İrəvan çətin vəziyyətdə: Manevr meydanı daralır Dünya

İrəvan çətin vəziyyətdə: Manevr meydanı daralır

Əgər sülh danışıqları nəticə verməsə, onda Azərbaycan alternativ yollara əl atmağa məcbur olacaq.
Bu sözləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən görüşünü şərh edən politoloq Tofiq Abbasov deyib. Politoloq sözügedən görüşün baş tutacağını bildirib:
"Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatının zirvə görüşü bu cür formatda olan danışıqlar üçün çox münasib şərait yaradır. Ermənistan adətən belə danışıqlardan qaçır və bütün kənar qüvvələrə guya Qarabağ probleminin həllində heç bir irəliləyişin əldə olunmayacağını və bu prosesdə Azərbaycanın özünü aqressiv bir tərəf kimi qələmə verdiyini təqdim etməyə çalışır. Ancaq Azərbaycan prezidenti Alxanlı kəndində baş verən faciədən sonra bildirdi ki, Ermənistan məhz dinc insanları gülləbəran etməklə vəziyyəti olduğundan da riskli edir. Ancaq Azərbaycan buna imkan verməyəcək. Əgər sülh danışıqları nəticə verməsə, onda Azərbaycan alternativ yollara əl atmağa məcbur olacaq".
Politoloq hesab edir ki, İrəvan budəfəki görüşdə artıq öz mövqeyini açıq şəkildə ortaya qoymalıdır, çünki geriyə yol yoxdur:
"İrəvan həmişə danışıqlar əsnasında Azərbaycan tərəfinə bir söz deyir, proses bitəndən sonra İrəvanda, xarici meydanlarda isə tərs mütənasib fikirlər söyləyir, Azərbaycanı hədələyir. Bu baxımdan Ermənistanın öz mövqeyini və məqsədinin nədən ibarət olduğunu açıqlaması rəsmi Bakı üçün çox vacibdir. Zənnimcə, Ermənistanın manevr meydanı getdikcə daralır. İrəvan indiki mövqeyindən əl çəkməsə, Azərbaycanın haqlı olaraq deməyə sözü olacaq. Təbii ki, belə olan halda da Ali Baş Komandan öz növbəsində Azərbaycanın gələcək planları barədə kənar qüvvələri, fövqəl dövlətləri və Minsk Qrupu ölkələrinin başçılarını məlumatlandıracaq. Odur ki, bunun üçün gərək ilk növbədə Ermənistanın planları barədə məlumatlı olaq".
Qeyd edək ki, sentyabrın 12-25-də BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında BMT Baş Assambleyasının 72-ci sessiyası baş tutacaq. Sessiya çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir.