Pezeşkian İrana nə vəd edir? Dünya

Pezeşkian İrana nə vəd edir?

Xalq azərbaycanlı Prezidentdən nələr gözləyir?

İranın mərhum prezidenti İbrahim Rəisinin helikopter qəzasınndan həlak olmasından sonra, İranda keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turunda, iyulun 5-də əslən azərbaycanlı Məsud Pezeşkian 16,384 milyon seçininin etimadını qazanıb, 53,6% səs toplayaraq İranın 9-cu prezidenti seçilib.
Əslən azərbaycanlı olan Məsud Pezeşkian prezidentlik dönəmində İrana nə qazandıracaq, xalqın ondan gözləntiləri nə olacaq?
Güney Azərbaycandan olan politoloq, İran və Qafqaz üzrə siyasi mütəxəssis Kərim Əsgəri “Xalq Cəbhəsi”nə deyib ki, İran konstitusiyasında göstərilir ki, Prezident ölkədə ikinci şəxs sayılır, birinci şəxs Ali dini lider, eyni zamanda Baş komandan və xarici siyasətdə söz sahibidir: “Pezeşkian seçki öncəsi teledebatlarda qeyd edirdi ki, daxildəki ədalətsizliklə üz-üzəyik, İranın mərkəzindəki bəlli qurup bütün imkanlardan faydalanıb, qalanlar kənarda saxlanılıb. Seçim xəritəsindən də görərik ki, qeyri fars millətindən olan seçicilər daha çox Pezeşkiana səs veriblər. Cəlili isə İranın orta hissələrində yaşayan farslardan səs alıb. Pezeşkian seçki öncəsi verdiyi vədlərin heç olmasa bir qismini yerinə yetirməlidir ki, ikinci dəfə prezident seçkilərində iştirak edib yenidən səs qazana bilsin. Amm bunu da unutmayaq ki, Qacar dövründə İranda ilk dəfəfir ki, bir prezident açıq şəkildə türk, azərbaycanlı olduğunu deyir və seçilir. Bu çıxış, seçim İranda yaşayan azərbaycanlılar, eləcə də qeyri fars millətlərinə bir növ ruh verir. Pezeşkiandan daxil siyasətdə hər hansı bir dəyişiklik etməklə bağlı möcüzə gözləməyimiz doğru ola bilməz. Xırda dəyişikliklər ola bilər, xüsusilə iqtisadi sahədə, axı özü də bu sahədə ədalətsizliyin olduğunu deyib. Məsələn, özü urmiyalıdır və Urmu gölünün qurudulmasının qarşısını alacaq bir plan həyata keçirə bilər. Xarici siyasətə birbaşa Ali dini lider və SEPAH təsir göstərir. Pezeşkian islahatçı olsa belə İranda xarici siyasətdə çox ciddi problemlər olduğunu bilir. O deyib ki, mən İsraildən başqa bütün dünyaya açıq olacam və problemləri həll etməyə çalışacam. Yəni bu onu göstərir ki, formalaşacaq hökumətin yeni kabinetində İranın nüvə, sanksiyalar məsələsində, xüsusən qonşuluq siyasətində, Azərbaycan və Türkiyə ilə münasibətlərdə düzgün və ağıllı bir mövqe nümayiş etdiriləcək”.
