800 terrorçu Ukraynanı qarışdırıb Dünya

800 terrorçu Ukraynanı qarışdırıb

Rus diversantları Kiyev də daxil olmaqla Ukraynanın yeddi regionunda çoxsaylı təxribatlar həyata keçirməyi planlaşdırır

Cavid

Ukrayna hərbi qüvvələrinin Slovyansk şəhərində terrorçulara qarşı əməliyyatları davam edir. Ölkənin daxili işlər naziri Arsen Avakov hərbiçilərin separatçıların növbəti postuna doğru irəlilədiyini açıqlayıb. Nazirin sözlərinə görə, hazırda Ukrayna əsgərləri növbəti postun bir kilometrliyində mövqe tutublar.
Bir qədər əvvəl postlardan birində hərbçilərlə Moskvadan təlimatlar alan rus separatçılar arasında baş vermiş silahlı qarşıdurmalarla əlaqədar şəhərdə vəziyyəti daha da gərginləşib.
Daxili İşlər Hazirliyi qarşıdurmalar zamanı 4 ukraynalı əsgərin öldürülməsi, 30 nəfərin yaralanması faktını təsdiqləyib.
Son əməliyyatlar zamanı Ukrayna ordusuna məxsus daha bir helikopter də vurulub. Helikopterin vurulmasının həvəskar kadrları yayımlanıb. Məlumata görə, helikopter vurulduqdan sonra çaya düşdüyü üçün ekipaj üzvləri xilas ola bilib.
Daxili İşlər Hazirliyi hökumət qüvvələrinə qarşı təxminən 800 silahlı terrorçunun mübarizə apardığını məruzə edib.
Gərgin vəziyyətin paytaxt Kiyevə də təsir edə biləcəyi təhlükəsi ilə əlaqədar hərbi qüvvələr şəhərə gedən yolların üzərində postlar qurublar.
Donetsk şəhərində isə, şaxtaçılar rus separatçılara qoşulublar. Şaxtaçılar Donetskdə referendum istəyən və ölkənin federallaşdırılmasına çalışan qüvvələrə dəstək olacaqlarını bildiriblər.
Rusiyanın İnterfaks agentliyi Ukrayna hərbi qüvvələri ilə qarşıdurmalardan sonra üsyançıların şəhərin mərkəzinə doğru geri çəkildiyini xəbər verib.
Vəziyyətlə əlaqədar rəsmi Moskva Kiyevə rusiyayönümlü vətəndaşlara qarşı güc tədbiqinə son qoyması üçün xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, rəsmi Kiyev hərbi qüvvələri geri çəkməli və böhranlı vəziyyəti aradan qaldırmaq məqsədilə siyasi danışıqlara başlamlıdır.
Xəbərdarlıq fonunda Ukraynanın Rusiya ilə sərhədində də vəziyyət gərginləşib. Bu barədə sərhəd nəzarət xidmətinin mətbuat katibi Oleq Slobodyan bəyanat verib: "Sərhəddə vəziyyət gərgindir və daha da pisləşə bilər. Separatçılar tərəfindən sərhədçilərimizə qarşı hədələr daha da artıb. Onlar daxildən nəzarət buraxılış postlarına gedən yolları kəsməklə sərhədçilərlə əlaqəni itirməyə çalışırlar".
Müdafiə nazirinin müavini İqor Kabanenko hazırkı vəziyyəti şərh edib. Onun sözlərinə görə, hərbi əməliyyatlara çoxlu sayda könüllü qoşulub: "Düşünürəm ki, könüllülər hərbi qüvvələr əməkdaşlıq çərçivəsində hərəkət edəcəklər. Heç bir təxribata uymayacaqlar".
Digər bir məlumata görə, Ukraynanın Slavyansk şəhərində Ukrayna ordusu ilə separatçılar arasında gedən döyüşlərdə 5 terrorçu ölüb, 13 nəfər isə yaralanıb. "Komsomolskaya Pravda" qəzetinin əməkdaşı Aleksandr Koç bu məlumatı separatçılara istinadən bildirir. Onun sözlərinə görə, Strelkov adlı separatçı itki verdiklərini deyib.
"Elə indi Strelkov mənə dedi ki, onların dəstəsindən 5 nəfər ölüb, 13 nəfər yaralanıb. Ölənlərdən ikisi komandirdir. Çox təcrübəli idilər", deyə Aleksandr Koç bildirib.
Qeyd edək ki, Ukrayna ordusu may ayının 2-dən ölkənin cənub-şərq vilayətlərində separatçılara qarşı hərbi əməliyyatlara başlayıb. Silahlı toqquşmalar zamanı hər iki tərəfdən ölənlər və yarlananlar olub.
