Rusiya indi də Avropaya barmaq uzadır Dünya

Rusiya  indi də Avropaya barmaq uzadır

Qabil Hüseynli: "Azərbaycan düşmən üzərində hərbi, siyasi və psixoloji üstünlüyünü heç zaman əldən verməyəcək"

"Payızda danışıqlar prosesi başlamalı, 5 rayonun geri qaytarılması məsələsi müzakirə edilməlidir. Rusiya bu prosesləri öz üzərinə götürsə də, hələ ki, hərəkətə keçməyib. Üstəlik, Ermənistana yeni dağıdıcı tipli silahlar verilir. Belə olan surətdə Azərbaycan təsirli cavab tədbirləri görməklə düşmən üzərində hərbi, siyasi və psixoloji üstünlüyünü heç zaman əldən verməyəcək".

Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri bildirib ki, Azərbaycanın Türkiyədən alacağı yarımballistik raketlər dağıdıcı gücünə görə heç də Rusiyanın Ermənistana verdiyi silahlardan geri qalmır:"Azərbaycanda Müdafiə Sənayesinin yeni bir sahəsi - raketqayırma sənayesi formalaşmaqdadır və bazası da artıq yaradılıb. Azərbaycan 280 kilometr məsafəyə uça bilən raketlərin istehsalını layihələndirib. Ümumiyyətlə, ilin sonuna qədər 120 adda yeni hərbi məlumatın hazırlığı və istehsalı nəzərdə tutulur ki, bu da ölkənin müdafiə sənayesini çox yüksək bir səviyyəyə çatdıracaq. Əlbəttə, Azərbaycan Ermənistana verilən "İsgəndər"lərlə bağlı Rusiya ilə diplomatik kanallar vasitəsilə fikir mübadiləsi aparır və bu raketlərin təyinatının dəyişdirilməsi, yəni Azərbaycana qarşı istifadə edilməməsi istiqamətində Moskvadan təminat almaq istəyir. Azərbaycanın sözügedən raketlərdən bir neçəsini alması da istisna deyil. Düşmənin təkcə Dağlıq Qarabağda deyil, Ermənistan ərazisindəki bütün hərbi obyektləri də ciddi nəzarət altıdadır. Biz bunu etməyə məcburuq, çünki payızda danışıqlar prosesi başlayacaq".

Proseslərin gedişatını dəyərləndirən politoloq çox önəmli bir məqama, separatçıların Moskvada gözlənilən görüşünün qəfil təxirə salınmasının pərdəarxasına da işıq salıb:

"Bu görüşü qeyri-hökumət təşkilatının keçirdiyi deyilsə də, bu mümkünsüzdür. Bu, dövlət xətti ilə həyata keçirilən bir tədbirdir, Azərbaycan, Gürcüstan və Moldovada da ciddi etiraz doğurub. Qərb ölkələri artıq həyəcan içərisindədirlər ki, Rusiya post-sovet məkanındakı münaqişələri qızışdırmaqla yanaşı, indi də Avropaya barmaq uzadır. Qərbin Rusiyaya qarşı qəzəbi hədsiz artıb. Amerikanın Rusiya olan münasibəti hər gün daha da pisləşir. ABŞ və AB artıq Rusiyaya ultimativ xarakterli xəbərdarlıqlar göndərib. Kerri çıxışında qeyd etdi ki, heç də uzaq olmayan bir zamanda İŞİD darmadağın edildikdə bundan canını qurtaran müəyyən qüvvələr Şimali Qafqaza toplaşacalar. Amerika kəşfiyyatının məlumatına əsasən, Gürcüstan, Çeçenistan və Dağıstandan olan İŞİD-çilər təşkilatın qərargahını Rusiyaya keçirə bilərlər. Əlbəttə ki, bunu alqışlamaq olmaz, çünki İŞİD təkcə Rusiya üçün deyil, bütün post-sovet məkanı üçün təhlükəlidir".


Politoloq Ermənistandakı mövcud vəziyyətə də toxunub. Bildirib ki, hazırkı hakimiyyət dəyişikliyi adi bir proses deyil, bu, ölkədə tam siyasi bir böhranın yetişməsi kimi qavranılmalıdır. Sözügedən böhran isə gec-tez Sərkisyan klanının iflasına gətirib çıxaracaq.

