Putin hökumətində çatlar dərinləşir Dünya

Putin hökumətində çatlar dərinləşir

Kreml klanları prezidentə qarşı?

Cavid

27 fevral tarixində Rusiyanın nüfuzlu müxalifət lideri Boris Nemtsovun öldürülməsinin bir ili tamam oldu. Onun öldürülməsi Rusiya siyasi dairələrini iki həftə ərzində gərgin vəziyyətdə saxlamışdı. Bu hadisə Kremlin daxilində gizli şəkildə gedən amansız rəqabəti çılpaq şəkildə ortaya qoyaraq, prezident Vladimir Putinin vəziyyəti nəzarətdə saxlaya bilmək bacarığını şübhə altına salmışdı. Baş verən hadisə təkcə müxalifət liderinin öldürülməsi məsələsi deyildi. Bu, hətta fraksiyalar arası rəqabət çərçivəsindən də kənara çıxaraq, əsl həqiqətdə Rusiyanın gələcəyinə kimin nəzarət hüququ əldə etməsi uğrunda mübarizə deməkdi.
"Stratfor" yazır ki, bütün bunların hamısı 1920-ci illərin əvvəlində Sovet İttifaqının inkişaf trayektoriyasının müəyyənləşdirilməsi məsələsində hakmiyyət dəyişikliyi ilə yekunlaşan dövrü xatırladır.
Analiz

Kreml elitasının nümayəndələri arasında gedən mübarizə, Kremlin özü kimi köhnədir. Kreml sözü hərfi mənada "şəhər içərisində qala" deməkdir. Bəli, bu söz hökumətin düz ürəyinin başında, elita nümayəndələri arasında hakimiyyət uğrunda qaranlıq mübarizəni təsvir etmək üçün lap yerinə düşən bənzətmədir. Son 10 il ərzində Putin hökuməti dörd düşərgəyə ayrılıb: güclü Federal Təhlükəsizlik Xidməti, liberal islahatçılar, mühafizəkarlar və şəxsən Putinə sadiq olanlar.
Sadalanan klanlar hakimiyyət uğrunda daima mübarizə aparırlar, Putin isə münsif rolunda çıxış edir. Hazırda onların arasında balans yaranıb: heç bir klan yuxarı hakimiyyəti devirə bilmir. Amma Rusiyanın tarixi göstərir ki, hər şey anidən dəyişə bilər. Son bir neçə il vəziyyət kifayət qədər dayanıqlı idi, lakin FTX gücünü zaman-zaman digər klanlara və hətta, bəzi hallarda Putinin özünə də göstərməyə cəhd edib.
Ukrayna məsələsi

