Putinin növbəti məkrli qanunu Dünya

Putinin növbəti məkrli qanunu

Kreml nəyin bahasına olursa-olsun SSRİ-nin bərpa etməyə çalışır

Cavid

Rusiya prezidenti Vladimir Putinin SSRİ və ya Rusiya imperiyasının ərazisində, yaxud müasir Rusiya Federasiyasının sərhədləri daxilində yaşamış, yaşayan, rus dilini bilən şəxslərə sadələşdirilmiş şəkildə vətəndaşlıq verilməsi qanununu imzalaması dünyanı növbəti dəfə şoka salıb.
Artıq kimsə şübhə etmir ki, Putin beynəlxalq hüququ tanımır və SSRİ-ni bərpa etmək üçün heç nədən çəkinmək fikrində deyil. Ancaq hər kəs onun bu avantürasının iflasla nəticələnəcəyi qənaətindədir.
Qanuna əsasən xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxslər əcnəbinin rus dilini bilib-bilmədiyini təsdiqləyən xüsusi komissiyada sorğu-sual olunacaq. Bunun üçün onlar rus dilində danışmalı və evdə, mədəniyyət sahəsində ondan gündəlik istifadə etməlidirlər. Yuxarıda göstərilən şəxslərdən başqa qohumları (valideynləri, nənə-babası və digər yaxınları) SSRİ və ya Rusiya imperiyasının ərazisində və müasir Rusiya Federasiyasının sərhədləri daxilində yaşamış, yaxud yaşayan adamlar da bu komissiyadan keçə bilərlər.
Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov qeyd edib ki, bu məsələ yeni deyil: "2006-cı ilin iyunun 22-də Putinin öz sərəncamı ilə Rusiya Federasiyasından kənarda yaşayan yurddaşların geriyə qaytarılmasına yardım olunması üçün dövlət proqramı qəbul olundu. Həmin proqramın və eləcə də Rusiyanın miqrasiya qanunvericiliyinin şərtlərinə görə, "1999-cu ilin may ayına qədər Rusiyanın sərhədlərindən kənarda yaşayan, SSRİ vətəndaşlığı olan və respublikalar müstəqilliyini elan etdikdən sonra onların vətəndaşlığını qəbul edən, eləcə də vətəndaşlığı olmayan şəxslərə yurddaş status tanınır. 2012-ci ildə müddətsiz elan olunan dövlət proqramı SSRİ-nin dağılmasından sonra Rusiya Federasiyasının sərhədləri kənarında qalan insanların Rusiyaya köçürülməsi və yerləşdirilməsini nəzərdə tuturdu.
Rusiyanın Krımı özünə birləşdirməsindən sonra aprelin əvvəlində Rusiya Dövlət Duması vətəndaşlığın alınması prosedurlarının asanlaşdırılması haqqında qanun qəbul etdi, bununla da rus dilinin daşıyıcıları olan keçmiş SSRİ vətəndaşları və eləcə də qohumları vaxtilə SSRİ-də yaşayan əcnəbilərə vətəndaşlığın verilməsi qaydaları sadələşdirildi. Bu qanun həmin şəxsin malik olduğu vətəndaşlıqdan imtina edib Rusiyaya köçməsini şərt kimi irəli sürür".
Ekspertə görə, Rusiyanın indiki vəziyyətində bu qanundan istifadə edənlərin çox olacağı ağlabatan deyil: "Qanun rus dili biliyinin səviyyəsini yoxladıqdan sonra vətəndaşlığın 3 ay ərzində verilməsini nəzərdə tutur. Belə hüquqdan istifadə etmək istəyində ola biləcək şəxslərin əksəriyyəti yaşlı nəslin nümayəndələridir və Rusiyada gəlmələrə olan münasibətdən, Moskva şəhərində hətta Rusiyanın regionlarından olan rusların miqrasiya xidmətlərində necə incidilməsindən xəbərdardırlar".
Ekspert Hail Cəlilin fikrincə, bu qanunun qəbulu Putinin SSRİ-ni bərpa etmək istəyindən irəli gəlir: "Putin imkan çərçivəsində bütün qanunlardan istifadə edib SSRİ-nin bərpasına çalışır. Gömrük İttifaqı, Avrasiya Birliyi layihələri, ardınca Krımın özünə birləşdirilməsi, Cavaxetiya ermənilərinə rus pasportlarının paylanılması, indi də yurddaş statusunun verilməsi qanunu. Bütün bunlar Putinin imperialist və məkrli siyasətinə hesablanıb. Putin hər vəchlə bu imkanlardan istifadə edib dünyada, xüsusən də MDB çərçivəsində hegemonluğunu qoruyub saxlamaq niyyətindədir. Bütün layihələri kimi bu qanunun da nəticə verməyəcəyi indidən bəllidir. Çünki MDB məkanına səpələnən rusların özləri də Kremlin belə avantürist layihələrinə etibar etmirlər".