Zaxarova: Rusiya–ABŞ məsləhətləşmələri ABŞ tərəfinin təşəbbüsü ilə təxirə salınıb Dünya

Zaxarova: Rusiya–ABŞ məsləhətləşmələri ABŞ tərəfinin təşəbbüsü ilə təxirə salınıb

Rusiya ilə ABŞ arasında ikitərəfli diplomatik nümayəndəliklərin fəaliyyətinin normallaşdırılması məqsədilə nəzərdə tutulan növbəti məsləhətləşmə görüşü təxirə salınıb.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, görüşün ləğvi amerikalı danışıqları aparan şəxslərin təşəbbüsü ilə baş verib.

“Hazırda ikitərəfli məsləhətləşmələrin növbəti raundu ləğv olunub. Ümid edirik ki, ABŞ tərəfinin götürdüyü bu fasilə çox uzun sürməyəcək”, – deyə M.Zaxarova vurğulayıb.

Qeyd edək ki, məsləhətləşmələr iki ölkə arasında yaranmış “qıcıq doğuran” məqamların aradan qaldırılmasına və diplomatik münasibətlərin tənzimlənməsinə yönəlib.