Prokuror təhqiqatı “qarış-qarış“ Trampa yaxınlaşır Dünya

Prokuror təhqiqatı “qarış-qarış“ Trampa yaxınlaşır

"The Guardian" yazır ki, Rusiyanın ABŞ seçkisinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mueller Ağ Evdən prezident olandan bəri Donald Trampın ən ziddiyyətli hərəkətlərinə aid sənədləri tələb edib. Trampın Rusiya rəsmiləri ilə mümkün əlaqələrini təhqiq edən Muellerin ofisindən alınmış məlumatlara görə, araşdırma özünün yeni mərhələsinə qədəm qoyub və prezidentə bir qarış daha yaxınlaşıb.
Ağ Evin adlarının çəkilməsini istəməyən rəsmiləri "New York Times" qəzetinə bildiriblər ki, Muelleri əsasən 13 sahəyə aid informasiya maraqlandırır. Bunların arasında Trampın keçmiş milli təhlükəsizlik müşaviri Mixail Flynn və FTB direktoru Ceyms Komeynin vəzifəsindən qovulması da var. Muelleri həm də Trampın ötən may ayında Komeyni postundan çıxardıqdan sonra Rusiya rəsmiləri ilə görüşünün təfərrüatları da maraqlandırır. O vaxt Donald Tramp Ağ Evdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla və Rusiyanın o vaxtkı səfiri Sergey Kislyakla söhbətində Komeyni işdən çıxarmaqla təzyiqlərdən bir qədər azad olduğunu demişdi.
"The Washington Post" qəzeti isə yazır ki, prokuror habelə Ağ Evdən ötən il yanvar ayında Flynnin FTB tərəfindən dindirilməsinə dair sənədləri tələb edib. Mueller yanvar ayında o vaxtkı prokuror əvəzi Sali Yatesin Ağ Evə Flynndən narahatlıq ifadə etdiyi söhbətin təfərrüatı ilə maraqlanır. Prokuror Ağ Evdən oğul Trampın 2016-cı ildə "Tramp Tover" otelində rusiyalı vəkillə görüşməsinə administrasiyanın münasibətini əks etdirən sənədləri görmək istəyir. "The Guardian" qəzetinin yazdığına görə, Muellerin tələblərindən belə görünür ki, o, Flynnə dair araşdırmanın dayandırılmasına cəhd göstərilib-göstərilmədiyinə əmin olmağa çalışır. Başqa sözlərlə prokuror Tramp və komandasının ədalətə mane olub-olmadıqlarını üzə çıxarmağa can atır.
Məqalədə deyilir ki, son hadisələr Mueller təhqiqatının təkcə gücləndiyini yox, həm də bu təhqiqatın Tramp administrasiyasının Rusiya ilə bağlı məsələlərlə necə məşğul olduğu ətrafında dövriyyə etdiyini göstərir. Bu mənada Donald Trampın böyük oğlu ilə rusiyalı vəkil Natalya Veselnitskaya arasında 2016-cı ildə keçirilmiş görüş xüsusi maraq doğurur. Prezident oğluna göndərilmiş e-maillərdən məlum olurdu ki, o, görüşdən əvvəl Rusiya hökumətinin onun atasının qələbəsinə kömək etmək istədiyindən xəbərdar olub.
Bu hadisənin ardınca yayılan xəbərlərdə deyilirdi ki, hadisə ilə bağlı oğul Trampın rəsmi bəyanatının hazırlanmasında prezidentin özü bilavasitə iştirak edib və hətta oğlunun nəyi deyib, nəyi deməli olmadığını ona prezident təyyarəsindən diqtə edib. İndi prokuror həmin vaxt prezident təyyarəsində olanları da dindirmək istəyir.
ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının keçmiş meneceri təklif edib ki, rusiyalı milyarderi kampaniyanın gedişi barədə bilgiləndirsin. Medianın sentyabrın 20-də yazdığına görə, söhbət ötənilki seçki kampaniyası zamanı Kremllə sıx əlaqələri olan rusiyalı milyarderə informasiya ötürməkdən gedib. "Ona şəxsi informasiya lazımdırsa, təşkil edərik", – Paul Manafort özüylə rusiyalı alüminium maqnatı Oleq Deripaska arasındakı vasitəçiyə elektron məktubunda yazıbmış.
Bu haqda informasiya yayan "The Washington Post" və "The Associated Press" onu da qeyd ediblər ki, Manafortun sözçüsü e-mail yazışmalarını təsdiqləyib. "The Post"un yazdığına görə, Manafort e-mail-i keçmiş işçisi, onunla Ukraynada siyasi konsultasiya sahəsində işləmiş Konstantin Kilimnikə göndərib. Manafort Kilimnikdən xahiş edib ki, təklifini Deripaskaya çatdırsın. Ancaq qəzet təklifin Deripaskaya çatdırılıb-çatdırılmadığı barədə məlumat olmadığını qeyd edir. Bu e-mail Respublikaçıların Milli Qurultayından bir həftə öncə göndərilibmiş. Həmin qurultayda Tramp partiyanın prezidentliyə namizədi kimi təsdiqlənib. O zaman Manafort Trampın seçki kampaniyasını idarə edirdi.
Media yazır ki, bu e-mail Ədliyyə Departamentinin xüsusi müşaviri Robert Muellerə təqdim olunan on minlərlə sənəddən yalnız biridir. Mueller və Konqresin bir neçə komitəsi Rusiyayla Trumpın seçki kampaniyası arasında əlaqəni araşdırır. Muellerin ofisi məsələni şərh etməyib. Manafortun sözçüsü Cason Maloni e-mailin mövcudluğunu təsdiqləyib, amma "The Post"la AP-yə deyib ki, heç bir informasiya verilməyib. Maloni bu yazışmanı "ziyansız" adlandırıb, deyib ki, bu, Manafortun ona borclu müştərilərdən pul toplamaq cəhdinin bir hissəsi olub.
"The Post"un yazdığına görə, Manafortla Kilimnik arasında elektron yazışmalarda, Manafortun dediyi kimi, Şərqi Avropadakı keçmiş müştərilərinin ona borclu olduğu pul müzakirə edilib. "Manafort 2014-cü ildə işini bitirəndən sonra keçmiş müştərilərinin ona borcu qalıb, bu, sirr deyil", – Maloni deyib. AP martda yazırdı ki, Manafort Trampın kampaniyasına qoşulmazdan öncə Deripaska üçün işləyib və Şərqi Avropada siyasi konsultasiya işiylə bağlı planlar təklif edib. O, həmin işin "Putin hökumətinə böyük fayda verəcəyini" söyləyib.
AP Deripaskanın Putinə yaxın olduğunu da yazırdı. Deripaska mayda AP-ni böhtana görə ABŞ-da məhkəməyə verdi. Deripaskanın sözçüsü "The Post"un sorğusuna cavab olaraq bildirib ki, e-mail-lə bağlı məlumatlar saxtadır. Kilimnik isə sorğunu cavablandırmayıb. Rusiya ABŞ seçkisinə müdaxilə etmədiyini, Tramp Rusiyayla heç bir gizli sövdələşməyə getmədiyini bildirib.