“Gülən icması dünyadakı başqa icmalara bənzəmir” Dünya

“Gülən icması dünyadakı başqa icmalara bənzəmir”

CHP millət vəkili: "Onlar dövlət idarələrində xırda qruplar halında təşkilatlanırlar, sonra yuxarı vəzifələrdəki adamlarıyla gizli əlaqələr qururlar"

Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul millət vəkili İlhan Cihanərin APA-ya müsahibəsini təqdim edirik.

- 10 fevral 2016-cı ildə Ərzincan baş prokuroru ikən FETÖ sizi kabinetinizdə həbs etdi. O vaxt FETÖ-yə qarşı qaldırdığınız cinayət işlərində sizə dəstək verilməməsinin səbəbi nə idi?
- Bunun iki səbəbi vardı: birincisi, o vaxtlar bunlar çox güclü idi. Ədliyyə Nazirliyinin müfəttişləri, bir çox hakim, prokuror o təşkilata xidmət edirdi, polisin isə çoxu onların əmrində idi. Mən onlara qarşı təhqiqata İstanbuldaykən başlamışdım, Ərzincanda cinayət işi qaldırma mərhələsinə gətirsəm də, dövlətin yüksək mərtəbələrinə etdiyim müraciətlərin o ünvanlara çatmasına mane oldular. Çox təəssüf ki, o vaxtkı ədliyyə nazirinə bu təşkilatın Türkiyənin milli təhlükəsizliyini təhdid etmə vəziyyətinə gəldiyini yazsam da, ədliyyə naziri mənə cavab vermək yerinə həbsimə razılıq verdi. Bu proses uzun müddət davam etdi. Ölkənin Baş Kəşfiyyat İdarəsinin hesabatları yüksək vəzifəli məmurların əngəlləri ilə qarşılaşırdı. Bu proses Baş Kəşfiyyat İdarəsi rəisinin ifadəyə çağırılmasına qədər davam etdi. Bu proses 17-25 dekabr 2013-cü ildə hökumətin başçısı, bəzi ailə üzvləri və nazirlərin həmin icma tərəfindən birbaşa hədəfə alınmasına qədər gəlib çıxdı. Mən 6-7 il əvvəl bu gün cərəyan edən proseslərlə bağlı proqnozlarımı başda ədliyyə naziri olmaqla, səlahiyyətli şəxslərə yazıb göndərmişdim. İndi bunlar hərbi çevrilişə təşəbbüs cəhdi göstərdi.
- Bəs FƏTÖ-nun orduya sızması necə olub?
- Gülən icması dünyadakı başqa icmalara bənzəmir. Onlar dövlət idarələrində xırda qruplar halında təşkilatlanırlar, sonra yuxarı vəzifələrdəki adamlarıyla gizli əlaqələr qururlar. Mən onlara həmişə "xüsusi icma" demişəm, Türkiyədə son 30-40 ildə səssiz-səmirsiz dövlət idarələrinə yerləşiblər. Liderlərindən aldıqları təlimata uyğun olaraq ən güclü şəkildə təşkilatlanana qədər idarələrdə öz mənsubiyyətlərini gizləməyə çalışıblar. Siyasi partiyalarda da bu cür olub. Onları müəyyənləşdirib dövlət qurumlarından təmizləmək asan olmasa da, siyasi iradənin qərarlılıq göstərməsi nəticəsində buna müvəffəq olmaq mümkündür. Onlara qarşı mübarizə daha əvvəl də fərdi şəkildə aparılmalıydı, bundan sonra da o cür aparılmalıdır.
- Bunu izah edə bilərsinizmi?
- Onların hər hansı vəzifədə olan adamının qəbul etdiyi qərara diqqətlə baxılmalıdır; əgər öz tərəfdarlarının faydasındadırsa, o adamı işdən uzaqlaşdırmaq lazımdır.
- Hərbi çevriliş cəhdinə qarşı Türkiyə Böyük Millət Məclisindəki siyasi partiyaların birlik nümayiş etdirmələri Türkiyənin gələcəyi üçün nə vəd edir?
- Çevrilişə qarşı ən sərt müqaviməti göstərən partiyaların daha sonra Məclisdə müştərək bəyannamə elan etmələri Türkiyənin gələcəyi baxımından çox mühüm örnəkdir. Bundan sonrakı mərhələdə biz bu mənzərəni ölkəmizdə demokratiyanın daha da dərinləşdirilməsi üçün davam etdirməliyik. Ümid edirəm ki, prezident Ərdoğan və hökumət çevrilişə cəhdin qabağının alınması vaxtı yaranmış həmrəylik və konsensus mənzərəsini qoruyub saxlayacaq.