Nemtsovun öldürülməsi, öz başlanğıcını onun 2014-cü ildə Avromaydandakı çıxışlarından götürür. Ümumi yekunda kütləvi etirazların rusiyapərəst Ukrayna hökumətinin devrilməsinə gətirib çıxarması, Moskvanı qəfildən yaxaladı. Rusiyanın əlində olan mexanizmlər, hakimiyyətin dəyişdirilməsinin qarşısının alınmasında birdən-birə iş yaramaz hala düşdü və yalnız ölkənin şərqindəki kiçik bir rayon yeni Ukrayna hökumətinə etiraz bildirdi. Kreml insayderlərinin nöqteyi-nəzərinə görə, belə bir uğursuzluğun günahı bütövlükdə FTX-nin üzərinə düşür. Çünki Ukraynanın daxilindəki kəşfiyyat-əməliyyat fəaliyyətinə məhz FTX cavabdeh idi. Nəticədə, FTX Ukrayna məsələsində aparıcı mövqeyini bir müddət itirdi. Bundan başqa bəzi şayiələrə görə, Ukraynada baş verən fiaskodan sonra hətta Putin bu təşkilatın içərisində yeni struktur dəyişikliyi həyata keçirib.
Bütün bunlar FTX–ni hədsiz mürəkkəb vəziyyətə salmışdı ki, nəticədə onlar, müəyyən tədbirlər görərək, təhlükəsizliyə cavabdeh olan bir çox qurumları ələ keçirərək, müxtəlif hakimiyyət orqanlarındakı təsir imkanlarını genişləndirmək məcburiyyətində qaldılar. 2014-cü ilin sonunda Putinin FTX-yə nəzarət etməsi şübhə altında idi. Onun hərəkətləri qəribə xarakter almağa başlamışdı: Putin mühüm mətbuat konfranslarında görünmür, öz ad gününü təkbaşına Sibir meşələrində keçirirdi. Putinin etibarlı tərəfdarlarından olan Ramzan Kadırov, öz lideri ətrafında ğeniş kampaniya təşkil edərək, onun müdafiəsi üçün çağırışlar yağdırmağa başlamışdı. Çeçen lider, hətta Putinin müdafiəsi üçün 20 min nəfərlik ordu yığaraq, onların Ukraynaya göndərilməsini təklif edirdi.
Putinin tərəfdarları ilə FTX arasında baş verən toqquşma 2015-ci ilin əvvəlindən güclənib və Kremldə yaşanan iki həftəlik qarmaqarışıqlıq isə, bunun kulminasiya nöqtəsi olub. Nemtsovun öldürülməsi bütün baş verənlərin, yalnız bir hissəsinə aid edilməlidir. Qısa müddətdən sonra, müxalifətçinin öldürülməsinə görə, hakimiyyət Kadırovla əlaqəsi olan bir neçə çeçeni həbs etdi, Putin isə Qazaxıstana nəzərdə tutulan səfərə getməyərək, 10 gün ərzində ictimaiyyətin gözündən itdi. Rusiya KİV-ləri təlaşa düşərək, dövlət başçısının yoxa çıxmasının səbəbini, xəstəlikdən tutmuş, onun devrilməsinə qədər, axtarmağa başladı.

Hakimiyyət uğrundakı bu mübarizə Ukraynadakı qarşıdurmanı daha da dərinləşdirib. 2014-cü ilin sonundakı iqtisadi tənəzzül, vəziyyəti bir qədər də pisləşdirərək, onu Putin üçün "ideal fırtına"ya çevirib. Bu gün Kreml elitası arasındakı bölünmə, Ukrayna böhranı nəticəsində yaranan həmin xətt üzərindən keçir. Elitanın nümayəndələri hakimiyyət başında kimin olması və Rusiyadakı müxtəlif böhranların öhdəsindən kimin gələ biləcəyi məsələsində mübahisəni davam etdirirlər. Putin isə hələdə bu amansız mübahisələri yoluna qoymağa cəhd göstərir.
Stalinizm dövrünün meydana gəlməsi ilə paralellər aparmaq

