"Fransa bu siyasətlə özünü nüfuzdan salıb" Dünya

"Fransa bu siyasətlə özünü nüfuzdan salıb"

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən tədbir
Fransanın müstəmləkəçilik siyasətinin bütün dünyada ifşa olunması baxımından böyük əhəmiyyət kəsb edib.

Bunu "Xalq Cəbhəsi"nə Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov deyib.

Xatırladaq ki, fevralın 24-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə İstanbulda “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans keçirilib.

Əsas məqsədi müstəmləkəçilikdən zərər görən bölgələrin səslərinin dünya ictimaiyyətinə çatdırılması idi. Bakı Təşəbbüs Qrupu buna nail oldu və bundan əziyyət çəkən insanlar yaradılan platformalar vasitəsilə səslərini dünyaya çatdıra bildilər. Dünya bu regionlarda baş verən hadisələri, Fransanın müstəmləkəçilik siyasətinin ağır nəticələrini öyrəndi.

F.Kərimov qeyd edib ki, Fransanın təkcə Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparıb. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnib: "Özünü demokratik dəyərlərin daşıyıcısı hesab edən bir ölkənin XXI əsrdə müstəmləkəçilik siyasətini davam etdirməsi beynəlxalq hüququn, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının tapdalanması deməkdir. Fransa bu siyasətlə özünü nüfuzdan salıb".

Cavid