İranın qüruruna son qoyuldu Dünya

İranın qüruruna son qoyuldu

İranda gerçəkləşdirilən terror hücumunu İŞİD üstlənsə də, şübhəsiz ki, rəsmi Tehrana verilən mesajlar konkretdir.
Bu sözləri İran parlamentinə edilən hücumla bağlı danışan analitik Vüqar Zifəroğlu deyib. O, bu hadisədə ilk növbədə diqqəti zamanlamaya yönəldib:"İran parlamentinə silahlı hücum Qətər böhranının yaşandığı, bu böhranda İranın və dəstəklədiyi təşkilatların vacib səbəb kimi göstərildiyi bir zamanda, həmçinin ABŞ-ın rəhbərliyi ilə qurulan koalisiyanın 3 iyundan etibarən Rakka üzərinə hücum əməliyyatlarına start verməsi fonunda baş verir. Bu terrordan iki gün əvvəl isə Suriya hökumətinin İrandan Rusiya və Suriya qüvvələri ilə çiyin-çiyinə döyüşən minlərlə şiə yaraqlısının maaşlarının ödənilməsinə nəzarət etməsinin istəndiyi xəbəri yayılmışdı. Göründüyü kimi, bölgədə yeni və son dərəcə ciddi proseslərə start verilir.
Heç şübhəsiz ki, ortaya atılan kartb - məzhəbsəl münaqişənin daha da alovlandırılmasına xidmət etmək üçün nəzərdə tutulub. Bölgədə son dərəcə qanlı və nəticələri vahiməli ola biləcək bir "sünni-şiə" qarşıdurması üçün münbit zəmin hazırlanmaqdadır. İŞİD-in üzərinə götürdüyü bu hücum sadəcə yoxlama xarakter daşıyırdı".
Analitik İran parlamenti və Xomeyninin məzar kompleksinin hədəfə alınmasının səbəblərinə də aydınlıq gətirib:"Seçilən məntəqələr dövlətin qəlbi mənasını daşıyır. Əslində, bu hücum İranın siyasi nüfuzuna son dərəcə ciddi zərbədir. 2014-cü ildən indiyədək İŞİD-in bölgənin demək olar ki, hər nöqtəsində terror havası əsdirməsinə rəğmən, Tehranın bu hücumlardan kənarda olması ilə qürulanmasına son qoyuldu. Bu gün İrana verilən mesaj bu idi: "Sən düşündüyün qədər də güclü deyilsən. İstəsək edərik!"
V.Zifəroğlu qeyd edib ki, sözügedən hücum İranın daxili təhlükəsizlik strategiyasının çökdüyünü ifadə etdi:
"Son illər İranın daxilində etnik sünni ərəb əşirətləri ilə yaşanan qarşıdurmalar getdikcə daha kəskin hal almaqda idi. İranda hər həftə ərəb fəallardan bir neçəsi dar ağacından asılır. İŞİD-in bu hücumu etnik və məzhəbsəl zəmində bütünləşmiş çıxışları stimullaşdıra bilər. İndi əsas düşündürücü sual budur: İŞİD-in İran hücumuna qarşı İraq, Suriya, Yəmən, Bəhreyn, Livan və xüsusilə də Səudiyyə Ərəbistanındakı silahlı şiə qruplaşmaları hansı addımları atacaqlar? İranda seçkiləri yeni qazanmış Həsən Ruhani iqtidarı mühafizəkar qanadı radikal qərarlar qəbul etməkdən çəkindirə biləcəkmi? Ancaq hesab edirəm ki, İran mütləq mesajını verəcək. Bu mesaj həm Səudiyyəyə, həm də ABŞ-a ünvanlanacaq".
Qeyd edək ki, İranda baş verən teraktlarda 13 nəfər ölüb, 39 nəfər yaralanıb.