“Putinin ciddi problemləri var” Dünya

“Putinin ciddi problemləri var”

"Onun üçün çox çətin olacaq…"

Cavid

2013-cü ilin yazında Sergey Quriyev çox tələsik şəkildə Rusiyanı tərk etmək məcburiyyətində qalmışdı. Çünki müstəntiqlər onun ofisində yoxlamalara bşlamışdılar. O, Rusiyanın rəsmi mövqeyinin əksinə olaraq, "Yukos" neft konsernin dövlət müəssisəsinə çevrilməsini tənqid edən ekspertlərdən biridir.
İndi Qurievin 44 yaşı var və o, Parisin aparıcı "Sciences Po" araşdırmalar institutunda dərs deyir. Bu ilin yazında S.Quriev Avropa İnkişaf və Yenidənqurma bankının baş iqtisadçısı postunu tutacaq.
Onun "Die Welt"ə Rusiya prezidentinin siyasəti ilə bağlı müsahibəsini təqdim edirik:
-Rusiya iqtisadiyyatı artıq iki ildir ki, böhran keçirir. Bu böhranın dib nöqtəsinə gəlib çatdığımızı söyləmək olarmı?
-Yox! Çünki iqtisadiyyatın geriləmə tempi ləngisə də, o hələ davam edir. Hər şey neftin qiymətindən asılıdır. Orta göstəriciyə əsasən, 2016-cı ildə iqtisadiyyat bir faiz daralacaq. Əgər neftin qiyməti 35 və ya 30 dollar səviyyəsinə düşərsə, onda iqtisadi geriləmə 2% təşkil edəcək.
-Ukrayna müharibəsi ilə əlaqədar olaraq, Rusiya əleyhinə tətbiq edilmiş sanksiyalar hər hansı bir rol oynayırmı?
-Keçən il ÜDM 4% azalmışdı. Düşünürəm ki, əgər neft köhnə qiymətlər səviyyəsində qalsaydı və anti-Rusiya sanksiyaları olmasaydı, onda ÜDM müsbət 2 % olacaqdı.
Sanksiyalar neftin qiymətinin neqativ təsirlərini gücləndirir. Ona görə ki, Rusiyanın asan pullara çıxışı çətinləşib. Əlavə etmək istəyirəm: başa düşmək lazımdır ki, burada söhbət təkcə indiki sanksiyalardan yox, gələcəkdə yeni sanksiyaların tətbiq oluna biləcəyindən gedir. İnvestorlar bu risklərdən çox narahatdırlar. Elə bu səbəbdən də kapital ölkəni tərk edir.
-Lakin gec və ya tez Rusiya, hətta, yüksək neft qiymətlərində də struktur böhranı ilə qarşılaşacaq, elə deyilmi?
-Siz haqlısınız. Lakin böhran bir qədər zəif böyümə ilə gedəcəkdi. Bir məqamı unutmaq olmaz: neftin qiymətinin düşməsi nəticəsində yaranan effekti dəyərləndirmək çətindir. Çünki Mərkəzi Bank 2014-cü ildə rublun üzən məzənnəsinə keçib, buna qədər isə nəyin baş verməsini dəqiqliklə söyləmək olmaz. Ona görə ki, Mərkəzi Bank aktiv şəkildə vəziyyətə müdaxilə etmişdi. Rublu sərbəst buraxmaqla, Mərkəzi Bank düşmə effektini yüngülləşdirmiş və müəyyən qədər də ölkə istehsalçılarını qoruya bilmişdi.
-1998-ci ildə rublun çöküşündən sonra Rusiyada istehsal artmağa başlamışdı. İndi belə bir şey ola bilərmi?
-Əlbəttə. Amma effekt əvəlki kimi böyük deyil. Bir tərəfdən rublun dəyərsizləşməsi vəziyyətə kömək göstərsə də, digər tərəfdən isə maliyyə sanksiyalarına görə kreditlərə çıxmaq bahalaşıb. Məsələ təkcə kreditlərdə də deyil. Əsas məsələ mülkiyyətin kifayət qədər qorunmamasında və müstəqil ədliyyənin yoxluğundadır.
-Amma, hər halda, tez-tez deyirlər ki, rubl dəyərdən düşdüyünə görə, Rusiya aktivləri daha cəlbedici olub və onları almaq vaxtıdır.
