Avrasiya İttifaqında Türkiyənin yeri Dünya

Avrasiya İttifaqında Türkiyənin yeri

Deutsche Welle: "Avrasiya İqtisadi İttifaqının özü yox, onun əsasında dayanan ideologiya Avropa üçün təhlükəlidir"

Cavid

Mayın 29-da Qazaxıstanın paytaxtı Astanada keçirilən mərasimdə əsası qoyulan Avrasiya İqtisadi İttifaqına qoşulmaq istəyənlərin sayı ilə bağlı maraqlı məlumat yayılıb. Artıq Rusiya rəsmiləri daha geniş bir siyasi və iqtisadi əməkdaşlıq nəzərdə tutan birliyə 40 ölkənin müraciət etmək istədiyini açıqlayıb.
Avrasiya İttifaqı İnstitutunun rəhbəri Zanargül Kusmanqaliyeva Türkiyə, Hindistan, Yeni Zelandiya və Vyetnam da daxil olmaqla, 40 ölkənin inteqrasiya layihəsinə qatılmağa hazır olduqlarını qeyd edib.
Avrasiya İqtisadi İttifaqı keçmiş sovet respublikalarında olduğu kimi Qərbdə də diqqətlə izlənilir. Doğrudur, bu ittifaq Kremlin əvvəlcə irəli sürdüyü Avrasiya İttifaqı ideyasına tam uyğun olmadı.
Qazaxıstan ittifaqın sırf iqtisadi inteqrasiya modeli kimi yaradılmasında israr etdiyi üçün Avrasiya İttifaqının əsasnaməsindən vahid vətəndaşlıq, ortaq xarici siyasət, ortaq parlament kimi elementləri çıxarmalı oldular. Üstəlik təsis sənədlərində ittifaqın adına "iqtisadi" sözünü də əlavə etdilər və bu da gələcəkdə ittifaqın siyasiləşməyəcəyinə dair təminat kimi yozula bilər. Hərçənd ki, ittifaqın mərhələlərlə öz formasını dəyişməsi mümkündür.
"Deutsche Welle" ("Alman dalğası") radiostansiyasının redaksiya məqaləsində deyilir ki, Avrasiya İqtisadi İttifaqı Avropaya təhlükə təşkil etmir. Ancaq təhlükəli olanı onun əsasını təşkil edən avrasiyaçılıq ideologiyasıdır. "Bu ittifaqa görə çoxları az qala 25 il əvvəl dağılmış SSRİ-ni xatırladılar. Belə müqayisə Kremlə sərf edir. Rusiyalılar ittifaqın yaradılması barədə müqaviləni Rusiyanın gücünün yenidən bərpasının sübutu kimi qiymətləndirməli olacaqlar. Əhali bu strategiyanı alqışlayır. Paralel olaraq Qərbdə yeni Sovet İttifaqı barədə qorxu meydana çıxır. Və bu da Kremlin planlarına uyğundur. Lakin Avrasiya İqtisadi İttifaqını yeni SSRİ kimi nəzərdən keçirmək səhv olardı" deyə məqalədə bildirilir.
"Deutsche Welle" qeyd edir ki, Rusiyanın irəli sürdüyü Avrasiya inteqrasiya modeli Sovet İttifaqı ilə müqayisə oluna bilməz. Bu, Rusiyanın keçmiş sovet respublikalarını vahid iqtisadi məkanda saxlamaq üçün göstərdiyi çoxsaylı cəhdlərdən biridir. Budur, gələn il yanvarın 1-dən etibarən Rusiya, Qazaxıstan və Belarus mal və xidmətlərin, işçi qüvvəsinin sərbəst hərəkəti üzərində işə başlamalıdır.
Lakin bu üç ölkə arasına 4 ildir mövcud olan Gömrük İttifaqının təcrübəsi göstərir ki, əməkdaşlıq iqtisadi və siyasi ziddiyətlər, korrupsiya və şəffaflığın olmaması üzündən olduqca ləng gedir. Gələcəkdə ittifaqa Ermənistanın və Qırğızıstanın da qoşulması planlaşdırılır. Lakin rusiyalılar dilənçi kökündə olan Orta Asiya respublikalarının və Ermənistanın əhalisinin sərbəst hərəkətinə razı olacaqlarmı?"