Ukraynanın facebook həvəskarı və milliyyətcə erməni olan daxili işlər naziri Arsen Avakov ölkənin şərqində baş verən hadisələrlə bağlı məlumat yayıb.
Avakov öz facebook səhifəsində son döyüşlərdə 30 terrorçunun öldürüldüyünü bildirib. Daxili işlər nazirinin sözlərinə görə, ölənlərin içərisində çeçenistanlı şəxslərə rast gəlinib. Ukrayna tərəfi isə 4 itki verib. Avakov terrorçuların Ukrayna hava qüvvələrinə məxsus hərbi helikopterin vurulmasını da təsdiqləyib.
Onun sözlərinə görə, vurulan helikopter qəza enişi edib, pilotların heç biri xəsarət almayıb.
Bu arada belə məlumatlar da yayılıb ki, Rusiya diversantları 9 may tarixində Kiyev də daxil olmaqla Ukraynanın yeddi regionda təxribat xarakterli kütləvi aksiyalar həyata keçirməyi planlaşdırır.
UHİAH.net saytının məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin baş katibi Andrey Parubiy jurnalistlərə açıqlamasında bildirib.
"Mayın 8-i və 9-unda rus diversantları tərəfindən təxribatlar planlaşdırılır. Ukraynanı əldən verməmək üçün mümkün olan hər şeyi edirlər. Təxribatlar yalnız Ukraynanın şərqində deyil, həm də Kiyevdə planlaşdırılır. Putin hesab edir ki, Donetsk, Luqansk, Herson, Odessa, Nikolayev və Zaporojye xüsusi statusa malik olmalıdır", - Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin baş katibi söyləyib.
A.Parubıy xüsusi əməliyatın "Rus yazı" kod adı altında keçiriləcəyini deyib.
NATO-nun Avropadakı qoşunlarının baş komandanı, amerikalı general Filip Bridlav hesab edir ki, Rusiyanın Ukraynaya birbaşa hərbi müdaxiləsi təhlükəsi azalıb.
Bridlav "Röyter" agentliyinə açıqlamasında deyib ki, Kreml müharibəyə qərar verməyəcək.
Lakin Rusiya Ukraynanın şərqindəki federallaşma tərəfdarlarına fəal dəstək verəcək. Bundan əvvəl general Bridlav Rusiya qoşunlarının 3-4 günə Ukraynanı zəbt edib Kiyevə çatacağını demişdi.
NATO qüvvələrinin komandanı hesab edir ki, on minlərlə Rusiya hərbçisinin Ukrayna sərhədində cəmləşdirilməsi psixoloji təzyiqdir.
"Bu gün mən artıq o fikirdə deyiləm ki, hərbi müdaxilə ən çox ehtimal edilən variantdır. Putin artıq öz məqsədinə birbaşa hərbi müdaxilə olmadan da çata bilər" - deyə Bridlav bildirib.
Ukraynanın şərqində də vəziyyət gərgin olaraq qalır. Krım separatçıları Odessa şəhərinə gələrək, orada qarşdurma yaratmağa cəhd edirlər.
Onlar kiçik qruplar şəklində Odessaya daxil olur və orada onları gözləyən nümayəndələrdən silah alaraq Rusiyadan gələcək əmri gözləyirlər.
Ukrayna mətbuatının verdiyi xəbərə görə, həmin şəxslər Ukrayna pasportu daşıdıqlarına görə, onları hər hansısa terrora cəhdə suçlamaq müşkül məsələdir. Amma son bir neçə gündə həmin şəxslərin bir neçə silahlı nümayəndəsi ələ keçirilib və onlar dindirilmə zamanı yuxarıda qeyd olunan faktları etiraf ediblər.
Avropa Birliyi isə Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək. Brüsseldə baş tutan görüşdə Avropa Birliyinə üzv 28 ölkənin nümayəndələri Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq edilməsinin məqsədyönlüyü haqqında razılığa gələ bilməyib. Ukraynanın UNİAN agentliyinin verdiyi məlumata görə, bunu Avropa Birliyinin mətbuat xidməti bəyan edib.
Diplomatlar Avropa Birliyinə üzv-ölkələrin xarici işlər nazirlərinin mayın 12-ə nəzərdə tutulan görüşünə qədər rəsmi Moskvaya qarşı yeni məhdudlaşdırıcı sanksiyaların tətbiq edilməsi barəsində qərar qəbul etməlidirlər.
