İran iki ayağını bir başmağa dirəyib Dünya

İran iki ayağını bir başmağa dirəyib

Qərb üçün Cənubi Qafqaz regionunda əsas problem İrandır

İran son aylarda uranın zəngiləşdirilməsinə davam edib. Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) hesabatında bildirilir. Qeyd olunur ki, hazırda İranın nüvə ehtiyatı 2015-ci il sazişində nəzərdə tutulandan 18 dəfə çoxdur. Belə ki, bu il 12 fevral tarixində İranın zənginləşmiş uran ehtiyatı 3673,7 kiloqrama bərabər olub. Halbuki, 2015-ci il tarixli razılaşmada bu hədd 202,8 kiloqram kimi göstərilib. Məlumata görə, İran artıq uranın zəngiləşdirməsini 84 faiz artırıb ki, bu da nüvə silahı istehsalı üçün kifayətdir.

ABŞ dövlət katibi Entoni Blinken Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə Yunanıstan-Amerika Strateji Dialoqunun dördüncü raundu başa çatdıqdan sonra Afinada keçirdiyi birgə mətbuat konfransında deyib ki, İran nüvə proqramı ilə bağlı məsələnin həlli üçün diplomatik görüşlərdə iştirak etməlidir.

"Biz inanmaqda davam edirik ki, diplomatiya nüvə proqramı ilə bağlı problemin həllinin ən effektiv və davamlı yoludur. Lakin hazırda bu səylər dayanıb, çünki İran bunu sadəcə mənalı şəkildə etmir. Lakin diplomatiyanın irəliləməsi üçün qapı həmişə açıqdır. Çox şey İranın nə dediyi və etdiyi şeydən, onun diplomatik görüşlərdə iştirak edib-etməyəcəyindən asılıdır", - deyə ABŞ dövlət katibi bildirib.

İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani Çafi bir qədər əvvəl bildirib ki, İran MAQATE-dən daha peşəkar davranmasını və İranla mövcud əməkdaşlıq çərçivəsinə əməl etməsini gözləyir. Kanani Çafi həmçinin vurğulayıb ki, MAQATE-nin fəaliyyətindən siyasi məqsədlər üçün istifadə "agentliyin reputasiyasına mənfi təsir edir". İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi agentliyin nəşrini "yanlış təqdimat" adlandırıb və Tehranın hələ uranı 60%-dən yuxarı səviyyədə zənginləşdirməyə cəhd etmədiyini bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, İranın xarici işlər nazirinin nüvə müzakirələrinin davam etdirilməsi və ABŞ-ın JCPOA üzrə razılığa hazır olması ilə bağlı dedikləri yalandır. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Yalnız İran hakimiyyəti bu yalanları niyə söyləməyə davam etdiyini izah edə bilər. İran rəsmiləri bu sözləri istədikləri qədər təkrar edə bilərlər, lakin bu, əsas faktları dəyişdirmir”, - Prays deyib.

Almaniya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika Departamentindən deyilib ki, İranın xalqı sıxışdırmasını, nüvə proqramı və bölgəyə müdaxilələrini sərt şəkildə tənqid edirik. "İran rejimi xalqla danışmaq, onların istəklərinə cavab vermək əvəzinə qəddar repressiya, özbaşınalıq və zorakılıq üsuluna əl atır. Xalq ictimai münasibəti genişləndirmək istəyir, lakin hökumət onların tələblərinə repressiv vasitələrlə cavab verir. İran regionda, xüsusilə Suriya, Yəmən və İraqda böhranyaradıcı rol oynayır. Bütün bu gərginliyin artmasının qarşısını almaq üçün hərəkətə keçmək zəruridir", - məlumatda qeyd olunub.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns isə deyib ki, Vaşinqtonda İranın nüvə silahı istehsal etmək proqramını bərpa etmək qərarına gəldiyinə dair heç bir sübut yoxdur. Bunu “Bizdə olan məlumatlara əsasən, hesab edirik ki, İran rəhbərliyi 2003-cü ilin sonunda dayandırdıgı nüvə silahı istehsalı proqramını hələ də bərpa etmək qərarına gəlməyib”, - Börns deyib. MKİ rəhbəri çıxışında uranın 84%-ə qədər zənginləşdirilməsi ilə bağlı yayılan xəbərlərə toxunub və bunun narahatlıq doğurduğunu bildirib.

