Suriyada kim kimə qarşı vuruşur? Dünya

Suriyada kim kimə qarşı vuruşur?

Əsas "oyunçular" və onların hədəfləri

Xeyli faktorların və çox sayda oyunçuların olduğu Suriya ərazisindəki Cerablus əməliyyatı Suriya böhranını içindən çıxılması çətin olan xaosa sürüklədi. Bu əməliyyat həm hərbi, həm də siyasi olmaq şərti ilə, bir sıra mövqe dəyişikliklərinə yol açtı. Almaniyanın "Die Welt" qəzeti yazıb ki, "Fərat qalxanı" əməliyyatı Suriyadakı müharibəni, həm Yaxın Şərq, həm də bölgə üçün proqnozlaşdırılması çətin olan təhlükəli bir vəziyyətə gətirdi. Suriya, sankı mini üçüncü dünya müharibəsi səhnəsinə çevrilir.
"Bir gün" qəzeti (Türkiyə) yazır ki, bu səhnədə ABŞ, Rusiya, İngiltərə, Almaniya, Səudiyyə Ərəbistanı, Qatar, Türkiyə, İordaniya, Bəhreyn, Küveyt, İran, Livan, İsrail kimi ölkələr və NATO, Hizbullah, İŞİD, Əl Nusra, Ahraruş Şam, Azad Suriya Ordusu (ASO) kimi təşkilatlar, həmçinin kürdlər yer alırlar. Yaxşı, bəs 2011-ci ildən indiyədək Suriyada davam edən bu qanlı müharibədə kim kimə qarşı vuruşur?
Amerika Birləşmiş Ştatları - Fars körfəzindəki ərəb ölkələri və Türkiyənin Ədalət və İnkişaf Partiyası hökuməti ilə birlikdə, Suriyadakı müharibənin cavabdehidir. Onlar Əsəd rejiminin dəyişilməsi üçün "ASO" başda olmaqla, müxtəlif cihadçı quruluşları dəstəkləyiblər. ABŞ bir yandan İŞİD-ə qarşı əməliyyatlar apararkən, digər yandan isə mötədil müxalifət adı altındakı müxtəlif cihadçı qrupları dəstəkləyir. Kürdlərlə müttəfiqliyi dərinləşdirərkən, Əsəd rejimi ilə görüşlər də keçirirlər. Əsədin getməsi artıq öncül məsələ olmaqdan çıxıb. Vaşinqton Rusiya ilə apardığı rəqabətdə bütün oyunçulara kömək göstərir.

Rusiya - Suriyadakı ən əsas oyunçu. Müharibənin əvvəlindən indiyədək Suriya dövlətinin yanında yer alıb. 30 oktyabr 2015-ci il tarixində Suriyadakı müxalifət hədəflərini havadan təyyarələrlə vurmaqla, müharibəyə birbaşa və rəsmi şəkildə qoşuldu. Onların iştirakı, müharibənin gedişindəki tarazlığı kökündən sarsıtdı. Dəməşq rejimini dəstəkləməklə yanaşı, kürdlərlə də yaxın münasibətlər qurublar. ABŞ ilə birlikdə Suriyanın yenidən necə qurulması məsələsində razılğa gələ bilməyiblər.

Türkiyə - Elə ilk başdan müxalifət adı altındakı silahlı qruplara kömək edib. "ASO" ilə yanaşı "Ahraruş Şam" və digər kiçikli-böyüklü sünnü türkmən qruplarını dəstəkləyib. Bütün strategiyasını Dəməşq hökumətinin devrilməsi istiqamətində qurub. Cerablusa daxil olmaqla, müharibənin başlamasından indiyədək söylədiyi "bufer zona" xəyalını gerçəkləşdirmə yolunda önəmli məsafə qət edib. Bir tərəfdən ABŞ, Avropa Birliyi və NATO ilə birlikdə hərəkət edərkən, digər yandan isə Rusiya-Tehran xətti üzərində də əlaqələr yaradır. Son Cerablus əməliyyatı da bu anlaşmanın bir nəticəsidir. Türkiyənin qırmızı xətti isə, kürdlərin ələ keçirərək, genişləndirdikləri ərazilərdir. "Üç gün ərzində Dəməşqdə namaz qılarıq" siyasətindən tutmuş, "Əsədlə bir keçid dövrü", "Rejimlə də danışıla bilər" kimi bəlağətlərə qədər baş vurulub. Türkiyə Cerablusa daxil olmaqla yenidən oyun meydanına qayıtdı.

İran - Həm hərbi, həm siyasi yardımı ilə əsas oyunçulardan biridir. Ən güclü xüsusi hərbi birlikləri ilə Suriya dövlətinin yanında vuruşur. General Qasım Süleymaninin rəhbərliyi altındakı birliklər, demək olar ki, ön cəbhədə döyüşürlər. İlk əvvəldən Türkiyə və ABŞ ilə fərqli cəbhələrdə olmalarına baxmayaraq, kürdlərin hər hansı bir status əldə etməsi məsələsində Türkiyə ilə oxşar mövqedə dayanıblar.
Suriya hökuməti - Rusiya və İran kimi ölkələr, Hizbullah, Pakistan, Əfqanıstan, İraqdan gələn şiə döyüşçülərinin təşkil etdiyi ittifaq sayəsində ayaqda dura bilib. Hal-hazırda müxtəlif ölkələrdən gələn on minlərcə cihadçı və onlara yardım göstərən Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələrə qarşı müqavimət göstərir. Kürdlərlə qurduqları tarixi ittifaq, daxildəki tarazlığın onların lehinə tərəf çevrilməsinə yol açdı.

