İngilis səfir hacı oldu Dünya

İngilis səfir hacı oldu

"The Guardian" yazır ki, Britaniyanın Səudiyyə Ərəbistanındakı səfiri İslam dinini qəbul edərək suriyalı arvadı ilə birlikdə Həcc ziyarətini icra edib. Əynində zəvvarların geyindiyi ağ əba olan Simon Collisin fotosunu Tvitterə Kral Səud Universitetindən Fevziyyə Əlbəkr postlayıb. Onun postunda yazılmışdı: "İslamı qəbul etmiş ilk Britaniya səfiri Simon Collis arvadı Hüda ilə Məkkədə. Həmd olsun Allaha".
Səfir özünün cavab tvitində yazıb ki, 30 il müsəlman cəmiyyətlərində dolaşdıqdan sonra, 2011-ci ildə xanımı Hüda əl-Müjarkeşə evlənməzdən az əvvəl İslamı qəbul edib. Məqalədə deyilir ki, Collis Səudiyyə Ərəbistanında 2015-ci ildən səfirdir. Bundan əvvəl o, Yaxın Şərqin Suriya, İraq, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və Tunis kimi ölkələrində diplomatik xidmətdə olub. "The Guardian" yazır ki, bu barədə şərh verməkdən imtina edən Britaniya XİN bunun şəxsi məsələ olduğunu söyləməklə kifayətlənib. Beləliklə, Britaniya səfiri 1,8 milyon müsəlmanla birlikdə Həcc ziyarətini icra edərək hacı olub.
"The Sun" yazır ki, 5 uşaq atası, 60 yaşlı Collis prezident Əsədi kəskin tənqid etdiyinə görə 2012-ci ildə Dəşəməşqdən İraqa keçirilib. O 2000-2004-cü illər arasında Dubayda və Bəsrədə konsul kimi çalışıb. "The Sun" yazır ki, fotosu Tvitterdə dərc olunanadək çox az adam Collisin müsəlman olduğunu bilirdi.