Hazırda Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinə Yunanıstan, Kipr, Bolqarıstan, Macarıstan, Lüksemburq, Avstriya, İspaniya, Portuqaliya və Malta qarşı çıxır.
Rusiyanın "Avaaz" qeyri-hökumət təşkilatı Birləşmiş Millətlər Təşkilatının rəsmi səhifəsinə müraciət edərək Rusiya qoşunlarının Şərqi Ukraynaya daxil olması üçün petisiya təşkil edib.
Artıq 100 min nəfər petisiyada iştirak edərək Ukraynanın şərqinə Rusiya sülhməramlalarının göndərilməsini istəyib.
Petisiya təşkilatçıları Ukrayna xalqının yalnız rus sülhməramlılarını öz ölkələrində qarşılamağa müsbət yanaşdığını bildiriblər. Onların sözlərinə görə, Ukraynanın şərqinə rus ordusu gəlməyəcəyi halda, regionda müharibə təhlükəsi davam edəcək.
Avropa Şurasının diplomatları isə mayın 8-də Avstriyanın paytaxtı Vyanada görüşəcək. Ukrayna məsələsinə həsr olunacaq görüşə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da qatılacaq. "Rusiyanın səsi" xəbər verir ki, Avstriya Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, görüşdə 47 ölkənin nümayəndəsi iştirak edəcək.
Rusiya xarici işlər naziri Sergey Lavrov da Avropa Şurasının görüşündə keçiriləcək "Avropa dəyərləri və sabitliyin Şurası: Cari problemlər" adlı siyasi debatda iştirak edəcək.
"Mayın 25-də prezident seçkilərinin keçirilməsi Ukrayna üçün çox vacibdir, əks halda ölkədə xaos və vətəndaş müharibəsi qaçılmaz olacaq". Bunu Fransa prezidenti Fransua Olland bəyan edib: "Əgər mayın 25-də seçki olmasa, Ukraynanı xaos və vətəndaş müharibəsi cənginə alacaq. Vətəndaş müharibəsindən yayınmaq üçün hər şeyi etmək lazımdır, ancaq belə münaqişə başlayanda nə zaman bitəcəyini heç vaxt bilmirsən".
Olland əlavə edib ki, Rusiya rəhbərliyini Fransanın Ukraynadakı seçkilərə nə dərəcədə önəm verdiyi haqda məlumatlandırıb. Onun sözlərinə görə, bu məsələ ilə bağlı Moskva ilə əlaqəni birbaşa yox, vasitəçilərlə qurub. Fransa prezidenti deyib ki, Ukrayna problemi ilə bağlı mövqeləri Almaniya ilə eynidir.
Krım Tatar Xalq Məclisinin sədri Refat Çubarov isə Rusiya dövləti tərəfindən ona qarşı yönələn təhlükədən danışıb.
R.Çubarov zn.ua xəbər saytına açıqlamasında bildirib ki, ona qarşı cinayət işinin qaldırılacağını və həbs olunacağını istisna etmir: "Baş verənlər və proseslər belə qənaətə gəlməyə əsas verir ki, tatar liderlərinin zərərsizləşdirilməsi istiqamətində işlər gedir. Bizə qarşı atılan addımlar heç də yaxşı bir şey vəd etmir".
R.Çubarov vurğulayıb ki, yönələcək təzyiq və təhdidlər, hətta həbslər Krım tatarlarının taleyini, kimliyini və milli hərəkatının məqsəd və məramını dəyişə bilməyəcək: "Mustafa Cəmilovun Krıma buraxılmaması və digər məhdudiyyətlər tatar hərəkatının xaotik vəziyyətə salmaq iqtidarında deyil".
Ukraynadakı vəziyyətlə bağlı Qərğlə münasibətləri gün-gündən gərginləşən Rusiya isə hərbi imkanlarını daha da artırmaq barədə qərar verib. Rusiya müdafiə naziri Sergey Şoyqu deyib ki, Rusiyanın Qara dəniz donanması yeni nəsil sualtı qayıqlarla və hərbi gəmilərlə təchiz olunacaq.
Onun sözlərinə görə, Krım və Sevastoplun Rusiyaya birləşdiriləndən sonra Qara dəniz donanmasının inkişaf proqramına dəyişikliklərin edilməsinə böyük ehtiyac var.
"Bu il Qara dəniz donanmasında havadan müdafiə sistemləri və dəniz piyada taburunun yeni hissələri yaradılacaq. Bu il həmçinin donanma yeni nəsil sualtı qayıqlarla, hərbi gəmilərlə təchiz olunacaq" - Sergey Şoyqu deyib.