Estoniya Gürcüstan rəsmilərinə yeni sanksiya tətbiq edib Dünya

Estoniya Gürcüstan rəsmilərinə yeni sanksiya tətbiq edib

Estoniya Gürcüstanın daha 19 yüksək rütbəli məmuruna sanksiya tətbiq edib.

APA xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bəyanat yayıb.

Sanksiyalar siyahısına Gürcüstanın ədliyyə naziri, Baş prokuroru, parlament üzvləri, prokurorlar, hakimlər və keçmiş polis rəisi də daxildir. Sanksiya tətbiq olunan şəxslərin ölkəyə giriş qadağa qoyulub.

“Mən daha 19 gürcü məmurunun Estoniyanın milli sanksiyalar siyahısına əlavə edilməsi haqqında direktiv imzaladım. Zorakılığın, siyasiləşdirilmiş məhkəmələrin və qeyri-mütənasib cəzaların demokratiyada yeri yoxdur. Estoniya ləyaqət, hüquqlar və Avropanın gələcəyi uğrunda mübarizədə Gürcüstan vətəndaş cəmiyyəti, müstəqil media və Gürcüstan xalqının yanında olmağa davam edəcək”, - nazir bildirib.

Bəyanatda vurğulanıb ki, sanksiya tətbiq edilən şəxslər “dinc nümayişçilərin, jurnalistlərin və müxalifət nümayəndələrinin təqibinə görə birbaşa və ya dolayısı ilə məsuliyyət daşıyırlar”.

Tsaxna əlavə edib ki, Gürcüstan hakimiyyətinin tətbiq etdiyi zorakılıq, siyasiləşdirilmiş məhkəmə prosesləri, etirazçılara və müxalifət siyasətçilərinə qarşı qeyri-mütənasib cəzalar demokratiyanın əsas dəyərlərinə və Gürcüstanın Avropa İttifaqına namizəd statusu ilə bağlı öhdəliklərinə ziddir.

Onun sözlərinə görə, Estoniya Gürcüstan vətəndaş cəmiyyətinə, müstəqil mediaya və ölkənin Avropaya inteqrasiyasına dəstəyini davam etdirəcək.

Bununla da Estoniya indiyədək 102 gürcü məmuruna ölkəyə giriş qadağası tətbiq edib.