NATO 4 ölkəyə 4 min əsgər göndərəcək Dünya

NATO 4 ölkəyə 4 min əsgər göndərəcək

Bunu Polşanın müdafiə naziri Antoni Makiereviç bildirib

Cavid

Polşanın xəbər agentliyi PAP-a görə, NATO-nun baş katibi Jens Stoltenberq ilə görüşən Makiereviç mətbuata açıqlamasında 8-9 iyulda Varşavada keçiriləcək NATO zirvəsindən danışarkən, bu məlumatı verib. Nazir Polşa və Baltik ölkələrinin hər birinə bir tabor, ümumilikdə isə 4 min əsgər göndəriləcəyini və onların NATO-nun şərq qanadının əhəmiyyətli bir ünsürü kimi bölgədə daimi qalacağını vurğulayıb: "Bizim Stoltenberqlə görüşümüzdə bu, bir daha təsdiqləndi".
ABŞ, İngiltərə və Almaniyanın Şərqi Avropa ölkələrini dəstəkləyəcəyini vurğulayan müdafiə naziri NATO zirvəsindən sonra bu regiona cəmi 8 min əsgər və çox sayda hərbi təchizatın göndəriləcəyini də vurğulayıb.
Qeyd edək ki, alyansın Baltik ölkələrinə və Polşaya əsgər göndərmək istəyi yeni deyil. Bir müddət əvvəl İngiltərənin "The Telegraph" qəzeti NATO dövlətlərinin müdafiə nazirlərinin toplantısında Estoniya, Latviya, Litva, Polşa, Bolqarıstana əsgər göndərilməsinə dair qərar qəbul edildiyini bildirmişdi. Qəzetin yazdığına görə, bölgəyə təkcə əsgər yox, həmçinin xüsusi təyinatlılardan ibarət desant qrupu, raketlərdən müdafiə sistemləri, hərbi təyyarə və vertolyotlar da göndəriləcək. Hərbi texnikalar rotasiya qaydasında bir-birini əvəz edəcəklər. İttifaqın əsasən 3 ölkəsi – ABŞ, Almaniya və İngiltərə ordusuna məxsus hərbi hissələr Rusiyanın hər hansı müdaxiləsinə ilk reaksiyanı verən öncüllər olacaqlar.
NATO-nun Baltik ölkələri və Polşaya öz hərbi qüvvələrini yerləşdirmək niyyəti Ukrayna böhranından sonra yaranmış zərurətdən doğub. Rəsmi Kiyevin Avropa Birliyinə inteqrasiya qərarından sonra Rusiyanın Krımı və Ukraynanın şərqini ilhaq etməsiylə Qərb dünyası soyuq müharibədə dövründə dünyanı lərzəyə gətirən rus xofunun hələ də ortadan qalxmadığını, hər zaman qış yuxusundan oyana və vaxtilə sovet imperiyasının hegemonluğu altında olan ərazilərə iddia edə biləcəyini anladı. Məhz Ukrayna böhranı onları keçmiş sovet məkanına aid Baltik respublikalarına da eyni təcavüz ssenariləri barədə baş sındırmağa məcbur etdi və hər kəsi eyni sual maraqlandırmağa başladı: əcəba, ruslar hücum edərsə, bu ölkələr nə qədər müddətə dirənə bilərlər?
Ekspertlərin gəldiyi qənaət isə olduqca qorxuncdur. Məsələn, Lavren Tompson "Forbes"-ə yazdığı məqaləsində bu təcavüzün sadəcə 2-3 gün zaman alacağını bildirmişdi. Üstəlik, bu qədər qısa müddətə NATO qüvvələri öz yeni müttəfiqlərinin harayına belə çata bilməyəcəkdilər. İşğaldan sonra hər hansı müdaxilə isə daha ağır nəticələri ortaya çıxara bilərdi.
Bu cür xoşagəlməz sürpizlərə yol verməmək üçün 2004-cü ildən etibarən NATO qalasına çevrilən Baltik ölkələrinə indidən rus hücumlarının qarşısını alacaq qüvvələr göndərilməli idi. Beləcə, bəndi-bərəni bərkitdikdən sonra ediləcək hücumun məsuliyyəti Rusiyanın üzərində qalacaq və Moskva yaşanacaq hadisələrin ağır məsuliyyətini düşünəcəkdi. Bir növ, rus təhdidinə qarşı çəkindirici güc qazanmaq üçün NATO bu riskli addımı atmalı idi.
NATO-nun "Baltik açılımı" niyə risklidir?

