21 Fevral 17:42
08:44
602
"Bu fikir indi qeyri-real görünür. Üstəlik, üç-dörd aydan, hətta altı aydan sonra bu, bir o qədər də qeyri-real olacaq. Praktiki olaraq müzakirə mövzusu olmayanda bu səviyyəli görüşü təsəvvür etmək çətindir" .
Bunu xalqcebhesi.az-a İntermariun İnstitutunun rəhbəri, ukraynalı politoloq Valentin Hayday ABŞ-ın xüsusi elçisi Uitkoffun Ukraynada müharibəyə son qoymaq üçün danışıqlar prosesində səylərin yaxın üç həftə ərzində Zelenski ilə Putin arasında üzbəüz görüşə gətirib çıxara biləcəyi fikrinə münasibətində deyib.
Haydayın fikrincə, tərəflərin mövqeləri əsaslı şəkildə fərqli olaraq qalır. Rusiya əsas məsələlərdə - ərazi, atəşkəs formulu, təhlükəsizlik təminatları ilə bağlı ciddi güzəştlərə getməyə hazır deyil. Ukrayna isə öz növbəsində siyasi və ya ərazi itkilərinə səbəb olacaq şərtləri qəbul etmək istəmir:
"Liderlər arasında şəxsi görüş danışıqların başlanğıcı deyil, əsas parametrlərin artıq razılaşdırıldığı son mərhələdir. Hazırda belə bir təməl yoxdur. Ona görə də qarşıdakı həftələr və ya hətta aylar ərzində görüş barədə danışmaq real ssenaridən daha çox siyasi nikbinlik və ya diplomatik siqnal kimi görünür".
Cavid