Tramp Putindən kömək istəyib Dünya

Tramp Putindən kömək istəyib

ABŞ prezidentinin "Rusgeyt" qalmaqalı davam edir

Donald Trampın yaxın adamlarından biri Moskvada bina tikintisinə müqavilə almaq üçün Vladimir Putindən kömək əldə etməyə çalışıb. Bu sövdələşmə Trampın prezident seçilməsinə kömək etməliymiş. BBC radiosunun məlumatına görə, bu barədə "The Independent" qəzeti yazıb.
Məqalədə qeyd olunur ki, hazırda FTB-nin keçmiş direktoru, indi isə xüsusi prokuror Robert Mueller Tramp kampaniyası ilə Rusiya arasında mümkün əlaqələri araşdırır. ABŞ kəşfiyyatı əmindir ki, Rusiya Putinin birbaşa göstərişi ilə ABŞ-da seçkilərə təsir etməyə çalışıb.
"New York Times" qəzetinin tanış olduğu email-lərdə biznesmen kimi təqdim edilən Feliks Sater cənab Trampın müvəkkili Maykl Kohenə təklif edirdi ki, o Moskvada "Trump Tower" göydələninin tikintisi üçün müqavilə əldə etməyə çalışsın: "Mən Putini bu layihəyə cəlb edəcəyəm və biz Donaldı seçdirəcəyik" – deyə Sater yazırdı. Daha sonra email-də deyilirdi: "Bizim oğlan ABŞ prezidenti ola bilər və biz bunu düzüb-qoşacağıq. Mən bütün Putin komandasını bu işə qoşacağam".
"The Washington Post" yazır ki, Saterin israrlarına baxmayaraq Tramp Moskvaya səfər etməyib və Moskvada "Trump Tover" tikmək planları seçki kampaniyası başlayar-başlanmaz ləğv olunub: "Mən qəti əmin idim ki, bu təklif ağlabatan deyil və Moskvaya səfər etməyə heç vaxt razılaşmadım" – Kohenə aid email-də deyilir.
Lakin "The Vashington Post"un məqaləsində deyilir ki, Kohen layihənin həyata keçməsi üçün Rusiya hökumətindən kömək istəyib. Qəzetdə açıqlanan email-dən məlum olur ki, Kohen Kremlə, daha doğrusu Dmitri Peskova zəng edərək Moskvada "Trump Tover" layihəsinin həyata keçirilməsi üçün dəstək istəyib. Cənab Kohen bildirib ki, "belə mühüm məsələyə" biganə qalmaq olmaz. Qəzetin yazdığına görə Kohen Konqres komitəsinə deyib ki, sözü gedən email-i Saterin tövsiyəsi ilə göndərib.
"The Washington Post"un məqaləsindən sonra CNN tərəfindən dərc edilmiş bəyanatlarında Kohen deyir ki, layihəni üç dəfə Trampla müzakirə edib. Bununla belə Kohen bu layihənin prezident kampaniyası ilə hər hansı əlaqəsi olduğunu inkar edib. Kohen bildirir ki, o bu məsələdən nəsə hasil olmayacağını başa düşdükdən sonra 2016-cı ilin sonlarında layihədən əl çəkib.
Tramp indiyədək özünün Rusiyada heç bir əhəmiyyətli biznes maraqlarının olmadığında israr edir. Lakin Tramp və onun şirkətinin keçmişdə Rusiya ilə əlaqələri olub. Prezident 2013-cü ildə "Miss Universe" gözəllik yarışını keçirmək üçün Moskvaya səfər etmişdi. Bundan əvvəl Tramp Putini "mənim ən yaxşı yeni dostum" adlandırmışdı.
2013-cü ildə Moskvaya səfərindən sonra Tramp mühafizəkar radionun aparıcısı Hugh Hevittə demişdi ki, yüksək səviyyəli adamlarla, həm generallar, həm də oliqarxlarla və hökumət adamları ilə görüşüb: "Mən bundan artıq informasiya verə bilmərəm, amma bunu deyə bilərəm ki, ən yüksəkdə duran adamlarla görüşmüşəm və bu münasibətlər fövqəladədir" .