Nyu Yorkda törədilmiş partlayışın şübhəlisi həbs edilib Dünya

Nyu Yorkda törədilmiş partlayışın şübhəlisi həbs edilib

Polis ötən həftəsonu Nyu York şəhərində bomba partlayışı törətməkdə və Nyu Cersidə bomba yerləşdirməkdə şübhəli bilinən Əfqanıstan əsilli ABŞ vətəndaşı Əhməd Xan Rahamini həbs edib. Bu partlayış nəticəsində 29 nəfər yaralanmışdı. Reuters xəbər verir ki, 28 yaşlı Rahami həbs edilərkən baş vermiş atışmada iki polis zabiti və onun özü yaralanıb. Nyu Cersidə həbs edilən şübhəli xəstəxanaya yerləşdirilib. Bu bomba hücumu dünya liderlərinin Nyu Yorkda keçirilən BMT illik Baş Assambleyasına toplaşdığı bir vaxtda həyata keçirilmişdi.
Federal Təhqiqatlar Bürosunun xəfiyyəsi William Sweeney deyib ki, hücumun motivləri hələlik tam bəlli deyil, lakin bu ərazidə hər hansı ekstremist qrupun fəaliyyət göstərməsinə dəlalət edən əlamətlər yoxdur. Sweeney deyib ki, hazırda bu hadisə ilə əlaqədar başqa heç kim axtarışda deyil. Xəfiyyə bildirib ki, ötən həftəsonu şübhəli qismində saxlanan beş nəfər ifadələri alındıqdan sonra sərbəst buraxılıb. Polisin məlumatına görə, bu hücumun xarici terror təşkilatları ilə mümkün əlaqələri araşdırılır.
Reuters yazır ki, polisə Linden qəsəbəsindən zəng edən bir nəfər şübhəlinin bir qapının kandarında yatdığını xəbər verib. Həbs olunarkən müqavimət göstərən Rahami polisə atəş açaraq onu qarnından yaralayıb. Polis nəfəri güllə keçirməyən jilet geyinmişdi. Rahami həmçinin polis maşınının pəncərəsinə atəş açaraq daha bir əməkdaşı yaralayıb. Şahidlər bildirirlər Rahaminin ailəsi Əfqanıstan mənşəli olsa da, "amerikanlaşmış" hesab olunurdu.