Amerikanın İraqda etdiyi kimi, Rusiya da Suriyada qalib gəlir? Dünya

Amerikanın İraqda etdiyi kimi, Rusiya da Suriyada qalib gəlir?

Doğrudanmı nəhəng dövlətlər müdaxilə etdikləri ölkəni hissələrə ayırmaq və bəlkə də onları on illərlə sürəcək bir münaqişə girdabına salmaq istəyirlər? Aydındır ki, xarici güclərin müdaxiləsindən sonra münaqişələr, müharibələr, vəlvələ və xaos uzun müddət davam edir. Lakin xarici güclər ölkədəki bu və ya digər oyunçuların tərəfində durduğundan, indi bu münaqişələr daha da qorxulu olmağa başlayıb.
"Al-Quds Al-Arabi" (Böyük Britaniya) yazır ki, İraq, Əfqanıstan, Somali, Yəmən və Yuqoslaviya təcrübəsi göstərir ki, xarici müdaxilə heç bir problemi həll etmir, əksinə, böhranın şiddətlənməsinə və Yuqoslaviyada olduğu kimi ölkənin parçalanmasına gətirib çıxarır. Ancaq səmimi söyləsək, baş verənlərə diqqət etdikcə əmin olursan ki, nəhəng dövlətlərin sülh yaratmaq və döyüşlərin dayandırılması bəhanəsi ilə müdaxilə etmələri, bu ölkənin sakinlərinin marağında deyil və yadellilərin fəaliyyətləri vətəndaş müharibəsi alovunun üstünə yağ tökür.
SSRİ Əfqanıstana ordu yeridəndə nə baş verdi? Elə əvvəldən SSRİ kommunist lideri Nəcibullanı müdafiə edirdi və onu hakimiyyətə gətirəndə bunun ardınca əfqan cəmiyyətinin daxilində mübarizənin gedəcəyi və xarici güclərin müdaxiləsi ilə nəticələnəcəyi güman olunmurdu. Sovet İttifaqı Əfqanıstana bu ölkədəki inqilabı dəstəkləmək üçün soxulmuşdu.
ABŞ və Sovet İttifaqının qarşıdurması səbəbindən, amerikalılar əfqan mücahidlərini pul və silahla təchiz etməklə SSRİ-yə qarşı dururdular. Və ümumi nəhayətdə mücahidlər SSRİ-ni Əfqanıstandan getməyə məcbur edə bildilər. Bəs, nəticə necə oldu?
Mücahidlər öz aralarında hakimiyyət uğrunda müharibəyə başladılar. Bu isə ölkənin faktiki olaraq parçalanmasına gətirib çıxarırdı. Sonda Taliban bütün rəqiblərini kənarlaşdırıb, hakimiyyəti öz əlinə aldı. Amma taliblərin hakimiyyəti uzun çəkmədi. SSRİ ilə mübarizə aparmaq üçün əfqanlara yardım göstərənlər (amerikalılar) yenidən ölkəyə soxuldular.
Amerika Əfqanıstana müdaxiləsinə 11 sentyabr hadisəsi ilə bəraət qazandırdı. O zaman prinsipial məsələ – taliban rejimini uzaqlaşdırmaq və hakimiyyətə Sovet İttifaqının həyata keçirdiyi kimi yeni loyal qüvvənin gətirilməsindən ibarət idi. Bəs, nəticə necə oldu?
Taliban amerikanların Əfqanıstandakı tərəfdaşlarına qarşı çıxış etməklə, müqavimət hərəkatına çevrildi. Beləliklə ölkə yeni vətəndaş müharibəsinə girdi və münaqişə Taliban ilə Amerikanın dəstəklədiyi hökumət arasında getməyə başladı.
Əlbəttə, amerikalılar Əfqanıstanda heç nə öyrənmədilər və topu İraqa atdılar və yeni oyun orada başladı. Səddam Hüseyn rejimi devrildi və onun yerinə müxalifət qüvvələri gəldilər. Bəs, nəticə necə oldu?
Səddam Hüseynin tərəfdarları və Amerikanın müdaxiləsindən ziyan çəkənlər, yeni hökumətə qarşı müqavimət təşkil etdilər. Bu, nəinki amerikanların İraqdan çıxmasına, həm də 2003-cü ildən indiyədək davam edən vətəndaş müharibəsinə səbəb oldu. Bu günkü İraq – xaos və dağıntıların ən parlaq nümunəsidir.
Amerika sovetlərin Əfqanıstana müdaxiləsindən dərs götürməyib. Elə Rusiya da Amerikanın İraqdakı səhvlərindən heç nə öyrənməyib. Hal-hazırda Rusiya Suriya münaqişəsinə müdaxilə etməklə, çoxluğa qarşı dayanan azlığın tərəfində durub. Alçaq rejimə nifrət bəsləyənlər əvəzinə, Rusiya Suriya xalqının iradəsinə qarşı hərəkət edənləri dəstəkləyir. İraqdakı diktatura rejimini uzaqlaşdırmasına Amerikanın bəraət qazandırdığı kimi, Rusiya da özünün Suriyaya sırtıqcasına soxulmasını İŞİD terroruna qarşı mübarizəyə bağlamaq istəyir. Faşistcəsinə Suriyaya soxulmağın, suriyalılar üçün kompromis yol axtarılması cəhdi kimi təqdim edilməsinə baxmayaraq, hamı bilir ki, Rusiya bu münaqişədə yalnız bir tərəfi müdafiə edir.
Sözsüz ki, Suriyadakı vəziyyət, sovetlərin Əfqanıstana girdikləri vəziyyətdən fərqlənir. Həqiqət ondadır ki, Amerika və Rusiya cihadçı qruplara qarşı mübarizədə müttəfiq sayılırlar. Ancaq tamamilə aydındır ki, suriyalılar üçün münaqişənin həlli yollarını heç kəs tapa bilməz. Münaqişə sosial gərginliyin artması ilə birlikdə yalnız dərinləşəcək.
Biz hamımız Rusiyanın Ukrayna və Gürcüstandakı son hərəkətlərinin nə ilə qurtardığını gördük. Əgər biz inansaq ki, Rusiya doğrudan da Suriya fəlakətinin həllini tapmaq istəyir, onda onlar oradan çıxıb getməlidirlər. Yalnız belə olan təqdirdə suriyalılar xarici güclərin əli olmadan münaqişənin necə həll edilməsini öz aralarında müstəqil şəkildə razılaşdıra bilərlər. Bu dayanıqlı və müsbət nəticənin əldə olunması üçün yeganə variantdır. O ki qaldı kənardan sırınmaq istənilən bütün həll yollarına, onlar ölkənin dağılması və boşalmasından başqa heç nəyə gətirməyəcək. Məgər Amerikanın İraqa müdaxiləsi daha mükəmml rejimin qurulmasıylamı nəticələndi? Xeyr! Bu yalnız ölkənin dini və etnik parçalanmasına gətirdi. Bəs, nəyə görə?
Ona görə ki, onlar buraya iraqlıların iradəsi ilə gəlməyiblər və sünnülərə qarşı mübarizədə şiələri dəstəkləyirlər. Əgər dünya hegemonu Amerika, özünün hərbi, iqtisadi və siyasi güdrəti ilə İraqda qayda-qanun yarada bilməyibsə, onda zəif Rusiya, xalqın əksəriyyəti tərəfindən dəstəklənməyən Suriya rejimiylə birlikdə nə edə bilər ki?