Türkiyədə dəhşətli faciə Dünya

Türkiyədə dəhşətli faciə

Mədəndə baş vermiş partlayışda ölənlərin sayı 250-yə çatdı, qardaş ölkə matəm içindədir

Türkiyənin İstanbuldan 250 km cənubda, Manisa vilayətinin Soma şəhərində yerləşən mədəndə baş vermiş partlayış bütün dünyanı şoka salıb. Şaxtanın uçması nəticəsində ölənlərin sayı hər saat artır.
Faciəli hadisənin baş verdiyi günün axşamı olayda 4 nəfərin öldüyü və 17 fəhlənin yaralandığı bildirilsə də az sonra ortaya çıxan məlumatlar Türkiyəni sarsıtdı. Həmin an mədəndə olan 780 fəhlədən artıq 250 nəfərinin dünyasını dəyişdiyi rəsmən təsdiqlənib.
"Hurriyet" qəzetinin məlumatına görə, qəza yerin altında, 2000 metr dərinlikdə baş verib. İlkin versiyaya görə, partlayışa səbəb mədənin elektrik naqillərində baş vermiş qısaqapanma olub. Partlayışdan sonra şaxtada yanğın baş verib.
İlkin məlumatlara görə partlayış baş verən an şaxtada 700-dən fəhlə olub, onlardan yalnız 280 nəfər şaxtanı tərk edə bilib. Yanğın nəticəsində lift sıradan çıxıb. Bu səbəbdən fəhlələrin şaxtanı tərk etməsində problem yaranıb.
Dünən gün ərzində hadisə yerində xilasetmə əməliyyatı davam etdirilib, çoxlu sayda "təcili yardım" maşını cəlb olunub.
Dünən hadisə yerinə gedən ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölənlərin sayının 238 nəfər olduğunu deyib. Faciə ilə əlaqədar Türkiyə matəm içindədir.
Ölkənin Nazirlər Kabinetinin saytında yerləşdirilmiş məlumata görə, kömür mədənində baş vermiş faciə ilə əlaqədar Türkiyədə üçgünlük matəm elan olunub. Məlumatda deyilir ki, göstərilən müddət ərzində ölkə ərazisində, eləcə də bütün diplomatik nümayəndəliklərin binalarında dövlət bayraqları endiriləcək.
Baş nazir Somadakı kömür mədənində baş vermiş partlayışı təkcə hadisə nəticəsində ölənlərin, onların yaxınlarının deyil, 77 milyonluq Türkiyə xalqının faciəsi olduğunu deyib.
Ərdoğan baş vermiş hadisənin xırda detallarına qədər araşdırılacağını və ictimaiyyətə açıqlanacağını vəd edib.
Bundan əvvəl isə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız ölənlərin sayının 205 nəfər olduğunu demişdi. Amma onu da əlavə etmişdi ki, bu, ölənlərin sayı ilə bağlı son rəqəm deyil. Onun sözlərinə görə, işçilərin sayı haqqında açıqlanan rəqəmlər mədən rəhbərliyi tərəfindən təqdim olunub. Nazir qeyd etmişdi ki, qəza vaxtı mədəndə 787 nəfər olub və hələlik yalnız 363 şaxtaçı xilas edilib.
Partlayış işçilərin növbə dəyişikliyi zamanı olub. Ölənlərin əksəriyyətinin dəm qazından zəhərləndiyi bildirilir. Xilasedicilər ötən gün ərzində şaxtanı mümkün qədər oksigenlə təmin ediblər.
Hadisə yerində olan müxalifətçi millət vəkilləri isə ölənlərin sayının daha çox olduğunu bildiriblər. Cümhuriyyət Xalq Partiyasının (CHP) Somada olan millət vəkilləri partiyanın lideri Kamal Kılıçdaroğluna ən azı 350 işçinin öldüyünü deyiblər.
"Hurriyet daily news" qəzetinin yazdığına görə, faciəyə görə AKP hökuməti məsuliyyət daşıyır. Belə ki, Ərdoğan hökuməti yüzlərlə insanın həlak olmasına səbəb olan partlayışdan üç həftə əvvəl mədəndə təftiş aparılması ilə bağlı müraciətdən imtina edib. Məlumata görə, ötən il müxalif Cümhuriyyət Xalq Partiyası ölkə parlamentinə Soma yaxınlığındakı kömür mədənlərində baş verən bədbəxt hadisələrin istintaqının aparılmasına dair təkliflə müraciət edib. Lakin hakim Ədalət və İnkişaf Partiyası bu təklifin əleyhinə səs verib.
Türkiyə prezidenti Abdullah Gül faciə ilə əlaqədar Çinə səfərini təxirə salıb. "TRT Haber" telekanalının xəbərinə görə, bu gün Gül partlayış baş verən kömür mədəninin yerləşdiyi Manisa vilayətinə səfər edəcək.
Qeyd edək ki, baş naziri Ərdoğan da faciə ilə əlaqədar Albaniyaya ötən gün nəzərdə tutulan rəsmi səfərini təxirə salıb.
Qeyd edək ki, Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın dünənə Azərbaycana planlaşdırılan rəsmi səfəri də Manisada yaşanan faciə səbəbindən təxirə salınıb. Xəbəri Azərbaycanın Müdafiə Nazirliyi yayıb. İsmət Yılmaz Naxçıvan Muxtar Respublikasına rəsmi səfər edəcəkdi. Səfər çərçivəsində qonağın Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşü, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinə ziyarəti planlaşdırılırdı.
Türkiyə Futbol Federasiyası dünən və bu günə planlaşdırılan bütün qarşılaşmaların başqa vaxta keçirilməsini lazım bilib. Bu, təkcə peşəkar liqalara deyil, federasiyanın bayrağı altında keçirilən həvəskarlar səviyyəsində matçlara da şamil olunub.
Federasiyanın yaydığı başsağlığında atılan digər addımlar da əksini tapıb: "Somada yaşanan və 3 günlük milli hüznün elan olunması ilə əlaqədar mayın 14-15-də keçirilməli olan daxili yarışlar çərçivəsində bütün qarşılaşmalar təxirə salınıb. Qərara əsasən, həmin matçlar mayın 16-18-də baş tutacaq. Bu oyunlar zamanı isə hakimlər və futbolçular meydana qara sarğı ilə çıxacaq, görüş zamanı musiqi səslənməyəcək və ölənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunacaq. Bundan başqa, UEFA-ya müraciət edilib ki, 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin mayın 15-də baş tutacaq Malta ilə oyununda da Somada ölənlərin xatirəsini əziz tutmaq üçün icazə verilsin".
Basketbol çempionatında yüksək liqa, 2-ci dəstənin pley-off, 3-cü liqanın final matçları da təxirə salınıb. Bu qarşılaşmalar şənbə günü - mayın 17-də baş tutacaq.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Somadakı kömür mədənində baş vermiş faciəvi qəzada çoxsaylı insan itkisi ilə əlaqədar Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna başsağlığı məktubu ünvanlayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, məktubda deyilir: "Cənab nazir, əziz qardaşım, Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş faciəvi qəzada çoxsaylı insan itkisi xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"
Türkiyə Somadakı mədən faciəsini yaşayırkən, daha bir mədən uçqunu barədə məlumat Zonquldak vilayətindən gəlib. Burada daha bir daş kömür mədənində uçqun qeydə alınıb. "Haber7" telekanalının məlumatına görə, hadisə nəticəsində bir nəfər dağıntılar altında qalıb. Hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında qalan mədənçilərin dəqiq sayı məlum deyil.

TURQUT