Kürdlər/PYD – İlk gündən bu yana tərəfsiz siyasətləri səbəbiylə Suriya böhranının ən çox qazananaları da onlar olublar. "Nə rejim, nə də müxalifət" siyasətləri onları strateji oyunçuya çevirib. Onlar kantonlar (inzibati ərazi vahidləri) quraraq, de-fakto müəyyən idarəetmə strukturu yaradıblar. İlk hədəfləri hər üç kantonu coğrafi baxımdan birləşdirməkdir. Cerablusdan sonra Türkiyə ilə qarşı-qarşıya gəliblər. Ankaranın fikrinə görə, PYD-nin İŞİD-lə mübarizəsində əldə etdiyi uğurlar, Suriyanın şimalında bir kürd dövlətinin qurulmasına gətirib çıxara bilər. Kürdlərin müttəfiqləri qədər düşmənləri də çoxdur.

İŞİD - Suriyada Avstriya qədər bir ərazidə hökmranlıq edir. 2014-cü ildə xilafət elan edən İŞİD, hər gün mövqe və torpaq itirir. Əbubəkir əl Bağdadı rəhbərliyindəki İŞİD, Suriya ərazisindəki bütün oyunçuların düşmənidir. ABŞ liderliyindəki koalisyon təyyarələri ilə yanaşı, Rusiya bombardmançıları tərəfindən də bombalanır. İŞİD-in ən böyük maliyyə mənbəyi neft satışı və qaçaqmalçılıqdır.

Azad Suriya Ordusu (ASO) – Ankara və Ər-Riyad dəstəyi ilə qurulub və müxalifət təşkilatıdır. Döyüşlərin başladığı 2011-ci ilin mart tarixindən, Suriya ordusundan qaçan əsgərlər tərəfindən, birbaşa Türkiyə-Səudiyyə Ərəbistanın rəhbərliyi altında qurulub. ABŞ və Türkiyə tərəfindən "təlim keç və silahlandır" siyasəti çərçivəsində rəsmi şəkildə dəstəklənməsi də, bu təşkilatın zamanla güc itirməsini əngəlləyə bilməyib. Türk tanklarının və hərbçilərinin ardınca Cerablusa girmələri "ASO"ya yenidən güc verdi.

"Əl Nusra" – Suriyada ikinci ən güclü qrup olan "Əl Nusra" cəbhəsi "Əl Qaidə"nin Suriyadakı qoludur. Bu təşkilat Ankara və Qərb ölkələrindən daha çox yardım almaq üçün yaxın aylarda adını dəyişdirərək "Fəth-əş-Şam cəbhəsi" qoyub. Mart ayında Suriya hərbçilərinin nəzarət etdiyi İdlib şəhərini ələ keçirən "Fatehlər ordusu"nu istiqamətləndirən bu təşkilat, ölkənin cənubundakı xeyli sayda bölgənin nəzarətini əlində saxlayır. Digər tərəfdən isə Suriyaya nəzarət emək üçün İŞİD-lə də döyüşür.

"Hizbullah" - Livan mərkəzli şiə təşkilatıdır. Suriya xarici işlər naziri Feysal Miqdadın sözlərinə görə, onlar "Hizbullah"ı özlərinin əsas müttəfiqi hesab edirlər. "Hizbullah"ın Tehran ilə çox yaxın münasibətləri var. "Hizbullah"ın ən aktiv fəaliyyət bölgəsi isə Suriyanın Livan sərhəddindəki Kalamun dağları və onun əhatəsidir. "Hizbullah" lideri Hasan Nəsrullah bu yaxınlarda söyləyib ki, Suriyadakı fəaliyyətlərini bir qədər də intensivləşdirəcəklər. "Hizbullah" Suriya ordusu ilə birlikdə ölkənin hər yerində mühüm döyüşlər aparır. Onlar Suriyada yüzlərcə döyüşçüsünü itiriblər.

"Ahraruş Şam" – Son dövrlərdə Suriyadakı döyüşlərdə ön plana çıxan təşkilatlardan biri. Fars körfəzindəki ərəb ölkələri və Türkiyə tərəfindən dəstəklənir. Mart ayında İdlib şəhərini ələ keçirən "Fatehlər ordusu"nun ən mühüm elementlərindən biridir. Suriyanın şimal-qərbində aktiv olan təşkilat, son dövrlərdə cənubda da aktivləşib. Digər qruplarla birlikdə yeni ərazilər zəbt etmək istəyindədilər.

"Fatehlər ordusu" - Suriyadaki ən böyük cihadçı qruplardan biri. "Mötədil"və radikal qruplaşmalardan təşkil olunan "Fatehlər ordusu" ilə əlaqəli olan qruplara "Əl Qaidə"nin Suriyadakı qolu kimi tanınan "Əl Nusra Cəbhəsi" və "Ahraruş Şam"aiddir. Öz məğzinə görə "Fatehlər ordusu", digər təşkilatlar üçün çətir rolunu oynayır. Keçən il Ankara və Səudiyyə Ərəbistanı tərəfindən qurulub. Başlıca hədəfi İdlib şəhərinin alınması idi. Bu cihadçıların əksəriyyəti neçə illərdir ki, İordaniya, Əlcəzair, Əfqanıstan, Çeçenistan və digər ölkələrdən gəlirlər.