Bloger hədəfə götürüldü Dünya

Bloger hədəfə götürüldü

Human Rights Watch Şimali Koreyaya "əyləncəli" səfərindən yazan blogeri tənqid edib

Cavid

Beynəlxalq insan haqları qrupu Human Rights Watch britaniyalı blogeri Şimali Koreyaya səfərindən sonra şən və müsbət şərhlər paylaşdığına görə tənqid edib. Təşkilat blogerin ölkədəki yoxsulluq və repressiyalara əhəmiyyət vermədiyini bildirib. Luis Kol sosial mediada Fun for Luis bloqunda Şimali Koreyaya 10 günlük səfəri haqda videonu paylaşdıqdan sonra ictimaiyyət tərəfindən bunun qəzəblə qarşılanacağını gözləmirdi.

Müsbət cəhətlər

Kol deyir ki, o, videoda diqqəti bilərəkdən müsbət cəhətlərə yönəltmək istəyib. Videoda onun su parkında sörf etdiyi və günəşin batmasını izlədiyi görüntülər nümayiş etdirilir. Lakin bloger videoda Şimali Koreya rəsmilərinin həmin yerlərə ancaq xüsusi insanların buraxıldığı haqda məlumat verməyib. "Mən araşdırmaçı jurnalist deyiləm. Mən siyasi şərhlər vermirəm və internetdə siyasi mövzuları işıqlandıracaq digər səhifələr var,"- deyə o bildirib.
Kol mediada heç bir şeydən xəbəri olmayan və ya Şimali Koreyanın ölkənin imicini yaxşılaşdırmaq üçün istifadə etdiyi şəxs kimi təsvir edilib. Bloger Pxenyan hökumətindən təqdimat videosu hazırlamaq üçün pul aldığı ilə bağlı iddiaları rədd edir.

Acı həqiqət

Human Rights Watch təşkilatının Asiya regionu üzrə direktoru Fil Robertson Seulda çap olunan Korea Times qəzetində bu həftə yazdığı məqaləsində Kolun Şimali Koreya haqda müsbət şərhlərini medianın nəzarətdə saxlandığı və insan haqlarınnın ciddi şəkildə məhdudlaşdırıldığı gizli və avtoritar dövlətdə baş verən sistematik qəddarlıqlarla ziddiyyət təşkil etdiyini bildirib.
"Bizim narahatlığımız Youtube və Tvitterdə 2 miliyona yaxın izləyicisi olan bu şəxsin Şimali Koreya haqda müsbət fikirlər paylaşmasıdır. Bu isə bizim orada insan haqlarının pozulmasına dair bildiklərimizdən tam fərqlidir,"- deyə Robertson Amerikanın Səsinə bildirib. 2014-cü ildə BMT-nin Baş Assembleyasında Şimali Koreyanın bəşəriyyətə qarşı cinayətlərlə əlaqədar Beynəlxalq Cinayət Məhkəməsinə verilməsi haqda səsvermə keçirilib. Səsvermədə təqdim olunan sənədlərdə ölkədəki siyasi məhbuslar haqda məlumat və insan haqları pozuntuları da daxil olmaqla, məcburi əmək, işgəncə, təcavüz və cinayət halları qeydə alınıb. Qətnamə Şimali Koreyanın müttəfiqi olan Çin və Rusiyanın səsvermədə veto hüququndan istifadə etməsi nəticəsində Təhlükəsizlik Şurasından keçməyib.

Üzrxahlıq

Kol üzr istəyərək Şimali Koreyanın "ideologiyasını" dəstəkləmədiyini və izləyiciləri ölkənin vəziyyəti ilə bağlı özlərinin araşdırma aparmasına təşviq etdiyini bildirib. "Mən belə bir qərara gəldim ki, mənim Şimali Koreya bloqumu izləyən insanlar həmin ölkə haqqında daha geniş məlumata sahibdirlər,"- deyə o bildirib.
Britaniyalı bloger həmçinin Şimali Koreyanın müsbət göstərildiyi video süjeti müdafiə edərək, bunun təcrid olunmuş ölkə ilə dinc münasiblətlərin qurulmasının bir yolu ola biləcəyini deyib. Robertson isə bildirib ki, Kolun məqsədi körpü qurmaq olmayıb. Ondan sadəcə istifadə ediblər.

İxtiyari həbslər

Luis Kolun səyahət bloqunda eyni zamanda, Şimali Koreyada xüsusilə də Amerika turistləri üçün ixtiyari həbslər riskinin əhəmiyyəti azaldılıb. Yanvar ayında Virciniya universitetinin tələbəsi Pxenyanda mehmanxananın divarında posteri çıxardığına görə 15 il ağır əmək-islah cəzası alıb. Son 10 il ərzində ABŞ-ın 14 vətəndaşı Şimali Koreyada həbs olunub. Aprel ayında ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarının Şimali Koreyaya səfərlər etməməsi ilə bağlı xəbərdarlıqla çıxış edib.