"Crocus"da törədilən cinayət işi ilə bağlı istintaq yekunlaşıb Dünya

"Crocus"da törədilən cinayət işi ilə bağlı istintaq yekunlaşıb

Rusiya İstintaq Komitəsi "Crocus"da törədilən cinayət işinin istintaqını yekunlaşdırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən ilin mart ayında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən Crocus City Hall konsert kompleksində törədilən terror aktı Ukrayna hakimiyyətinin sifarişi ilə törədilib. Eyni zamanda, Dağıstanda əyləncə kompleksinin partladılması da planlaşdırılırıb.

Qeyd olunub ki, terror aktı nəticəsində 149 nəfər həlak olub, 1 nəfər itkin düşüb, 609 vətəndaş yaralanıb. Terror aktı nəticəsində dəyən ümumi zərər təxminən 6 milyard rubl təşkil edib.

"Cinayət Ukraynanın hazırkı rəhbərliyinin maraqları naminə, Rusiyada siyasi sabitliyi pozmaq məqsədi ilə törədilib.

Bir neçə təqsirləndirilən şəxs Dağıstan Respublikasının Kaspiysk şəhərində əyləncə kompleksini partlatmağı planlaşdırıb. Bu cinayətin qarşısı alınıb.

Terror aktına hazırlıq bir neçə ay əvvəldən başlayıb. Təqsirləndirilən şəxslər xaricdə təlim keçiblər. Silahlar Kaspiysk şəhərinə aparılıb, oradan isə Moskva vilayətinə çatdırılıb.

Terrorçular Ukraynada gizlənməyə çalışsalar da, Bryansk vilayətində saxlanılaraq Moskvaya təhvil veriliblər.

Təqsirləndirilənlərdən 19-u tezliklə məhkəmə qarşısına çıxarılacaq. Onlar Rusiya Federasiyasında qadağan olunmuş “Vilayət Xorasan” terror təşkilatının üzvləri və onlarla əlbir olanlardır", - Rusiya İstintaq Komitəsinin məlumatında bildirilib.