1-ci risk

Risk meydana gətirən amilləri iki yerə ayırmaq olar. Əvvəla, bu addım Rusiyanın təhlükəsizlik strategiyasına qarşı olduğundan, bəllidir ki, Moskva tərəfindən laqeydliklə izlənməyəcək. Necə ki, izlənmir də. İstər NATO-nun Şərqi Avropada öz qüvvələrini yerləşdirmək fikrinə Kremlin kəskin reaksiyası, istərsə də Baltik dənizində ABŞ gəmi və təyyarələrinin hərəkətinə rus ordusu tərəfindən verilən, faktiki təhdid həddinə varan əks-reaksiyalar bu iddianı təsdiqləyir.
Sergey Lavrovun bu yaxınlarda Macarıstanın "Magyar Nemzet" qəzetinə müsahibəsi də məlum iddianın ən bariz dəlillərindədir. Müsahibədə NATO-nun şərq qanadındakı hərbi gücünün artırmasına Rusiyanın mütləq cavab verəcəyini söyləyən Lavrov deyib: "Bölgədəki vəziyyət çox kritikdir. Baxmayaraq ki, mən vəziyyəti dramatikləşdirmək fikrində deyiləm. Ancaq milli təhlükəsizliyimizə yönəlmiş risklərin və təhlükələrin aradan qaldırılması üçün lazım olan addımları atacağıq".
Lavrov həmin müsahibədə açıq şəkildə onu da vurulayıb ki, ABŞ-ın Avropada yerləşdirdiyi raketdən müdafiə sistemləri daxil olmaqla, NATO-nun Avropadakı strateji balansı pozmak üçün atdığı adımlara göz yummaları mümkün deyil. İnsafən, Rusiyanı başa düşmək çətin deyil. NATO qüvvələrinin Baltik dənizində möhkəmlənməsi Rusiyaya qarşı təhdidin, az qala, ölkənin mərkəzinə qədər uzanması deməkdir. Nədən ki, NATO qüvvələrinin yerləşəcəyi ölkələrdən Estoniya Rusiyanın ikinci paytaxtı sayılan Sank-Peterburqdan quru yoluyla sadəcə 150 km aralıdır. Hava yoluyla isə bu məsafə daha qısadır. Sözsüz ki, Moskva tam burnunun dibində ona qarşı yönələcək raket qurğularının altında rahat yata bilməz və bunu ölkə rəhbəri Putin də açıq mətnlə dəfələrlə ifadə edib.
Üstəlik, NATO qüvvələrinin gündə bir bəhanə ilə yeni ittifaq üzvlərinin hərbi qüdrətini artırdığı da nəzərdən qaçmamalıdır. 2004-cü ildə Rumıniya və Polşa ittifaqa üzv olanda hərbi alyansın rəhbərliyi bu ölkələrə sadəcə piyada qoşunlarını gətirəcəyindən bəhs edirdi. Üzərindən 10 il keçdikdən sonra isə Rumıniyanın Deveselu qəsəbəsindəki "Aegis" hərbi bazasına SM-2 raket batareyaları yerləşdirmək gündəmə gətirildi. Rusiya bu qurğulara asanlıqla hücum raketləri də yerləşdirməyi və atış mənzilinin 2400 km-ə çata biləcəyini əsas gətirib, onların Moskvaya yönəldiyini irəli sürür. ABŞ isə belə bir niyyəti olduğunu inkar etsə də, SM-2-lərin bu potesialda olduğunu danmır və Rusiyanın bütün etirazlarına rəğmən, bu il həmin hərbi bazanı aktivləşdirdi. Digər bənzər bir qurğunun 2 ildən sonra Polşada qurulacağı bildirilir və bu Moskvanı daha çox narahat edir. Bu da azmış kimi, Rusiyaya qarşı yönələn hərbi təhdid Baltik açılımıyla hədəfə bir addım da yaxınlaşacaq. Moskvanın bunu sükutla qarşılayacağını, əlbəttə, gözləməyə dəyməz.

2-ci risk

NATO qüvvələrinin Şərqi Avropaya yerləşdirilməsinin bir başqa riskli tərəfi onun ciddi maliyyə tələb etməsilə bağlıdır. Hesablamalara görə, bu bazaların yerləşdirilməsi və saxlanılması üçün 10-15 il ərzində, ən azı 30 milyard dollar lazım olacaq. Əsas maliyyə yükü isə hər il 700 milyon dollarlıq büdcə ilə ABŞ-ın çiyinlərinə düşəcək. Nəzərə alsaq ki, bu, hələ ilkin və ən qənaətcil proqnozdur, ABŞ-ın daha artıq cömərdlik göstərməsi ehtimalı da yaranır. Necə ki, İraq əməliyyatlarına başlayarkən, uzağı, 600 milyon dollar xərcləyəcəyini düşünən Pentaqon savaşdan 14 trilyon dollar itirərək ayrılmış və bu itki 2008-ci ildə böyük böhranla nəticələnmişdi. ABŞ Şərqi Avropada da eyni sürprizlərlə qarşılaşa və nəticədə iqtisadi, hərbi, siyasi çöküş yaşaya bilər.
Baxmayaraq ki, NATO-nun Şərqi Avropaya doğru genişlənməsində ABŞ-a İngiltərə və Almaniya kimi zəngin müttəfiqləri də kömək edəcək, amma maliyyə yükünün əksəriyyətinin Vaşinqtonun çiyninə düşəcəyi şübhə doğurmur. Ümumiyyətlə, bu hərbi alyansın bütün üzvləri Vaşinqtona çox arxayın olduqlarından, maliyyə öhdəliklərini yerinə yetirməyə tələsmirlər. Bu da son zamanlar Vaşinqtonun etirazlarına səbəb olur və o, müttəfiqlərini açıq şəkildə öhdəliklərini yerinə yetirməyə çağırır.
Maraqlıdır ki, bu məsələdə ən çox xəsislik edən də elə Almaniyadır. Məlumata görə, alyansın nizamnaməsinə əsasən, hər üzv öz Ümum Daxili Məhsulunun 2%-ni müdafiəyə ayırmalı olduğu halda, Almaniya bu il ÜDM-nun cəmi 1.14%-ni hərbə yatırıb. Bu xəsislik NATO-nun daha çox ABŞ-ın maraqlarına xidmət etdiyi düşüncəsindən irəli gəlir və yəqin ki, Almaniya və İngiltərə yenə də ABŞ-ın əlini tək daşın altına qoymasını gözləyəcəklər. Bu isə NATO-nun Şərqi Avropada möhkəmlənməsinin ABŞ-a iqtisadi cəhətdən də baha başa gələcəyindən xəbər verir…
Bütün risklərə baxmayaraq, NATO qısa müddətdən sonra Moskvanın tam qapısının ağzında dayanacaq. Bu, əlbəttə, Novruz qapıpusması deyil və Kreml darvazası ağzına atılan papağın nə anlama gəldiyini başqa cür anlaya bilər.