NATO Moskvanı niyə qorxudur? Dünya

NATO Moskvanı niyə qorxudur?

Əgər Obama və alyansın rəsmiləri Rusiya ilə hərbi münaqişədə maraqlı olmadıqlarını deyirlərsə...

Cavid

Ukrayna hadisələri, Krımın Rusiyaya birləşdirilməsi NATO-Rusiya münasibətlərinin kəskinləşməsinə səbəb olub. NATO rəsmi Moskvanı hədələməkdə davam edir, Moskva isə bu hədələrdən qorxmadığını bəyanlayır. NATO artıq Şərqi Avropanın hava məkanının müdafiəsini gücləndirməyə qərar verib. NATO baş katibi Anders Foq Rasmussen bildirib ki, Ukraynadakı vəziyyələt əlaqədar olaraq Qara dəniz və Baltik dənizinə də əlavə hərbi gəmilər göndərəcək: "İstənilən vəziyyətə hazır olmaq üçün havada dahf çox hərbi təyyarə, sularda isə gəmilər olacaq. Təyyarələr havada patrul xidməti çəkəcək, Baltik, Qara dəniz və digər harada lazımsa orada da gəmilərimiz xidmət çəkəcək".
Baş katib deyib ki, bütün bunlar qısa zaman ərzidnə təxirə salınmadan həyata keçiriləcək: "Yəni bu o deməkdir ki, yaxın bir-iki gün ərzində praktik məsələləri həll edən kimi biz bunları həll edəcəyik. Biz təxirəsalınmadan bunları etmək barədə qərar vermişik".
Belə çıxır ki, Rusiyanı hədə ilə yola gətirə bilməyən Qərb ölkələri nəhayət əməli addımlar atmaq qərarına gəliblər. Belə ki, Qərb ölkələrinin əsas hərbi alyansı olan NATO Ukrayna ətrafına hərbi qüvvələr cəmləşdirməyə başlayıb. Əslində, NATO-nu bu addımı atmağa vadar edən əsas cəhət Rusiya hərbçilərinin artıq Ukrayna ordusuna müəyyən həmlələr etməsidir. Bu hal və işğalın davam etməsi isə, qeyd olunduğu kimi, NATO-nu daha qəti hərəkət etməyə vadar edib. Məhz bu səbəbdəndir ki, Viktor Yanukoviçin devrilməsindən sonra Krım muxtar vilayətini nəzarətinə keçirən Rusiyaya NATO tərəfindən ilkin təhdid səsləndirilib. Belə ki, hərbi alyans Rusiya ilə birgə dəniz təlimlərini, yüksək səviyyədə toplantı keçirməyi dayandırıb. Eyni zamanda, NATO-Rusiya əməkdaşlıq məsələlərinə də yenidən baxılması qərara alınıb. Şimali Atlantika Müqaviləsi Təşkilatının rəsmi Moskva ilə əlaqələri dayandırdığı bir vaxtda Ukrayna ilə hərbi əməkdaşlığını daha da artıracağını elan edib. Rusiyanın NATO-dakı səfiri Aleksandr Qruşko isə hərbi alyansın son addımını ikili standartlarla yanaşma və "soyuq müharibə" kimi qiymətləndirib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin baş katibi Andrey Parubi bildirib: "Biz partnyorlarımızla danışıqlar aparırıq. Bu, regionda təhlükəsizliyin təmin olunması üçün vacib mexanizmlərdən biridir. Biz dərk edirik ki, Rusiyanın təhriki nəticəsində yaranacaq münaqişə Krımdan kənara çıxa bilər. ABŞ Ukraynanın təhlükəsizliyinin zamini olaraq çıxış edir. ABŞ regionda sabitliyin təmin olunması və Ukraynanın ərazi bütövlüyünü qorunması üçün kömək etməlidir". A.Parubi iqtisadi sanksiyalarla yanaşı, NATO qüvvələrinin Qara dənizə daxil olmasını da Qərbin mümkün cavab addımlarından biri olduğunu dilə gətirib. O, həmçinin əlavə edib ki, Ukrayna Budapeşt müqaviləsinin zamin ölkələri kimi Böyük Britaniya və ABŞ-ın köməyinə bel bağlayır.
Onu da bildirək ki, Qərbi qorxudan əsas amil digər bölgələrin də ruslar tərəfindən ələ keçirilə biləcəyidir. Məsələ bundadır ki, Ukraynın rusdilli regionlarında, Donetsk və Xarkov şəhərlərində vəziyyət Krımdakı vəziyyətlə müqayisə edilən səviyyədədir.