Kremldə hazırki vəziyyətin 1924-cü ildə Leninin ölümü ilə yekunlaşmış və yeni lider kimi Stalinin hakimiyyətə gəlməsi ilə başlayan dövrlə bir sıra oxşar xüsusiyyətləri var. Lenin, Birinci Dünya Müharibəsi zamanı Rusiyada baş verən bolşevik inqilabı nəticəsində hakimiyyətə gəlmişdi.
1920-ci illərin əvvəlində bolşeviklər hakimiyyəti möhkəmləndirərkən, ölkədəki aclıq və dağılmış iqtisadiyyatın problemləri ilə qarşılaşmışdılar. Lenin ölkəni, müəyyən dərəcədə indiki Kreml klanına oxşar qruplar vasitəsilə idarə edirdi. "Qırmızılar" ilə "Ağlar" arasında müharibə qurtaran kimi, hakimiyyətdə olanlar müxtəlif iqtisadi aktivlər üzərində nəzarəti ələ keçirməyə cəhd göstərirdilər. Əsl həqiqətdə isə Lenin amansız iqtisadi və siyasi mərkəzləşdirmə prosesinə hələ 1918-ci ildə başlamışdı.
Rusiyada vətəndaş müharibəsi qurtaran kimi və sovet sistemi formalşdıqdan sonra, Kremlin daxilində köhnə sistemin yerinə hansı iqtisadi sistemin gəlməsi məsələsində dərin çat əmələ gəldi. Rusiya hakimiyyətinin nəzarətində olan region, uzun sürən müharibə və aclıq nəticəsində dağılmış vəziyyətdə idi. Kreml digər böyük ölkələrin səviyyəsinə çatmalıydı. Lakin bolşeviklər Rusiyanın sənaye sektorunu tezliklə necə modernləşdirilməsi yollarını bilmirdilər.
Bu günkü vəziyyətlə oxşar olan məsələ, ölkənin mərkəzləşdirilməsini istəyənlər ilə liberal iqtisadiyyat tərəfdarları arasında yaranan fikir ayrılıqlarından ibarət idi. Lenin daha açıq iqtisadi sitemin yaradılmasına meyl göstərirdi. O, xəbərdarlıqla bildirirdi ki, Rusiyanın korrupsiyalaşmış mənfur bürokratik bataqlığın içərisinə soxulma təhlükəsi var. Kreml elitası sıralarında Rusiyanın qonşu ölkələrlə əlaqədar siyasətində yekdillik yoxdu və belə bir hal bugünkü vəziyyətlə oxşarlıq təşkil edir.
Rusiyanın öz sərhədlərindən kənar əraziləri nəzarət altına salmağa cəhd etməsi, Ukrayna siyasəti ətrafında bitmək bilməyən mübahisənin əsas səbəbidir. Son iki ildə Putin və FSB–yə daxil olmayan təhlükəsizlik xidmətinin konservativ elitasının əksər nümayəndələri Stalinin Novorossiya (Yeni Rusiya) konsepsiyasına uyğun gələn konsepsiya haqqında fikirlər irəli sürürlər. Novorossiya Ukraynanın cənubunu, müasir Dnestryanını və Donbası əhatə edən ərazilərdir. Kremlin ultra-mühafizəkarları bütün Novorossiya ərazisini zəbt etmək istəyirdilər, lakin Putin daha mötədil taktika seçərək, Krımı ilhaq etmək qərarına gəldi. İndi Kreml Ukraynanın şərqində donmuş münaqişə ocağı yaradıb.
Kremlin əksər nümayəndələri hələ indiyədək də Ukraynaya qarşı geniş miqyaslı hərbi müdaxiləyə başlamağın vacibliyinə Putini inandırmağa çalışırlar. Ancaq Kremldəki liberal dairələr Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların götürülməsi üçün Ukraynadakı bütün hərbi əməliyatlardan əl götürməyə çağırışlar səsləndirməyə başlayıblar.
1920-ci ildə elita içərisindəki müxtəlif qruplar öz mövqelərini möhkəmləndirməyə əhd edirdilər. Leninin səhəti pisləşən kimi, o, Stalini tamamilə yararsız sələf adlandıraraq, həm Kremldəki dairələrin nümayəndələri ilə söhbətində, həm də Rusiyanın gələcək inkişafı ilə bağlı baxışlarını qələmə aldığı şəxsi yazılarında onu tənqid etməyə başladı. Lakin Stalin artıq Leninin arxasından onun tərəfdarları ilə danışıqlar aparırdı və istəyirdi ki, onun xəstəliyini bəhanə gətirərək, Lenini qərar vermək prosesindən uzaqlaşdırsın. Leninin ömrünün axırına yaxın vaxtlarda Stalinin ətrafındakı adamlarda əfsanəvi inqilabçıya qarşı çıxmaq məsələsində dilemma yaranmışdı. Mövqelərdəki bu tərəddüdlər Leninin ölümünə və Stalinin hakimiyyətə gəlməsinə qədər davam etmişdi.