Üstəlik alman radiosuna görə Ukraynasız postsovet məkanında yaradılan iqtisadi ittifaq ölü doğulmuş ideyadır. Və Moskvanın Ukraynaya qarşı aqressiv addımlarının da səbəbi bu idi. Məqalədə deyilir ki, yeni ittifaq "qoca Avropa" üçün heç bir təhdid təşkil etmir və əgər ideya işləsə ora qoşulan ölkələrin iqtisadi vəziyyətinin yaxşılaşmasına da səbəb ola bilər. "Avrasiyaçılıq ideyası isə ayrı məsələdir. Bu ideologiya Putinin hakimiyyətə gəlişindən sonra durmadan yüksəlir. Avrasiya İqtisadi İttifaqının əsasında da bu ideologiya dayanır. Bizim istəyimizdən asılı olmayaraq avrasiyaçılıq ideologiyası yaxın onillikdə Avropada ciddi siyasi diskussiyalara səbəb olacaq. Artıq belə diskussiyalar gedir. Məsələ bundadır ki, Avropada güc qazanan populist sağ təmayüllü hərəkatlar özünün antiliberal, ksenofob, qomofob və antiamerikan şüarları ilə Rusiyada təbliğ olunan avrasiyaçılıq ideologiyasına gözəl yaraşır" deyə alman radiosu bildirir.
"Deutsche Welle" qeyd edir ki, avrasiyaçılıq ötən əsrin 20-ci illərin sonlarında rus mühacirləri arasında, antiliberal, millətçi və antisemit elementlər arasında meydana çıxıb. Sovet İttifaqının dağılmasından sonra Rusiyada yenidən avrasiyaçılıq ideologiyasını yada saldılar. Baxmayaraq ki, bu ideologiya ayrı-ayrı siyasi avantüristlərin və qəsd nəzəriyyəçilərinin mövzusu idi.
Ancaq Putinin yenidən hakimiyyət başına qayıtması ərəfəsində - 2011-ci ildən başlayaraq avrasiyaçılıq daha tez-tez gündəmə gəlməyə başladı. Təsadüfi deyil ki, Putin Fransada Marin Le Penin başçılıq etdiyi "Milli cəbhə" kimi sağ-populist partiyalara tərif deməkdə xəsislik etmir.
"Avrasiyaçılığın bəzən Rusiyaya Avropadan keçdiyini deyirlər. Ancaq bu səhvdir. Avrasiyaçılıq başqa konsepsiyadır, məhz antiliberal və antiamerikan Avropasıdır. Yəni Avrasiya İqtisadi İttifaqının özü yox, onun əsasında dayanan ideologiya Avropa üçün təhlükəlidir" deyə məqalədə vurğulanır.
"Deutsche Welle" hesab edir ki, Avropa qitəsində çoxları hələ bu təhlükəni dərk etmirlər. Avropada çoxları hələ də soyuq müharibənin bitməsindən eyforiyadadır: "Ancaq oyanmaq və 21-ci əsrin bu totalitar çağırışına qarşı həm siyasi, həm hərbi baxımdan hazırlaşmaq lazımdır".
Bu arada Türkiyənin də Avrasiya İttifaqına qoşulacağı ilə bağlı söz-söhbətlər dolaşdı. Qeyd edək ki, Türkiyədə hələ bir qədər əvvəl Avrasiya İttifaqı ilə əməkdaşlıqla bağlı açıqlamalar olsa da, Türkiyənin bu qurumla bağlı hansı mövqeyi sərgiləyəcəyi məlum deyil. Xatırladaq ki, Türkiyə NATO üzvüdür və Şimali Atlantika Alyansının Şərq gücü hesab olunur. Rəsmi Ankaranın Rusiyanın yaratdığı və keçmiş sovet imperiyasının varisi kimi qiymətləndirilən bir quruma qoşulması xeyli dərəcədə kəskin dönüş sayıla bilər. Üstəlik, Türkiyənin ən yaxın müttəfiqi olan Azərbaycan da hələlik bu quruma şübhə ilə yanaşır və üzv olmağa tələsmir.
Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqının zirvə toplantısında Nazarbayev deyib: "Türkiyə baş naziri Ərdoğan mənə zəng vurdu. Türkiyənin ittifaqa qoşulmasının mümkün olub-olmadığını soruşdu. Bizdən "Sovet İttifaqını qurursunuz" soruşulur. Türkiyəni ittifaqa qəbul etsək, bu sual aradan qalxar".
