Estoniya 2035-ci ilədək tullantıları 80 faiz azaltmağı planlaşdırır - Kaya Kallas Dünya

Estoniya 2035-ci ilədək tullantıları 80 faiz azaltmağı planlaşdırır - Kaya Kallas

Estoniya 2035-ci ilədək tullantıları 80 faiz azaltmağı planlaşdırır.

Trend xəbər verir ki, bunu Estoniyanın baş naziri Kaya Kallas BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində təşkil edilən Ümumdünya İqlim Fəaliyyəti Sammitində (COP28) deyib.

"Sözləri əməllərə çevirmək üçün bizə qətiyyət lazımdır. Estoniyada biz artıq iqlimi diqqət mərkəzinə gətirməklə tədbir görürük. Fikrimizcə, iqtisadiyyat ekoloji qaydalara cavab verməlidir. Biz Estoniyada müasir texnologiyaların köməyilə "yaşıl" enerjiyə keçidi dəstəkləyirik. Cəmiyyətimizi, iqtisadiyyatımızı və düşüncə tərzimizi dayanıqlı gələcəyə yönəldirik. Tullantıları azaltmalı və eyni zamanda bərpa olunan enerjidən istifadəni təşviq etməliyik. 2030-cu ilədək bütün dünyada bərpa olunan enerji mənbələrini inkişaf etdirmək və enerji səmərəliliyini artırmaqla yanaşı, eyni zamanda qazıntı yanacağından imtina etməliyik. Hər bir ölkəni bu öhdəliyə qoşulmağa çağırırıq. Bizə iddialı danışıq nəticələri kimi, öhdəliklər də lazımdır. İlk nəticələr ümidvericidir. Ekosiddən müharibə vasitəsi kimi istifadə edənlərin geosiyasi intriqalarının bizi hədəfdən yayındırmasına imkan verməməliyik", - o deyib.

Kallasın sözlərinə görə, rəqəmsal texnologiyalar "yaşıl" islahatlar keçirməyə imkan verir.

"Parlament 2030-cu ilədək 100 faiz səviyyəsində bərpa olunan elektrik enerjisi üzrə yeni qanun qəbul edən kimi bu bərpa olunan enerji istehsalı səviyyəsini üç dəfə artırmağa imkan verəcək. 2035-ci ilədək tullantıları 1990-cı illə müqayisədə 80 faiz azaltmağı planlaşdırırıq. Bu cəsarətli ambisiyadır, çünki bu yaxına qədər enerji istehsalında qazıntı yanacağı növləri üstünlük təşkil edirdi.

""Yaşıl" iqlim fonduna 1,1 milyon avro, həmçinin bir o qədər əlavə tədbirlər üçün BMT Fonduna və yeni itki və zərər fonduna töhfə verdiyimizi bildirməkdən məmnunluq duyuram", - deyə o, əlavə edib.

Xatırladaq ki, dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində dünya iqlim fəaliyyəti sammitinin açılış mərasimi keçirilib.