-Ola bilər ki, indi Rusiya bazarına getmək istəyən adamlar var. Lakin iş ondadır ki, bu aktivlərin alınmasını məsləhət görənlərin özləri onu almırlar.
-Biz sizinlə iki il bundan əvvəl söhbət edən zaman, söyləmişdiniz ki, Rusiya əhalisi sanksiyaların təsirini yalnız 2017-2018-ci illərdə hiss edəcək. Siz yenədəmi bu cür hesab düşünürsünüz?
-Problem ordadır ki,bundan sonra 2014-cü ilin yayında Rusiya sanksiyalara cavab kimi, ölkəyə gələn ərzaq məhsullarına embarqo tətbiq etdi. Bu isə birbaşa vətəndaşların həyatına təsir göstərdi. Çünki qida məhsullarının qiyməti qalxdı.
Digər tərəfdən isə, bundan sonra sanksiyalar əlavə sərtləşdirildi. Mənim hələ o zaman söylədiyim kimi, başlıca risk investisiyanın kəsilməsi idi. 2014-cü ildə kapital axını fantastik – 150 miyard dollar təşkil etdi. Bunu öncədən görmək mümükün deyildi.
-Qərb Rusiya hakimiyyətinə qarşı münasibətdə özünü necə aparmalıdır? Amerikanların bu yaxınlarda eyham vurduqları kimi, sanksiyalar yumşalmalıdırmı?
-Mənə elə gəlir ki, avropalılar və amerikanlar eyni şeyi söyləyirlər: sanksiyaların qalxması Minsk razılaşmasının yerinə yetirilməsindən asılıdır. Qərbə məsləhət vermək mənim işim deyil.
-Hakimiyyət dəyişikliyi olmadan Rusiyanın təcrid vəziyyətindən çıxması mümkündürmü?
-Mən bunu şərh edə bilmərəm. Ancaq onu deyə bilərəm ki, hətta, sanksiyalar götürülsə də, Rusiya rəhbərliyi yenə də çətin vəziyyətdə qalacaq. Xeyli sayda iqtisadi problemlər mövcuddur. Artıq xərcləri azaldırlar. Əgər neftin qiyməti bir daha bu ilin əvvəlindəki səviyyəyə enərsə, onda Rusiyanın ÜDM-nin 4,5%-ni təşkil edən Ehtiyyat Fondu, artıq 2016-cı ildə əriyəcək. Neftin qiyməti indiki səviyyədə qalarsa və ya bir barell üçün 50 dollara yüksələrsə, Ehtiyat Fondu bu il üçün yetərli olacaq, amma 2017-ci ilə orada pul qalmayacaq.
-Artıq 15 ildir ki, Putin kimi bir adam, necə olub ki, ölkəni çətin şəraitdən bu cür iqtisadi vəziyyətə gətirə bilmişdi?
-Əgər siz Putinin çıxışlarına baxsanız, o zaman görərsiniz ki, o, sözdə iqtisadi islahatları müdafiə edir. Bəli, praktikada Putin 2000-ci illərin əvvəlində Rusiyanı islahat yolu ilə dünya iqtisadiyyatına inteqrasiya edə bilmişdi. Bu, neftin qiyməti indiki səviyyədə olmayanda baş vermişdi. Yəni onun təcrübəsi var. Lakin hazırda Putin üçün çox çətin olacaq, çünki Qərb artıq ona inanmır.
- Avropa ilə mübahisədən sonra, Çinə tərəf çevrilmək hələki Rusiyaya böyük bir uğur gətirməyib. Bu haqda nə deyə bilərsiniz?
-Prinsip etibarı ilə hələlik nəzərəçarpacaq iqtisadi uğurlar yoxdur. Xeyli sayda bəyanatlar və planlar var, ancaq bunlar hələki nə investisiya səviyyəsini, nə də mal dövriyyəsini artırıb. Düzdür, burada neftin qiyməti də müəyyən qədər təsiredici amildir. Çinin Avropa və Amerika ilə çox sıx əlaqədə olduğunu görməmək mümkün deyil. Çin üçün ABŞ daha böyük tərəfdaşdır, nəinki Rusiya. Ona görə də, elə əvvəldən də bəlli idi ki, Rusiyanın ambisiyaları hədsiz böyükdür.