Eskpert Gülşad Zorlunun sözlərinə görə, bu cür fikirlər Ərdoğanın Putinlə Şanxay Əməkdaşlıq Təşkilatı məsələsinə dair görüşündə də ortaya çıxıb: "Türkiyə hələ də siyasi cəhətdən daha önəmli olan ŞƏT-nə dialoq partnyoru statusu ilə qatıla bilir. Ancaq Gömrük İttifaqı daha fərqli bir məzmuna malikdir. 2010- cu ildə Rusiya, Qazaxıstan, Belarus arasında qüvvəyə minən Gömrük İttifaqı, təqribən 170 milyonluq gəlirli bir bazarı ehtiva edir. Razılaşma ilə birlikdə üzv ölkələr öz aralarında ticarəti tamamilə sərbəstləşdirmiş, mal və insan gücü transferindəki mövcud maneələri aradan qaldırmış və ittifaqa daxil olmayan ölkələrə qarşı ortaq gömrük tarifləri tətbiq etməyə başlayıblar. Bu müddət ərzində hər 3 ölkənin xarici ticarət gəlirlərində böyük bir artım göz önündədir. Nazarbayevin açıqlaması əslində onun öz istək və arzusunu da ortaya qoymaqdadır. Əvvəldən Türkiyənin Mərkəzi Asiya ilə daha çox inteqrasiyasını istəyən Nazarbayev, Türkiyə və Rusiyaya bu məsələdə psixoloji zəmin yaratmağa çalışmaqdadır.
Bəs, Türkiyə Avrasiya İttifaqına qoşula bilərmi?
2012-ci ildə Qazaxıstanda aparılan bir araşdırmada Gömrük İttifaqının Türkiyə iqtisadiyyatına ola biləcək təsirləri məsələsində məhdud məlumatlar əldə etmək mümkündür. Araşdırma Qazaxıstanda fəaliyyət göstərən 108 türk müəssisəsinin rəhbərləri üzərində həyata keçirilib. Araşdırmaya görə Gömrük İttifaqı Qazaxıstanda istehsal sahəsində çalışan türk şirkətlərinə müsbət təsir edərkən türk mallarını bilavasitə və ya bilvasitə Qazaxıstanda satışa təqdim edən şirkətlərə mənfi təsir göstərməkdədir. Buna görə Gömrük İttifaqı daxilində istehsalla məşğul olan şirkətlərin investisiya qoyma ehtimalı artarkən, ticarətlə məşğul olan müəssisələrin investisiyalarının azalması ehtimalı da var. Zatən ittifaqın yaranmasının məqsədlərindən biri də üzv ölkələrdəki birbaşa istehsala istiqamətlənən yatırmların artırılmasını təmin etməkdir. Başqa sözlə desək, əgər bölgədəki sabitliyə güvəniriksə, ora bir fabrik tikməklə istehsal etdiyimiz məhsulu həmin bazar daxilində satmaq böyük üstünlüklər yaradacaq. İttifaqa üzv olan ölkələrə bu istiqamətdə investisiya qoyuluşunun artması üçün geniş azadlıqlar verilməkdədir. Türkiyənin AB kimi digər üzv olduğu təşkilatlar qarşısında öhdəlikləri diqqətə alınmadığı təqdirdə Avrasiya Gömrük İttifaqına qoşulması türk sərmayəçilərinin bölgədəki gücünə və nüfuzuna önəmli töhfələr verəcək, ölkənin ixracatını artıracaq. Ancaq ortada iki vacib məsələ var. Birincisi, Ermənistan da Birliyə qoşulmaq istəyir. Türkiyə bu məsələdə partnyorlarını razı salmaqda çətinliklə üzləşə bilər. Digər məsələ isə iqtisadi tərəfdir. Bu, İttifaq daxilində tətbiq edilən tariflər başda olmaqla nüfuz və texnoloji baxımdan Rusiyanın təbii və görünən üstünlüyü məsələsidir. Türkiyə əgər İttifaqa qoşularsa, AB-yə daxilolma müddətindən və AB ilə imzalanan Gömrük İttifaqından imtina edə biləcəkmi? İndi mövcud vəziyyətlər baxımından Türkiyənin belə bir radikal həmlə etməsi xeyli çətin kimi görünür. Lakin hər şeyə rəğmən Türkiyənin "əlini" qüvvətləndirmək baxımından bu məsələ ətrafında müzakirələrin dərinləşdirilməsində böyük bir fayda var".
Ekspert Hail Cəlilin fikrincə isə MDB məkanındakı dövlətlərlə müqayisədə İsrail, İran, Çin və hətta Türkiyənin Avrasiya İttifaqına üzvlük məsələsi o qədər də real səslənmir: "Ancaq adı çəkilən dövlətlər Rusiya ilə yaxşı iqtisadi əlaqələrə malikdir. Bu mənada onların Avrasiya İttifaqına üzvlüyü gerçəkləşməsə belə, bəzilərinin layihəyə ciddi siyasi, iqtisadi, maliyyə dəstəyi verəcəklərini ehtimal etmək mümkündür. Avrasiya İttifaqının proseslərin axarını dəyişmək iqtidarında olacağını isə indidən söyləmək bir qədər tezdir. 2015-ci ilin ilk aylarından reallaşması gözlənilən adıçəkilən təşkilatın nələrə qadir olacağını zamanın siyasi diqtəsi və iradəsi göstərəcək".