Güney azərbaycanlı araşdırmaçı-yazar Məhəmməd Rəhmanifər isə deyib ki, istər prezident, istər parlament seçkilərində iştirak etmək istəyən şəxs əvvəlvə süzgəcdən keçirilir, yəni Qoruyucuları Şurası tərəfindən qeydiyyata alınır, təsdiqlənir. Bu şuranın razılığı olmadan heç kəs xal şqın qarşısına çıxıb "mənə səs verin" deyə bilməz: “Maraqlı bir məsələ var, təxminən beş ay bundan öncə İranda parlament seçkiləri zamanı həmin Qoruyucular Şurası Pezeşkianın namizədliyini rədd etmişdi. O zaman Xamenei dedi ki, Pezeşkian nə etmişdi ki, onun namizədliyini qeydə almadız. Xamenei heç vaxt səbəbsiz, heç nədən bir adamın adını dilə gətirməz. Bu dəfə prezidentliyə namizədliyi təsdiqləndi. Keçən dəfə də bu prosesdə iştirak etmək istəmişdi, amma namizədliyi təsdiqlənmədi. Bunları niyə deyirəm. Nə oldu ki, birdən-birə rejim Pezeşkianın namizədliyini təsdiqlədi. Əgər Pezeşkianın islahatçı olub xarici ölkələrlə münasibətlər qurmasına ümid edilirsə, düşünürəm ki, bu yükü Pezeşkiandan qat- qat artıq daşıya biləcək başqa şəxslər də vardı. Məsələn, Əli Laricaninin namizədliyi rədd edildi, halbuki bu şəxs parlament sədri olub, beynəlxalq əlaqələr sistemində daha bacarıqlı şəxsdir. Və yaxud Qalibaf vasitəsilə bir az dünyaya gülümsəyə bilərdilər. Daha öncə fikir söylədim ki, Pezeşkianı prezidentliyə namizəd kimi təsdiqlənməsi daha çox daxili siyasətə hesablanıb. Güney Azərbaycan məsələsi İranı silkələyən bir prosesdir. Xamenei belə bunu dəfələrlə dilə gətirib. Açıq deyirəm, Pezeşkian Güney Azərbaycan milli hərəkatına bir alternativdir. Onu hakimiyyət başına ona görə gətiriblər ki, milləti Güney Azərbaycan milli hərəkatından uzaqlaşdırsınlar. Bu rejimin qurduğu oyun idi. Necə ki, Güney Azərbaycan milli fəalları "Traxtur" oyununda rejimin qurduğu oyuna qatılıb, rejimin istəmədiyi nəticələri orada gerçəkləşdirdilər, burada da eyni ssenari, Türk-fars məsələsi ortaya qoyulub. Pezeşkianın seçki komissiyasında, xüsusilə Təbriz, Urmiya şəhərlərində millət Azərbaycan mahnıları səsləndirildi, Azərbaycan şüarları, hətta boz qurd işarələri görünürdü. Bunları müqayisə etdikdə Pezeşkianın prezidentliyi üzərindən İran rejiminin bir oyun qurduğu görünür. İran Konstitusiyasına əsasən xarici siyasətin söz sahibi Xameneidir. Pezeşkian orada ciddi bir dəyişikliyə yol aça bilməz. Daxili siyasətdə də həm Xamenei, həm də SEPAH vat. Yəni bunların olduğu yerdə Pezeşkian heç bir təsir gücünə malik deyil. Bundan əvvəlki prezidentlər də bu iki sahəyə müdaxilə edə bilmirdilər. Demək istəyirəm ki, güneylilər Pezeşkiana çox da ümidli olmasınlar, başqa prezidentlər kimi, onun da əl-qolu bağlıdır”.
Siyasi ekspert Asif Nərimanlının fikrincə, İranda Məsud Pezeşkianın prezident seçilməsindən sonra böyük gözləntilər ortaya çıxıb: ölkəyə türk hakimiyyətinin rəhbərlik etməsi, rejimin yumşalması, azərbaycanlıların milli haqlarının tanınması və s.
Azərbaycanlı Pezeşkianın seçki kampaniyasında verdiyi mesajlar da bu gözləntiləri artırır, hərçənd, İranda seçki prosesinin bu yöndə inkişafına rejimin şərait yaratdığı ehtimalı daha çoxdur. Pezeşkianın nüfuzu kifayət qədər idi, rejim sadəcə seçki prosesinə müdaxilə etmədi və görünür, islahatçı azərbaycanlının ölkəyə rəhbərlik etməsi dini liderin mühafizəkar kölgəsinə sığınmış rejimin də marağındadır: “Birincisi, bu seçki İran əhalisi üçün böyük ümidlər yaradıb: seçkiyə böyük müdaxilənin edilməməsi, səslərin sayım prosesinin canlı yayımlanması rejimin imicini müəyyən qədər düzəltməklə yanaşı, əhalinin ötən il Məhsa Əminin ölümündən sonra tavana çıxan “qəzəb barometrinin” şkalasını da müəyyən qədər aşağı endirməyə zəmin yarada bilər;
İkincisi, islahatçı Pezeşkianın pezidentliyi İran rejiminin “hədəfdən yayınma” siyasəti üçün sərfəli ola bilər: son aksiyalardan sonra daxili ictimai rəydə “xilas yolunun rejimin dəyişdirilməsi” fikri güclənmişdi, rejim bu mənzərəni dəyişdirə, yaxud yumşalda biləcək və zamanla mühafizəkarların “imic təzələməsi” üçün Pezeşkianın “günah keçisi” ediləcəyi də istisna edilməməlidir;
Üçüncüsü və İran üçün ən vacib məqam etnik parçalanma perspektivinin qarşısının Pezeşkian üzərindən alınması, yaxud bu prosesdə zaman qazanmaqdır: Pezeşkian bütün etniklər tərəfindən rəğbətlə qarşılanırdı, onun prezident olması da bütün etnik qruplarda “İran hamımızın ölkəsidir” kimi ümidlər yaradır.
