Rusiyadan məxfi Qarabağ mesajı Dünya

Rusiyadan məxfi Qarabağ mesajı

"Azərbaycan siyasi rəhbərliyinin yürütdüyü siyasət və bir sıra mühüm siyasi faktorlar Amerikanı ikili standartlardan xilas olmağa və Qarabağ məsələsini ərazi bütövlüyümüz çərçivəsində həll etməyə vadar edəcək".
Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Amerikanın Dağlıq Qarabağa münasibəti son 1 ildə müsbətə doğru dəyişib:
"Təxminən bir neçə ay bundan öncə Varşavada NATO dövlətlərinin sammitində postsovet məkanındakı münaqişələrin 1975-ci il Helsinki yekun aktının ərazi bütövlüyü prinsipinə uyğun həll edilməsinə dair qərar qəbul edildi. Burada xalqların öz müqəddəratını təyin etmə prinsipi tamamilə kənara atılır, yalnız beynəlxalq hüququn B prinsipi əsas götürülür. Bu, ABŞ siyasətində də aydın hiss edilir. ABŞ-ın belə mövqeyi Tramp tərəfindən daha qətiyyətli bir formada gündəmə gətirilə bilər. Var gücləri ilə Klintona işləyən və onun fonduna xeyli vəsait keçirən ermənilərin bütün planları suya düşdükdən sonra Trampın Bakıya çox isti münasibətinin şahidi olduq. Bundan başqa, onun Azərbaycanla müəyyən kommersiya əlaqələri də mövcuddur".
ABŞ-ın Azərbaycanla bağlı pozitiv mövqe dəyişikliyini və Trampın Bakı ilə şəxsi dostluq əlaqələrini nəzərə alan politoloqun qənaətinə görə, bu ölkə tərəfindən Dağlıq Qarabağ probleminə obyektiv yanaşmanın şahidi ola bilərik:
"Çünki Amerika Cənubi Qafqazda mövqelərini möhkəmləndirməyə çalışacaq. Gürcüstanla münasibətləri normal olan Vaşinqton çox yaxşı başa düşür ki, bunun yolu Azərbaycandan xeyli dərəcədə asılıdır. Azərbaycan Orta Asiya resbuplikalarından Şərqə açılan qapı kimi də Amerika üçün strateji baxımdan çox əhəmiyyətlidir".
Onu da qeyd edək ki, politoloq ABŞ-lı diplomat Ceyms Uorlikin həmsədrlikdən getməsinə münasibət bildirərkən deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin tez-tez dəyişdirilməsi mənfi qiymətləndirilməlidir. Bu, belə bir qənaət yaradır ki, sanki həmsədr dövlətlər Minsk qrupu vasitəsilə Dağlıq Qarabağ probleminin həllinə ümidlərini itiriblər və yaxud onlardan hər hansı biri problemin bu qurum çərçivəsində həllini istəmir. Onun sözlərinə görə, Fransanın ardınca Amerikanın da həmsədrinin dəyişməsi sadəcə olaraq Minsk qrupunun hörmətdən salınması, ona etimadın azalması xarakterini daşıyır: "Görünən budur ki, yaxın perspektivdə Minsk qrupunun problemin həlli ilə bağlı nüfuzu daha da aşağı düşəcək və belə bir fikir formalaşacaq ki, münaqişənin həlli üçün bu təsisat kifayət qədər potensiala malik deyil, problem bundan kənarda hansısa bir formatda həll edilməlidir".

Onun sözlərinə görə, əgər həmsədr dövlətlər münaqişənin doğurdan da həllini istəsəydilər, Minsk qrupunun səlahiyyətlərinin artırılması üçün səylər göstərərdilər: "Bu təsisat tərəfləri barışdırmaq üçün daha təsirli bir orqana çevrilə bilərdi. Amma əksinə, bu üç dövlət, xüsusən də Rusiya tərəfindən Minsk qrupunun nüfuzdan salınması prosesinin getdiyini görürük. Dəfələrlə Qarabağ münaqişəsini Rusiyanın özünün həll edə biləcəyi barədə açıqlamalar səsləndirilib: "Yaxud rusiyalı politoloqların problemin həllinin əsas açarının Moskvada olduğunu söyləmələri Minsk qrupuna olan inanmı zəiflədir".
Politoloq Arzu Nağıyev isə deyib ki, Rusiya yenə aktiv şəkildə regionda nüfuz sahibi olmaq üçün əlindən gələni edir.
Ekspert danışıqlar dayansa da, son zamanlar Dağlıq Qarabağ məsələsi ətrafında gedən bəzi siyasi proseslərə diqqət çəkib:
"Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağla bağlı təkliflərindən sonra erməni tərəfi Bakının mesajına konkret bir cavab verməli idi. Məhz təlimlər keçən müddətdə Ali Baş Komandan növbəti dəfə Lələtəpədən münaqişənin həlli istiqamətində bir sıra bəyanatlarla çıxış etdi. Fikir verin, çox keçmədən Rusiyanın məxfi kanalı Sərkisyandan müsahibə götürdü. Bu müsahibə, əslində, bir sıra mətləblərdən xəbər verir. Yəni artıq Rusiya bu istiqamətdə müvafiq addımlar atmağa başlayır. Paralel olaraq, ermənilərin Azərbaycana səfəri də Ermənistana mühüm bir mesajdır ki, Qarabağ məsələsini nəyin bahasına olursa-olsun həll etmək lazımdır. Ən başlıcası, Azərbaycanın ərazi bütövlüyünü tanısa da, səhra komandiri Sərkisyanın problemin həllinin ya Dağlıq Qarabağın Ermənistana birləşməsində, ya da müstəqilliyin tanınmasında olduğunu söyləməsi daxili auditoriyaya hesablanmış bir addım idi. Ümumiyyətlə, bu kimi siyasi məsələlər Dağlıq Qarabağ münaqişəsində müsbət istiqamətdə atılmalı addımlar üçün verilən mesajlardır. Bundan sonra danışıqlar naminə danışıqlaın özü belə, müsbət hal deyil. Azərbaycan yalnız ərazi bütövlüyü çərçivəsində istənilən danışıqlara hazırdır. Bu şərtlə ki, ermənilər işğalçı qüvvələrini ərazilərimizdən tez bir vaxtda çıxarmalıdırlar. Bundan sonra isə mərhələli şəkildə digər məsələlərə qayıda bilərik".