Britaniyalılar burka geyiminin qadağasına tərəfdardır Dünya

Britaniyalılar burka geyiminin qadağasına tərəfdardır

Müsəlman qadınların geyimi məsələsi Britaniyada 2011-ci ildən geniş müzakirə olunur

"The Telegraph" yazır ki, Britaniya cəmiyyətinin əksəriyyəti müsəlman qadınların geyindikləri burkanın qadağan olunmasına tərəfdardır. Sorğuda iştirak edənlərin yarısı hətta burkininin da qadağan olunmasını istərdi. Məqalədə deyilir ki, Britaniyada bu rəy sorğusu Fransada burkini qadağanının alovlandırdığı debatların ardınca keçirilib. Fransanın onlarca şəhərində bələdiyyələr müsəlman qadınların geyindiyi qapalı çimərlik paltarlarını qadağan etmişdi. Onların əksəriyyəti, hətta Ali Məhkəmə bu qadağanın qanunsuz olduğu barədə hökm çıxardıqdan sonra da yasağı qaldırmaqdan imtina edir.
Müsəlman qadınların geyimi məsələsi Britaniyada 2011-ci ildən geniş müzakirə olunur. Həmin vaxt Fransa üzü və bədəni tamamilə örtən burkanı qadağan etmişdi. Britaniyada YouGov firmasının apardığı sorğudan isə bəlli olub ki, respondentlərin 57 faizi burkanın qadağan olunmasına tərəfdardır. Rəyi soruşulanların yalnız 25 faizi bu qadağanın əleyhinədir. "The Telegraph" yazır ki, burkanın qadağanını istəməyənlərin əksəriyyəti 18-25 yaş qrupuna daxil olanlardır. Bütün digər yaş qruplarında olanlar belə bir qadağanın tətbiqini istədiyini bildirib. Yaşı 65-dən çox olan britaniyalıların 78 faizi burkanın qadağanına tərəfdardır.
Sorğu təhlili siyasi partiya tərəfdarları üzrə də aparılıb. Məlum olub ki, hakim Mühafizəkar Partiyaya səs verənlərin 66 faizi burka qadağanına tərəfdardır. İfrat millətçi UKİP partiyası tərəfdarlarının 84 faizi qadağanın tətbiqini istəyir.
Məhkəməsi burkiniyə qoyulmuş qadağanı ləğv edib. Yalnız sol təmayüllü Leyborist və Liberal-Demokrat partiyalarının elektoratında olanlar arasında qadağanı istəməyənlər istəyənlərdən çox olub. Bunun bir səbəbi də Britaniya müsəlmanlarının əsasən bu partiyalara dəstək vermələridir.
Müsəlman qadınlar üçün çimərlik paltarı burkininin qadağanını isə respondentlərin 46 faizi dəstəkləyir. Qadağanın əleyhinə olanlar 30 faiz təşkil ediblər. Britaniya hökuməti ötən həftə bildirmişdi ki, burkinini qadağan etmək və adamların necə geyinməsi məsələsinə qarışmaq niyyətində deyil. Hökumətin Bərabərlik Ofisinin sözçüsü bildirib ki, hakimiyyət adamların ictimai yerlərdə necə geyinməli olduqlarını diqtə etməyəcək. Sözçünün dediyinə görə, Britaniyada insanların ölkənin azadlıq və ədalət kimi dəyərlərinə hörmət göstərməsi daha mühümdür.
"The Telegraph" yazır ki, burka qadağanı Avropanın başqa ölkələrində tətbiq edilir. İsveçrə belə bir qadağanı ötən ay tətbiq edən son ölkə olub.