Kreml klanları arasındakı bugünkü daxili mübarizə 1920-ci ildə Stalinin ətrafında gedən mübarizəni xatırladır. Uzun müddət ərzində Putin Kreml daxilində birləşdirici qüvvə olub. O, müxtəlif klanlar arasındakı mübahisələrin həll olunması məsələsində xüsusi rol oynayıb. Lakin belə görünür ki, bu gün onun təcrid edilməsi getdikcə artır. Son illərdə Putin özünü ən inanılmış tərəfdaşlarla əhatə edərək, FSB kimi güclərlə arasında müəyyən məsafə saxlayıb. Kreml klanlarının Putinə qarşı çıxmasını əngəlləyən başlıca amil, onun rusiyalılar arasında qeyri-adi populyarlığına bağlıdır. Rusiyanın çoxsaylı problemlərinə baxmayaraq, Putin, elitanın ən azından hələ ki, öz xalqı ilə danışmağı bacaran yeganə nümayəndəsi olaraq qalır.
İndiki vəziyyətin 1920-ci illərdəkinə bənzəməsi, heç də Rusiyada daha bir Stalinin peyda olması anlamına gəlmir. Amma hazırda Kreml bölünmə dövrünü yaşayır və Rusiyada strategiyanın hazırlanması ilə kimin məşğul olduğunu dəqiq söyləmək mümkün deyil. 15 il ərzində Putin Sovet İttifaqının dağılmasından və Boris Yeltsinin idarəetməsindən sonra Rusiyanın dirçəlməsinə imkan verən sistem tətbiq etmişdi. Elə bu cür funksiyanı vətəndaş müharibəsindən, imperiyanın çökməsindən və inqilabdan sonrakı dövrdə bolşeviklər də həyata keçirmişdi.
Ancaq buna baxmayaraq, sistemdəki çatlar daha aydın görünür və belə bir hal, Putinin irəlidə də rejimin monolitliyini saxlaya biləcəyini şübhə altına alır. Hazırda Rusiya həm öz şərhədləri boyunca, həm ölkə daxilində, həm də Kremlin özündə qeyri-müəyyənlik dövrünü yaşayır.

Rusiyada ölüm hökmünün bərpası təklif edildi

"Moskvada dördyaşlı qızın dayə tərəfindən qətlindən sonra ölüm cəzasına qoyulan moratoriumun ləğvi haqqında məsələ qaldırılmalıdır".

Bunu Rusiya Dövlət Dumasının Liberal Demokratik Partiyasından olan deputatı Roman Xudyakov deyib.

"Anlaşılmazdır ki, dövlətimiz belə axmaqlara necə güzəşt edir. Siz təsəvvür edin ki, o, beş və ya on il həbsxana həyatından sonra yaxşı davranışına görə azadlığa çıxacaq. Biz bu axmaqlara niyə belə mərhəmətliyik?" — Xudyakov qeyd edib.

Qeyd edək ki, Moskvanın Presnenski rayon məhkəməsi 4 yaşlı qızın qətlində şübhəli bilinən Gülçöhrə Bokulova barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.Özbəkistan vətəndaşına qarşı rəsmi ittiham martın 4-də irəli sürüləcək.

Bobokulova fevralın 29-da Moskvada dayə olduğu ailədə 4 yaşlı qızın başını kəsib. Bundan sonra mənzilə od vuran qadın qızın kəsilmiş başı ilə "Oktyabrskoe pole" metro stansiyasına yollanıb, orada özünü partladacağını bildirib, "bu qızı mən öldürdüm!" deyib qışqırıb.

Rusiya ölüm cəzasına moratorium Avropa Şurasına üzvlüklə əlaqədar 1996-cı ildə daxil edilib. Ölüm hökmü sonuncu dəfə 2 sentyabr 1996-cı ildə icra olunub.