Erməni mediasına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib ki, Qərb üçün Cənubi Qafqaz regionunda əsas problem İrandır. “İran-Ərəb ölkələri, İran-İsrail, İran-ABŞ, İran-AB arasında qarşıdurma getdikcə artır. İndi proseslər böyük regional qarşıdurmaya, İrana qarşı müharibəyə doğru gedir ki, bu da Cənubi Qafqaza yayıla bilər. Amma olmaya da bilər. Hazırda bu, ən vacib məsələdir və Qarabağda və digər yerlərdə baş verənlər artıq daha az əhəmiyyət kəsb edir”, - ekspert bildirib.O qeyd edib ki, İran ətrafında qarşıdurmaların artması müşahidə olunur: “Nüvə sazişini fəal şəkildə uzatmağa çalışan AB başa düşür ki, bundan heç nə əldə etməyəcək, ona görə də Tehrana əlavə sanksiyalar tətbiq edəcək”.

Felgenhauerin fikrincə, Ukrayna savaşı, Avropanın enerjiyə ehtiyacı və antiiran məsələsində Bakı hazırda Qərbin əsas müttəfiqidir: “Buna görə də Qərb Ermənistana görə Azərbaycana qarşı addım atmayacaq.

Ermənistanda isə vəziyyət fərqlidir. Onun ən yaxın müttəfiqlərindən biri Rusiya, digəri İrandır. Bu, o deməkdir ki, Ermənistan ağır vəziyyətdədir və o, əlaqələri şaxələndirməyə çalışır. İrəvanın Moskva və Tehranla birbaşa qarşıdurmaya getməsi də mümkün deyil. Əgər sənin belə bir dostların varsa, demək, həddən artıq çox düşmənin var”.

“Etirazçıların öldürülməsinin və İranın nüvə proqramının inkişafını dayandırmagın yeganə yolu bu hökumətə qarşı sarsıdıcı sanksiyalar tətbiq etməkdir”.

Bunu isə İsrailin informasiya naziri Gila Gamliel Təl-Əvivdə keçirilən Qadın Liderlər Sammitindəki çıxışında bildirib.

“Şübhəsiz ki, İranın nüvə proqramı İsrail və region üçün ən böyük təhlükədir. Sanksiyalar təkcə İranın nüvə bombası əldə etməsinə mane olmayacaq, həm də İranda etirazların vəhşicəsinə yatırılmasını dayandıra bilər”, - Gamliel deyib.

Yeri gəlmişkən, İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivdə keçirilən Hartoq Milli Təhlükəsizlik Konfransında çıxış edərkən bildirib ki, etibarlı hərbi təhdid İranın nüvə ambisiyalarına qarşı durmağın ən yaxşı yoludur. Bu, nə qədər geciksə, bir o qədər çətin olacaq.

“Üsyankar dövlətlərin nüvə silahı yaratmasını dayandırmağın yeganə yolu etibarlı hərbi təhdid və ya etibarlı hərbi əməliyyatdır. Bunu sarsıdıcı iqtisadi sanksiyalarla birləşdirə bilərsiniz, lakin bu, kifayət deyil. Nə qədər çox gözləsək, bir o qədər çətinləşər. Biz çox gözləmişik”, - Netanyahu deyib.

