Portuqaliyada son 12 ildə ilk kütləvi tətil keçirilir Dünya

Portuqaliyada son 12 ildə ilk kütləvi tətil keçirilir

Portuqaliyada ölkənin iki ən böyük Həmkarlar İttifaqı hökumət başçısı Luiş Monteneqrunun təklif etdiyi əmək qanunvericiliyi islahatına etiraz olaraq son 12 ildə ilk dəfə kütləvi tətil aksiyasına başlayıb.

APA xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Məlumata görə, kütləvi tətil ölkə üzrə nəqliyyat, səhiyyə və kommunal xidmətlərdə fasilələrə səbəb ola bilər.

Hava limanlarında personalın azalması milli aviaşirkət “TAP SA”-nın reyslərində gecikmələrə və ləğvlərə gətirib çıxaracaq, dəmir yolu operatoru isə reyslərin sayını ciddi şəkildə azaltmağı planlaşdırır.

Hazırda xəstəxanalar minimum heyətlə işləyir və yalnız təcili yardım göstərir, bir çox məktəblər bağlanıb və ya dərs cədvəlini ixtisar edib, bələdiyyələr isə tullantıların daşınmasında və digər vacib xidmətlərdə gecikmələr olacağı barədə xəbərdarlıq edib.

İctimai nəqliyyatın buraxılış qabiliyyətinin azalması ilə bağlı rəsmilər böyük şəhərlərdə sürücüləri tıxaclar barədə xəbərdar ediblər.

Baş nazir Monteneqru etirazları “anlaşılmaz” və siyasi motivli adlandırıb. O bildirib ki, parlament qanunvericiliyi təsdiqləmədən etiraz üçün əsas yoxdur.