə verən Sarıgülün CHP başqanlığına namizədliyi irəli sürülsün. Unutmayaq, Kılıçdaroğlu da nə zamansa İstanbuldan namizəd idi və o da ciddi mücadilə verməsinə rəğmən AKP-li rəqibinə uduzmuşdu. Ərdoğan isə, birmənalı şəkildə demək olar ki, bu qələbə ilə mövqeyini daha da möhkəmləndirəcək. Artıq onun Cankaya köşkünə gedən yolu daha düz və hamardır. Hətta istisna etmək olmaz ki, prezident və parlament seçkisi bir yerdə birləşdirilərək keçirilsin. Hər halda, bütün bunların cavabını və nələr olacağını yaxın zamanlarda birlikdə görəcəyik".