Amerikada yaşayan güneyli enerji strateqi Ümid Şükrinin fikrincə, İranda yalnız elektrik enerjisi deyil, təbii qazla da bağlı yanvar ayında böhran yaşandı. İnqilabdan 44 il sonra İran istədiyi səviyyədə nə elektrik istehsal edə bilib, nə də təbii qaz. Sanksiyalar, daxildə tələbatın çox olması, infrastrukturdakı problemlər, stansiyalarda verimliliyin azlığı - bunlar hamısı təbii qaz və elektrik enerjisi böhranının artmasına səbəb olur.

Onun sözlərinə görə, bu sahənin inkişafı üçün kifayət qədər sərmayə qoyulmayıb, işlədilən texnologiya isə köhnədir:

“Hər il istehsal azalır, məsrəf isə artır. Sadəcə, bu il deyil, gələn il də proses bu qaydada davam edəcək. Sanksiyalar götürülmədiyi müddətdə İran istədiyi texnologiyanı və xarici sərmayəni ala bilməsə, təbii qazda və elektrikdə böhran günbəgün daha da şaxələnəcək, insanlara, fabriklərə, sənayeyə təsir edəcək. Həmçinin, istehsalat bütün sahələrdə azalacaq”.

Ümid Şükri hesab edir ki, İranın nüvə enerjisi ilə bağlı məqsədi, əslində, elektrik istehsal etmək üçün nəzərdə tutulmayıb:

“İranın atom enerjisinin arxasınca düşməsi elektrik istehsalı üçün deyil. Onun məqsədi nüvə enerjisindən bomba hazırlamaqdır. İranın ümumi siyasətinə baxsaq, inqilabdan sonra iqtisadiyyat və ölkənin inkişafı prioritet olmayıb. Sərmayələri də nüvə, raket və dron kimi sahələrə qoyurlar. Bu sahələrə daha çox diqqət ayrıldığından enerji və digər iqtisadi bölmələr qalır. Vaxtında sərmayə qoyulsaydı, İran elektrik enerjisində və təbii qazda problem yaşamazdı. Bu da əllərinə bahənə verə bilər ki, nüvəyə daha çox yatırım etsinlər və elektrik istehsalı üçün nüvə santralı açsınlar. İlk nüvə santralı Rusiya tərəfindən İranda inşa edildi. Amma İranda elektrik böhranın həllində böyük rolu olmadı”.

Onun sözlərinə görə, İranın xarici siyasətində ciddi dəyişiklik olmasa, enerji böhranı daha da böyük problemlərə səbəb olacaq:

“İranın bəzi bölgələri yayda çox isti olur. İnsanlar soyutma qurğularından istifadə etməyə, yemək bişirməyə məcburdurlar. Bunun üçün də elektrik enerjisi lazımdır. Tələbatları qarşılanmadığı zaman narazı qalan insanlar etiraz edib, küçələrə çıxacaq. Enerji böhranını çözmək üçün İranın heç bir planı yoxdur. Yanvarda təbii qaz böhranı oldu, İran stansiyalara mazut verdi. Mazutun yanması isə havanı çirkləndirir və insanların səhhəti üçün zərərlidir. Elektrik istehsalı yetərincə olmasa, insanların normal həyatı, istisadiyyat, fabriklər - hamısı problemlə qarşılaşacaq”.

Xatırladaq ki, 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya Tehranın nüvə inkişafı ilə bağlı böhrandan çıxmaq üçün İranla Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar. ABŞ-ın əvvəlki prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən çıxmaq qərarına gəlib. Hazırkı Amerika lideri Co Bayden dəfələrlə Vaşinqtonu nüvə sazişinə qaytarmağa hazır olduğunu bildirib.

2021-ci ilin aprel ayından Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa JCPOA-nı orijinal formada bərpa etmək üçün Vyanada İranla danışıqlar aparıb. 2022-ci il noyabrın 10-da Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Avstriya paytaxtında İran nümayəndələri ilə danışıqların növbəti mərhələsinin heç bir nəticə vermədiyini bildirib.

Cavid