Ukraynada seçkilər yaxınlaşır Dünya

Ukraynada seçkilər yaxınlaşır

Seçki günü Rusiyanın sərhədə irimiqyaslı hərbi təlimlərə başlayacağı gözlənilir
Qərbdən Moskvaya mesaj: "İmkan verin, Ukrayna səs versin"

Cavid

Ukraynada vəziyyət gərgin olsa da ölkə prezident seçkilərinə hazırlaşır. Mayın 25-də Ukraynada keçiriləcək seçkinin bütün ölkə ərazisində baş tutması və legitim hesab olunması ilə bağlı ciddi şübhələr var. Həm hazırkı Ukrayna hakimiyyəti, həm də Qərb ölkələri seçkilərin baş tutmamasından narahatlıq keçirir. Ötən həftə xalqa müraciət edən Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandır Turçinov xalqı bir olmağa və separatçılara qarşı mübarizəyə səsləyib.
Ukrayna Baş Prokurorluğu isə "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nı terror təşkilatı elan edib. Bununla əlaqədar olaraq 350-dən çox separatçı şübhəli şəxs elan olunub. Açıq görünür ki, separatçılar Ukraynada prezident seçkilərini pozmaq və şərq vilayətlərində seçkilərin baş tutmaması üçün əllərindən gələni edəcəklər.
Ötən həftə ABŞ Dövlət katibi Con Kerri Ukraynada mayın 25-də prezident seçkilərinin keçirilməsinə mane olacağı təqdirdə Rusiyaya qarşı yeni iqtisadi sanksiyaların tətbiq ediləcəyini bildirib. Mayın 15-də Londonda Avropa Birliyi nazirləri ilə görüşdən sonra Kerri deyib ki, onun Rusiyaya mesajı belədir: "İmkan verin, Ukrayna səs versin".
Seçkilərə bir həftə qaldığı bir vaxtda Ukraynada separatçılara qarşı antiterror əməliyyatları davam etdirilir. Belə ki, Ukrayna hərbçiləri tərəfindən 100-ə yaxın Rusiyameyilli silahlı şəxs Slavyansk şəhəri ətrafında məhv edilib.
Bu barədə jurnalist Arkadi Babçenko öz yazısında məlumata verib: "Bütün gecə Slavyanskın kənarında, kərpic zavodu ətrafında artilleriya və xüsusi xidmət orqanları işləyirdi. Səhər saatlarında kəşfiyyat orqanları həmin əraziyə daxil oldu. Döyüş iştirakçılarının verdikləri məlumata görə, Rusiya meylli qüvvələr 100-ə yaxın itki verib".
"Vestikavkaza"isə yazır ki, Ukraynada may ayının 25-də növbədən kənar keçiriləcək prezident seçkiləri ilə yanaşı Rusiya Silahlı Qüvvələri Ukrayna sərhədlərində geniş-miqyaslı hərbi təlimlərə start verəcək.
Rusiya Hərbi Hava Qüvvələrinin mətbuat xidmətindən bildiriblər ki, baş tutacaq hərbi təlimlərdə "Mi-8", "Mi-24", "Mi-28", "Ka-52" helikopterləri, "Su-27", "Su-25", "Su-34" və "Miq-29" təyyarələri iştirak edəcəklər.
Hərbi təlimlər zamanı 70 helikopter və təyyarələr yerüstü hədəflərin məhv edilməsini məşq edəcəklər.
Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Mixail Oxendovski isə deyib ki, Ukraynada prezident seçkilərinin ikinci turu lazım gəlsə, hətta bu seçkilərdə iştirak edən iki namizəddən biri mübarizədən çıxacağı təqdirdə keçiriləcək. O xatırladıb ki, təkrar səsvermə, yaxud, necə deyərlər, ikinci tur yalnız namizədlərdən heç biri mayın 25-də keçiriləcək səsvermədə iştirak edən seçicilərin səslərinin yarısından çoxunu toplamayacağı təqdirdə təyin olunur. Təkrar səsvermə bülleteninə mayın 25-də ən çox səs toplayan iki namizədin adı daxil ediləcək: "Onlardan biri iyunun 2-nə qədər öz namizədliyini geri götürsə, bülletenə şərti olaraq üçüncü yeri tutan namizədin adı daxil ediləcək. Namizəd öz namizədliyini geri götürməsi barədə ərizə versə və onun qeydiyyatı iyunun 2-dən sonra ləğv edilsə, təkrar səsvermədə yalnız bir namizəd iştirak edəcək".
Onun sözlərinə görə, ikinci turda səsvermə istənilən halda baş tutmalıdır.
M.Oxendovski deyib: "Ukrayna prezidenti vəzifəsinə seçilmək üçün səsvermədə iştirak edən seçicilərin səslərinin 50 faizindən çoxunu toplamaq lazımdır. Əks halda seçkilər baş tutmamış sayılacaq".