Ekspertlər isə hesab edirlər ki, bütün bu addımlar Moskvanın daha da aqressivləşməsinə səbəb olacaq. Rusiya qoşunlarının isə Ukrayna ilə sərhəd xətti boyu mövqe tutduğu bildirilir. Ukraynada Qərb qüvvələri ilə hərbi toqquşma isə hər an genişmiqyaslı müharibəyə çevrilə bilər.
Amma bir müddət öncə ABŞ prezidenti Obama deyib ki, ABŞ və NATO Rusiya ilə münaqişəyə can atmırlar: "Biz yeni soyuq müharibəyə başlamırıq, Birləşmiş Ştatlar və NATO Rusiya ilə hər hansı münaqişəyə həvəs göstərmir". Onun sözlərinə görə, "ABŞ, dünya və Avropa zəif yox, güclü və məsuliyyətli Rusiya ilə maraqlanır".
Şimali Atlantika Alyansının baş katibinin müavini Aleksandr Verşbou da bəyan edib ki, NATO və Rusiya arasında hərbi münaqişə ehtimalı minimaldır. Onun sözlərinə görə, təşkilata üzv olan heç bir ölkə birbaşa hərbi əməliyyatlar planlaşdırmır: "Biz Ukrayna böhranının siyasi yollarla nizamlanmasının tərəfdarıyıq. Rusiya və Ukrayna arasında digər tərəflərin iştirakı ilə siyasi dialoqun yaradılmasına dair beynəlxalq səyləri dəstəkləyirik".
Bununla belə, Verşbou qeyd edib ki, Rusiyanın hərəkətləri vəziyyəti gərginləşdirir və o, ümidvar olduğunu bildirib ki, böhrandan irəli gələn ziyan cüzi olacaq.
Digər tərəfdən isə Ağ Evin Milli Təhlükəsizlik Şurası müşavirinin müavini Ben Rods bildirib ki, ABŞ Şərqi Avropada NATO-nun quru və hərbi-dəniz qüvvələrini artıracaq. Hazırda Şərqi Avropa ölkələrində alyansa işləyən amerikalıların sayı təxminən 80 min nəfər olaraq qiymətləndirilir. Almaniya, Fransa və Polşa Avropa Birliyini Şərqi Avropa ilə bağlı siyasi yanaşmanı dəyişməyə çağırıb. Hər üç ölkənin xarici işlər nazirlərinin fikrincə, Şərqi Avropa ölkələrini artıq AB və Rusiya arasında kəskin seçim qarşısında qoymaq olmaz. Bundan başqa, ABŞ Şərqi Avropada raketdən müdafiə sistemlərinin yerləşdirilməsi prosesini də tezləşdirə bilər. Aydındır ki, bütün bunlar Kreml tərəfindən xoş qarşılanmır. Xatırladaq ki, ABŞ Rumıniya ərazisində Avropanı ballistik raket hücumlarından qoruya bilən müdafiə sisteminin tərkib hissəsi olacaq hərbi bazanın tikintisinə başlayıb. Rumıniyanın cənubunda yerləşən Deveselu raket hücumundan müdafiə bazasının tikintisinin 2015-ci ildə tamamlanması planlaşdırılır. Hərbi bazada SM-3 raket qurğuları və radar stansiyalarının yerləşdirilməsi nəzərdə tutulur. ABŞ rəhbərliyi bu sistemin yalnız müdafiə məqsədi daşıdığını və heç bir hücum potensialına malik olmadığını iddia edir. Rusiya isə öz sərhədləri yaxınlığında əvvəldən ABŞ-ın raketdən müdafiə sisteminin yerləşdirilməsinin əleyhinə çıxış edir. Bu fonda Rusiya hökuməti ölkənin Şərqi Avropa ölkələri ilə sərhəddə yerləşən Kalininqrad şəhərində "İsgəndər" raketlərini yerləşdirə biləcəyini açıqlayıb. Artıq bu prosesin reallaşacağı gözlənir. Xatırladaq ki, "İsgəndər-M" raketləri həm adi, həm də nüvə başlıqları ilə təchiz oluna bilir. Raketlərin hədəfi vurma məsafəsi 500 kilometrdir. Beləliklə, Kalininqradda yerləşdirilmiş rus "İsgəndər"ləri bütün Polşa ərazisini, o cümlədən Berlini vura bilər. Aydındır ki, bu komplekslərin yerləşdirilməsi bir tərəfdən ABŞ-ın raketdən müdafiə sisteminin elementlərini Avropada yerləşdirmək planlarına cavabdır. Digər tərəfdən isə, Kreml bununla NATO-nun Şərqə doğru genişlənməsinə cavab vermiş olur. Bundan əvvəl də Moskva rəsmiləri dəfələrlə ABŞ-ın Rusiya sərhədi yaxınlığında sistem yerləşdirməsinə ciddi cavab veriləcəyini bəyan edib.
