Türkiyədə Qazaxıstan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı 50-ə çatıb Dünya

Türkiyədə Qazaxıstan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı 50-ə çatıb

2023-ci ilin avqust ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 48 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29 şirkət azdır.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Qazaxıstan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 137 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 14,4 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin avqust ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (33) qeydiyyata alınıb.
“İstanbulda qeydiyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 132 milyon türk lirəsi təşkil edib” - deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin avqust ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 25 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.