O əlavə edib: "Belə bir risk nə dərəcədə realdır? Gəlin, bu suallara onlar ortaya çıxdıqca cavab verək".
Eyni zamanda MSK-nın başçısı növbəti dəfə əminlik hissi ilə bildirib ki, Ukrayna prezidenti seçkiləri mayın 25-də istənilən halda keçirilməlidir: "Mən həqiqətən də seçkilərin mayın 25-də keçiriləcəyinə, üstəlik, hər hansı vəziyyətdən asılı olmayaraq keçiriləcəyinə əminəm".
Sosioloji araşdırmalara görə, prezidentliyə namizəd Pyotr Poroşenkonun artıq seçkilərin birinci turunda qalib gəlmək şansı var.
Yuliya Timoşenko isə bildirib ki, prezident seçkilərində qalib gəlməsə, Ukraynada "inqilabın üçüncü mərhələsi" mümkündür, çünki onun fikrincə, ölkəni böhrandan yalnız o çıxara bilər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Ukraynada mayın 25-də keçiriləcək prezident seçkilərinin legitimliyinin tanınması üçün Rusiyanın şərtlərini açıqlayıb.
Rusiya KİV-ə istinadən vedriyi məlumata görə, Peskov deyib: "Əgər Ukraynanın şərqində federallaşma tərəfdarları Putinin çağırışına əməl edib referendumu təxirə salsalar, Kiyev isə döyüş əməliyyatlarını dayandırıb dialoq üçün mexanizmi işə salsa, o zaman bu, Ukraynanı yalnız pisləşməyə meylli olan situasiyadan çıxara bilər".
Onun sözlərinə görə, hazırda Kreml Kiyev hakimiyyəti ilə danışıqlar aparmır və Putinin "referendum"un vaxtını dəyişmək çağırışı da "Kiyevə yox, Ukrayna xalqına əl uzatmaq üçün atılan addımdır".
Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq isə bildirib ki, Ukraynanın şərqində baş verən iğtişaşlar prezident seçkilərinin pozulmasına yönəlib.
O, Avropa ölkələrinin xarici işlər nazirlərini Ukraynada mayın 25-də keçiriləcək prezident seçkilərini dəstəkləmək üçün bir araya gəlməyə çağırıb.
"Rusiyanın bu seçkilərin baş tutmamasını arzulaması açıq-aşkardır. Ukraynanı dəstəkləyən xalqlar bu ölkənin şərqində yaşanan böhranın diplomatik həll yolunu tapmağa hazırdırlar. Lakin bu məsələdə Rusiyanın öhdəlik götürməsi lazımdır" - deyə o vurğulayıb.
ABŞ-ın Ukraynadakı səfiri Cefri Payet isə deyib ki, ABŞ mayın 25-də Ukraynada prezident seçkilərinin həyata keçirilməsi üçün mümkün olan hər şey edəcək. Onun sözlərinə görə, Ukraynada prezident seçkilərinin keçirilməsi ölkənin gələcəyi üçün çox önəmlidir: "Ukraynadakı prezident seçkilərinin baş tutması ölkənin gələcək həyatı üçün mühüm addımdır. Məhz bu səbəbdən ABŞ Kiyevə lazım olan dəstəyi əsirgəməyəcək. ABŞ, ATƏT və Avropa Parlamenti Ukraynaya minlərlə müşahidəçi göndərəcək".
Xatırladaq ki, Rusiya bir neçə dəfə Ukraynada prezident seçkilərinin keçirilməsi üçün şərait olmadığını açıqlayıb. Maraqlıdır ki, keçmiş baş nazir Timaşenko da seçkilərin ertələnə biləcəyi ilə bağlı fikir irəli sürüb.
"Donetsk xalq respublikası" isə qarşıdan gələn prezident seçkilərində iştirak etməyəcəyini bəyanlayıb. Ukrayna mətbuatının istinadən verdiyi xəbərə görə, bu barədə qondarma Donetsk "xalq respublikası"nın qubernatoru Pavel Qubrayev jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə seçki legitim deyil və Ukrayna konistitusiyasının 103-cü maddəsinə ziddir: "Belə bir seçkinin bizim "azad" ölkəmizdə keçirilməsi qanunsuzdur, mən hesab edirəm ki, rəsmi Kiyev belə bir qanunsuz seçkinin Donetskdə keçirilməsinə cəhd belə etməməlidir".
Qondarma Qubernator ABŞ və Avropanın Ukrayna seçkilərini dəstəkləyəcəyinə şübhə etmədiyini bildirib və əlavə edib ki, ABŞ və Qərb Donteskdə yaşayan insanların da "öz müqəddəratını" həll etmə hüququnu tanımalıdır.
Qeyd edək ki, bir neçə gün öncə Donetsk qubernatoru Serqey Tratua bəyanat verərək, Ukraynada keçirilən prezident seçkilərini dəstəklədiyini bildirmişdi və qeyd etmişdi ki, onun seçkiyə dəstək verməsi bəzi dairələri narahat edib, bununla bağlı qubernator hətta təhdid olunub.