Lakin NATO Rusiyanın hədələrini hələlik heçə sayır. Məlumatlara görə, Şərqi Avropa, ilk növbədə Baltikyanı ölkələrin ərazisində NATO-nun daimi bazaları yaradıla bilər. Adının çəkilməsini istəməyən NATO rəsmilərindən biri qeyd edib: "1990-cı illərdə Şərqi Avropadakı müttəfiqlərimizin ərazisində NATO bazalarının yerləşdirilməməsi barədə öhdəlik götürdük. Bir halda ki, Rusiya NATO ilə əməkdaşlığın əsas sənədlərində əks olunan öhdəliklərə riayət etmir, biz şəxsi məhdudiyyətləri yenidən gözdən keçirə bilərik". Lakin Şərqi Avropada NATO-nun daimi hərbi bazalarının yerləşdirilməsi fikrinə ehtiyatla yanaşanlar da var. Norveç xarici işlər naziri Berq Markanın fikrincə, Baltikyanı ölkələrin ərazisində NATO-nun daimi bazalarının yaradılması əlavə gərginliyə gətirib çıxara bilər: "Vəziyyət çox ciddidir, amma bizə əlavə gərginliyin yaradılması, təzyiqin artırılması lazım deyil". O, həmçinin, Krım işğalının "Soyuq müharibə" dövründən sonra Şərq və Qərb arasında ən ciddi böhranı yaratdığını bildirib. Norveçli nazir vəziyyəti daha da gərginləşdirməyin əleyhinə olsa da, NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısında səslənən əksər fikirlər bu yöndə olub ki, Rusiya ilə münasibətlərin bütün komplekslərinin yenidən nəzərdən keçirilməsinə ehtiyac var. Bütün bunlar isə, qeyd olunduğu kimi, əlavə gərginliyə gətirib çıxarır.
HATO Əməkdaşlıq İnstitutunun prezidenti Fərrux Məmmədovun fikrincə, Rusiya Ukrayna məsələsində bir daha sübut etdi ki, heç bir dövlətin ərazi bütövlüyünə və suverenliyinə hörməti yoxdur. Rusiyanın sadəcə bir istəyi var o da imperializm siyasəti yürüdüb çevrəsindəki dövlətləri işğal etmək: "Bizdə olan informasiyaya görə 2020-ci ilə qədər Rusiyanın işğal edəcəyi ərazilər və yeni siyasi xəritəsi artıq mövcuddur. NATO ilə əməkdaşlığı daha da möhkəmləndirməklə başlamış olan mövcud işğalların qarşısını almaq olar. NATO hazırda situasiyanın düzəlməsi üçün dialoqa daha çox üstünlük verir və sona qədər dialoqun başlanması və masa ətrafında problemlərin çözülməsi üçün səylərini davam etdirəcək. Lakin Rusiya bütün dialoqlardan kənar duraraq işğalçı siyasətini açıq səkildə davam etdirsə, Rusiyanın istənilən müqavimətinin dəf edilməsi üçün NATO öz gücünü nümayiş etdirməyə məcbur olacaq. NATO üçün tərəfdaş və üzv ölkələrin Milli Təhlükəsizliyi və ərazi bütövlüyü çox önəmlidir. Onları istənilən təhlükədən qoruyub və qoruyacaq.
Artıq Gürcüstan bu ilin sonuna qədər NATO-ya üzv ola bilər. Sürətlə dəyişən siyasi proseslər bunu göstərir. Təbii ki, NATO üçün ümumilik də regionun NATO-ya üzv olması daha çox önəm kəsb edir. Burada əsas rolu Azərbaycan və Gürcüstan oynayır".
F.Məmmədov onu da bildirib ki, Rusiya hazırda Ukrayna daxilində vətəndaş müharibəsini daha da qızışdırmaq niyyətindədir. Əgər bu istəyini gercəkləşdirsə, rusların müdafiəsini bəhanə gətirərək, Ukraynanın cənub-şərqini tam işğal edə bilər. Rusiyanın bu siyasəti tezliklə özünə qarşı çevriləcək. Rusiya isə həmin zaman düşdüyü böhrandan yalnız parçalanma yolu ilə qurtula biləcək: "Ukraynadakı böhran dərinləşdikcə və Rusiyanın təcavüzkar olduğu açıq-aşkar bəlli olduqca, dünya ölkələrinin siyasi kursu dəyişəcək. NATO-ya da bu imkan verir ki, sərhədlərini genişləndirsin. NATO sərhədlərini beynəlxalq hüquqa dayanaraq genişləndirir. Bu genişlənmə siyasətindən Azərbaycan kənarda qalmayacaq".