

Alimlər bəzi birdəfəlik elektron siqaretlərin tərkibində adi siqaretlərlə müqayisədə daha çox zərərli kimyəvi maddələrin olduğunu aşkar ediblər.
Xalqcebhesi.az-ın məlumatına görə, Kaliforniya Universitetinin apardığı yeni bir araşdırma göstərib ki, bəzi məşhur birdəfəlik elektron siqaretlərdə müəyyən edilən zəhərli metal səviyyələri ənənəvi siqaretləri belə geridə qoyur. Hətta bu, yalnız bir siqaretlə məhdudlaşmır; bəzi markaların ilk 200 nəfəsində, 20 qutu siqaret çəkməyə bərabər miqdarda qurğuşun ifraz olunduğu müəyyən edilib.
Araşdırma detallarına görə...
ACS Central Science jurnalında yayımlanan araşdırmada gənclər arasında olduqca populyar olan ELF Bar, Esco Bar və Flum Pebble markalı cihazlar incələnib. Alimlər bu cihazlardan 500 ilə 1500 nəfəs arasında buxar çıxarıb analiz ediblər və sonra cihazları sökərək metal mənbəyini müəyyən ediblər.
Yüksək miqdarda nikel, xrom və antimon
Nəticələr ciddi narahatlıq doğurub. Əksər cihazlarda yüksək səviyyədə nikel, xrom və antimon aşkar edilib. Bu metalların nəfəs yolu ilə qəbul edilə bilən formaları xərçəngdən tutmuş ürək və ağciyər xəstəliklərinə qədər bir çox ciddi sağlamlıq probleminə yol aça bilər. Xüsusilə Esco Bar markalı iki cihazda ilk 200 nəfəsdə ifraz olunan qurğuşun miqdarı, 20 qutu siqaret çəkməyə bərabər olub.
Araşdırmaya görə, bu təhlükəli metalların mənbəyi həm cihazın struktur hissələrindən, həm də içindəki nikotin mayesindən gəlir. Birdəfəlik elektron siqaretlərdə istifadə olunan materiallar və maye bu zərərli metalları buxara daşıyır.
Xərçəng riski limitini aşır
İki cihazda nikel və antimon səviyyələrinin xərçəng riski limitini aşdığı, dörd cihazda isə nikel və qurğuşun ifrazının sinir sistemi zədələnməsi və tənəffüs yolu xəstəlikləri riskini artıracaq səviyyədə olduğu bildirilib.
Tədqiqatçılar yalnız üç məşhur markada bu qədər yüksək toksik maddə tapılmasının bazarda nəzarətsiz dolaşan yüzlərlə markanın potensial risklərini göstərdiyini vurğulayıblar. Ötən il aparılan başqa bir tədqiqatda da mütəmadi elektron siqaret istifadə edən gənclərin sidiyində yüksək miqdarda qurğuşun və uran tapılmışdı.
Tədqiqatın baş müəlliflərindən biri olan Prof. Brett Poulin xəbərdarlıq edib:
“Bu cihazlar görünməyən bir risk daşıyır. Onlar sinir sistemi üçün yüksək dərəcədə zəhərli qurğuşun, kanserogen nikel və antimon ehtiva edir. Təcili şəkildə daha ciddi nəzarət tədbirləri görülməlidir.”
Məryəm Quliyeva