İran rejimi üçün mövcud vəziyyətdə azərbaycanlı və islahatçı olan Pezeşkian “xilas yolu” kimi görünür, lakin bu rejimin ümumi mahiyyətinin dəyişməsi demək deyil. Sadəcə olaraq, rejimin qorunub saxlanılması və ağrısız ötürülməsi üçün müəyyən yumşalmalar edilə bilər”.
Politoloq Elxan Şahinoğlu isə deyib ki, İranda Məsud Pezeşkianın prezident seçilməsi ölkəsi içində və xaricində ondan gözləntiləri artıracaq.
O bildirib ki, Pezeşkian Təbrizin millət vəkili kimi parlamentdə keçmiş hökumətləri tənqid edən fikirlər söyləyib, azərbaycanlıların üzləşdiyi problemlərdən danışıb, Tehranın Azərbaycan və Türkiyə xarici siyasətinin dəyişdirilməsi vacibliyini vurğulayıb: “O, bu fikirlərini seçki təbliğatı dövründə bu və ya digər şəkildə səsləndirib. Pezeşkian bu vədləri yerinə yetirə biləcəkmi? Böyük ehtimalla İranın ali dini lideri və onun ətrafı, o cümlədən dövlət içində dövlət olan SEPAH Pezeşkiana əngəllər yaradacaq. Hər halda Qərb ölkələrinin də Pezeşkiandan gözləntiləri olacaq. Ermənistan isə Pezeşkianın seçilməsindən narahatdır. Azərbaycan İranla normal qonşuluq münasibətlərində, o cümlədən ortaq layihələrin reallaşmasında maraqlıdır, bir şərtlə ki, Tehran və Qum daxili işlərimizə qarışmasın”.
Politoloq Vüqar Dadaşovun fikrincə, əlbəttə ki, İranda əslən azərbaycanlının prezidenti seçilməsi çox sevindiricidir. Əslində də, Azərbaycan türkləri min illiklərlə İran - fars tarixinin, dövlətçiliyinin yaradıcıları, rəhbərləri və hakimləri olub. Bəlli faktdır ki, İran - fars tarixi azərbaycanlı türklərsiz boş və ağ səhifədir: “Milli, emosional hislərimiz Cənubi Azərbaycanla bağlı istəklərimizə, xalqımızın azadlığına əsaslanan sevincdir. Ancaq ki, Məsud Pezeşkianın qələbəsinə "İranda azərbaycanlılar 100 ildən sonra hakimiyyətə qayıtdı" kimi qiymətləndirmə, yanaşma yanlışdır. Əvvəla İran konstitusiyasına əsasən, İran İslam Respublikası dövlət başçısı Ali dini rəhbərdir hansı ki, dövlətin daxili və xarici siyasi kursunu müəyyən edir, onun icrasına total nəzarəti həyata keçirilir. İran prezidenti Ali dinili rəhbərin bütün istiqamətlərdə müəyyən etdiyi, o cümlədən siyasi-hərbi kursun da icraçısıdır.
Digər vacib məqam isə odur ki, namizədin İran prezidenti seçkisinə buraxılması belə məhz Ali dini rəhbərin razılığı, islam inqilabı keşiçkilərinin və xüsusi xidmət orqanlarının xüsusi rəyi əsasında baş tutur. Azərbaycanlı Məsud Pezeşkianın iran fars rejiminə "etibarlı" xidməti onun prezident seçilməsini şərtləndirib.
Əlbəttə ki, dünyada gedən geosiyasi proseslər, Qlobal Qərbin dünyaya hökmranlıq siyasıti İranı Azərbaycanla isti və hətta strateji münasibətdə olmağa məcbur edir. İran qlobal siyasi kataklizmlərə tab gətirmək məqsədi ilə Azərbaycan, türk düşmənçiliyini arxa plana keçirmək, münadibətləri yumşaltmaq üçün İranda azərbaycanlı-türk prezident faktorundan da istifadə etmək niyyətindədir”.

Cavid