İranın Qafqaza gəlişinin səbəbləri... Dünya

İranın Qafqaza gəlişinin səbəbləri...

İran sanksiyalardan xilas olduğu üçün regional səviyyədə genişlənməyə üz tutur. Xüsusilə Tehran Cənubi Qafqaz regionunu öz təsir dairəsinə almaqda maraqlıdır.
ABŞ kəşfiyyatının "kölgəsi" hesab olunan "Stratfor" beyin mərkəzi İranın regional siyasətini şərh edib.
Mərkəz yazır ki, Tehranın ilk hədəfi Azərbaycan, Gürcüstan və Ermənistanla daha geniş iqtisadi əməkdaşlıq olacaq: "Bu istiqamətdə İran Qara və Xəzər dənizi hövzəsində iki əsrdən artıq rəqib olduğu Rusiya faktorunu nəzərə almalıdır. İran və Rusiya regional geosiyasi rəqiblərdir. Lakin Qərb tərəfindən aparılan bloklaşdırma siyasətinə qarşı onlar zaman-zaman əməkdaşlıq ediblər. Xüsusilə Cənubi Qafqaz regionunun nəzarətdən çıxaraq Qərbin çətiri altına keçməsinə qarşı iki ölkə eyni hədəfə vurur".
"Stratfor" qeyd edir ki, İranın regional fəaliyyətini genişləndirməsinin bir neçə səbəbi var.
"Avropa Rusiya qazından imtina etmək istəyir və belə bir məqamda İran bazarda öz mövqeyini möhkəmləndirə bilər. Lakin əvvəlcə o, Cənubi Qafqaza daxil olmalıdır. Tehran bu yaxınlarda TANAP və TAP layihələrindən istifadədə maraqlı olduğunu bəyan etdi. Digər seçim Ermənistandan keçməklə Gürcüstanın Batumi və Poti limanlarından Qara dənizə çıxışdır. İran məmurları artıq bu məqsədlə İrəvana nəvaziş göstərirlər", - deyə məqalədə bildirilir.
Mərkəz İran üçün öz qazını Türkiyədən ixrac etməyin daha rahat olduğuna diqqət çəkir: "Lakin Türkiyə-İran arasında kəskin münasibətlər burada problemlərə yol açır. Xüsusilə Suriya münaqişəsi ikitərəfli əlaqələrə maneə yaradır. Əgər Suriyada vətəndaş müharibəsi başa çatarsa, İran qazının Avropaya çıxarılması yolunda Ermənistan marşrutu aradan qalxa bilər. Hazırda İranla Ermənistan arasında 3,7 milyard dollar dəyərində dəmiryol xəttinin çəkilməsi üzrə danışıqlar gedir. Buna baxmayaraq, Tehran üçün Ermənistan marşrutu mürəkkəbdir. Çünki Moskva Ermənistandan keçən əsas infrastruktur layihələrində öz səhmini saxlamaq və bu ölkədəki təsir imkanlarını əlində tutmada qətiyyətlidir".
Məqalədə deyilir ki, bu yaxınlarda Gürcüstanın öz qaz təchizatını diversifikasiya addımları İranın regiona girməsini stimullaşdırır: "Rusiya maneəsi İranı Ermənistana bel bağlamamağa sövq edir. Tehran indi Azərbaycan və Gürcüstana dəmiryolu infrastrukturunun tikintisi üçün 400 milyon dollar xərcləmək niyyətindədir. İran həmçinin bütün region ölkələri ilə ticarət dövriyyəsini artırmağı qərarlaşdırıb".
"Stratfor" vurğulayır ki, sanksiyaların götürülməsi İranın Dağlıq Qarabağ münaqişəsinə diqqət ayırmasına da səbəb olacaq.
"Münaqişənin ilkin mərhələsində Tehran hər iki tərəf arasında vasitəçilik etməyə cəhd etdi, lakin erməni qüvvələri sülhü pozdu. İndi Azərbaycan Qarabağda status-kvonu dəyişmək üçün çalışır və İran burada rol almaqda maraqlıdır. Yanvarın 22-də İranın Xarici İşlər Nazirliyi münaqişədə vasitəçilik etməyi təklif etdi. Hansı ki, bu, Tehrana regionda infrastruktur layihələrini həyata keçirməyə imkanlar yaradır. İranın bu münaqişədə iştirakı Rusiyanın prosesdəki hakim mövqeyini dağıdacaq. Rusiya buna qarşıdır, lakin regiona xarici güclərin müdaxiləsi ehtimalına qarşı Tehran Moskva üçün qiymətli partnyordur. Xüsusilə Türkiyə, Gürcüstan və Azərbaycanın əməkdaşlığı, Transxəzər layihəsinin gerçəkləşdirilməsi yolundakı addımlar Rusiyanı İranla daha sıx işləməyə məcbur edir", - məqalədə qeyd olunur.
Mərkəz regionda hərbi maraqlar kontekstindəki prosesləri də şərh edir: "İran və Rusiya Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı hərbi əməkdaşlıqdan narahatdırlar. Onlar xüsusilə NATO-nun regionda hakim olacağı ehtimalından qorxurlar".
"Stratfor" son olaraq yazır ki, İran Cənubi Qafqaz ölkələri ilə iqtisadi əməkdaşlığı genişləndirməklə regionda siyasi baxımdan daha aktiv olacaq.
"Əgər İran burada Rusiyanın maraqlarına toxunarsa, o zaman Moskva İranın böyük enerji infrastrukturuna imkan verməmək üçün hər şey edəcək. O, ilk növbədə təsiri altındakı Ermənistan marşrutunu qapadacaq. Digər tərəfdən, Tehran yenidən Dağlıq Qarabağ münaqişəsində iştirak etməyə cəhd etsə də, Rusiya onun iştirakını məhdudlaşdıracaq, hətta bloklayacaq da", - deyə məqalədə diqqətə çatdırılır.