Politoloq Ermənistanda hazırda böyük siyasi böhran yaşandığını bildirib:

"Bu təlaşın kökləri Azərbaycan ordusunun qüdrətli Aprel savaşından sonra başlayıb. Sonrakı vəziyyət isə həmin hadisələrin təsiri altında ölkədə Qarabağ klanı əleyhinə başlayan yerli ermənilərin çıxışı ilə müşayiət olunur. Uzun müddətdir gedən bu mübarizədə yerli ermənilər gəlmə Qarabağ ermənilərinin onların hüquqlarını tamamilə ələ keçirdiklərini, ölkənin iqtisadiyyatını talan etdikləri və siyasi həyatı bütünlüklə inhisarlarına aldıqları qənaətindədirlər. Əslində, həqiqətən də yerli ermənilərin hüquqları əsaslı surətdə tapdanır. Ən əhəmiyyətli postlara, iqtisadiyyatın əsas sahələrinə, xüsusilə də özəlləşdirilmiş sahələrə Qarabağ klanı nəzarət edir. Bunu ayrı-seçkilik, sosial ədalətsizlik kimi qəbul edən yerli ermənilər isə imkan tapdıqca bu və ya digər partiyanın, son dövrlər isə ayrıca şəxslərin rəhbərliyi altında qiyam çağırışı ilə çıxış edirlər. Ermənistanda yerli əhali ilə gəlmələr arasında dərin bir uçurum əmələ gəlib. Getdikcə dərinləşən, ciddi barışmaz antaqonizmə çevrilən bu proses ilk təkan olacağı təqdirdə hətta böyük vətəndaş müharibəsinə belə çevrilə bilər".

Gündəmdə olan digər məsələyə - KTMT-nin baş katibi vəzifəsinin Ermənistana, sonra isə Qazaxıstana keçəcəyi ilə bağlı dolaşan söhbətlərə aydınlıq gətirən politoloqun qənaətinə görə, bu, rusların uydurduğu bir oyundur:

"Kreml məhz bu oyun vasitəsilə Ermənistandakı anti-rus meyillərini zərərsizləşdirir. Moskva həm də belə bir təsəvvür yaradır ki, "Rus NATO-su" kollektiv surətdə idarə edilir və idarəçilik də növbəlilik əsasında aparılır. Ancaq Ermənistanda gedən proseslər kifayət qədər mürəkkəbdir, idarəçilik ağır korrupsiya bataqlığı içərisindədir. Başda Levon Ter Petrosyan, Dəmirçiyan və digər siyasi partiya rəhbərləri olmaqla, yerli əhalinin əksər ziyalı təbəqəsi belə hesab edir ki, ayrı-ayrı adamların istefaya göndərilməsi vəziyyətdən çıxış yolu deyil. Bəziləri Qarabağ məsələsinin Ermənistanı bir bataqlığa yuvarladığını düşünür. Hətta millətçiliyin geniş yayılmasına baxmayaraq, "Dağlıq Qarabağ bizim nəyimizə lazımdır", "Ermənistan Dağlıq Qarabağ probleminə görə bu əziyyətləri həmişə çəkməlidirmi" suallarına da rast gəlinir. Sərkisyanı bu gün hakimiyyətdə saxlayan Kremldir. Rusiya belə hesab edir ki, Sərkisyanın missiyası tam bitməyib. Çünki o, Kreml qarşısında həddindən artıq üzüyoladır, əmrləri çox itaətlə yerinə yetirir. Bu mənada rusların müəyyən qədər rəğbətini qazana bilib".

Politoloq bildirib ki, bununla yanaşı, Rusiyanın gizlində ehtiyat variantları da var:

"Ermənistanda ekstremal və tam idarəedilməz bir vəziyyət yaranacağı təqdirdə Kremlin ehtiyat planları işə düşəcək. Hətta indidən Sərkisyanın yerinə Köçrəyan da daxil olmaqla bir neçə əvəzləyici hazırlanır. Beləliklə, Ermənistanda hazırkı hakimiyyət dəyişikliyi adi bir proses deyil, bu, ölkədə tam siyasi bir böhranın yetişməsi kimi qavranılmalıdır. Sözügedən böhran isə gec-tez Sərkisyan klanının iflasına gətirib çıxaracaq".