Moldovanın Dnestryanı konsepsiyası Dünya

Moldovanın Dnestryanı konsepsiyası

Moldova Baş naziri Pavel Filip bəyan edib ki, yaxın zamanda Dnestryanı münaqişəsinin tənzimlənməsi konsepsiyası təqdim ediləcək.
Pavel Filip ATƏT-in Dnestryanı münaqişənin tənzimlənməsi prosesindəki Avstriya sədrliyinin xüsusi təmsilçisi Volf Ditrix Haym və ATƏT-in Moldovadakı missiyasının başçısı Maykl Skanlanla görüşü zamanı deyib ki, "Yaxın zamanlarda Dnestryanının bütöv Moldova tərkibində xüsusi statusu haqqında layihə təqdim ediləcək. Sənəd işlənib hazırlanıb, hazırda vətəndaş cəmiyyətilə məsləhətləşmələr aparılır".
Onun sözlərinə görə, Dnestryanı münaqişəsinin tənzimlənməsində irəliləmək, mövcud problemlərin həm texniki, həm də siyasi həllini tapmaq vacibdir.
Məlumata görə, görüş iştirakçıları 18 noyabrda Dnestr çayı üzərində, Qura-Bıkuluy və Bıçok arasında körpünün açılmasını yüksək qiymətləndiriblər. Onlar qeyd ediblər ki, "bu addım çayın hər iki sahilindəki əhalinin və iqtisadi agentlərin maraqlarına uyğundur".
Moldovanın Baş naziri deyib: "Həll edilən hər bir problem özü-özlüyündə Dnestryanı münaqişəsinin tənzimlənməsinin digər problemlərinin həllində irəliləmək üçün imkan yaradır. Gündəlikdə duran əsas problemlər Dnestryanı regiondakı Moldova məktəblərinin latın qrafikası əsasında yaxşı işləməsinin təmin edilməsi, Dnestryanının təhsil diplomlarının tanınması və iki sahil arasındakı telefon əlaqəsinin bərpasıdır".
O, Ukrayna ilə birlikdə Kuçurqan-Pervomaysk sərhəd keçid məntəqəsinə Dnestryanının qəti olaraq qarşı çıxdığı birgə nəzarətin müsbət nəticələri haqqında məlumat verib. Pavel Filip deyib: "Bu təcrübə Dnestryanı sahə də daxil olmaqla, Moldova-Ukrayna sərhəddinin digər sərhəd məntəqələrinə də yayılacaq. Birgə səylər sayəsində biz Dnestryanı münaqişənin tənzimlənməsində irəliləyişdən danışa bilərik. Bizim üçün ritmi itirməmək vacibdir".