“Dövlətin təhlükəsizliyini qorumaq baxımından düzgün addımlar atılır” Dünya

“Dövlətin təhlükəsizliyini qorumaq baxımından düzgün addımlar atılır”

"Gördüyümüz kimi dini sferada çox böyük islahatlar həyata keçirilməkdədir. Azərbaycan bölgələrində dini ayinlərin icra olunması, mərasimlərimizin normal bir şəklə salınması yönündə dəyişiklikləri müşahidə etməkdəyik. Hesab edirəm ki, uzun illər ərzində bir tərəfdən "ehsan iqtisadiyyatı", digər tərəfdən məzarlıqlarımız, din adamlarımızın statusu ilə bağlı məsələlər getdikcə formalaşmaqdadır". Bunu millət vəkili Zahid Oruc bildirib: "Mübariz Qurbanlının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təyin olunması düzgün addım olub. Çünki həddindən artıq həssas bir sahədə həm Qafqaz Müsəlmanları İdarəsi ilə koordinasiya olunmuş, heç bir parçalanma olmadan, həmçinin də, məzhəblər, cərəyanlar halında ölkənin təhlükəsizliyini qorumaq baxımından düzgün addımlar atılmaqdadır. Din adamlarına maaşların verilməsi məsələsini elə formada həll etmək mümkün olacaq ki, bir tərəfdən konstitusiya hüquqlarını qoruyub saxlamaq mümkün olacaq, digər tərəfdən də din xadimlərimizin cəmiyyətdə düzgün formalaşdırmağa kömək edəcək. Bildiyimiz kimi din adamları ələ baxan, insanların faciə günlərindən qazanan qüvvələr kimi görünməkdə idi və bu qərarla onlar bu obrazdan çıxarılacaq. Mübariz Qurbanlının bu müstəvidə kifayət qədər işıqlı ideyaları olduğunu bilirəm. Açığı deyim ki, biz millət vəkilləri olaraq bu yöndə atılan addımları müdafiə edirik. Hesab edirəm ki, din adamlarına maaşın verilməsini elə bir formada həll etməliyik ki, konstitusiya hüquqları qorunsun".
Dinin dövlətdən ayrı olduğunu vurğulayan millət vəkili qeyd edib ki, dövlət dinsiz, din isə dövlətsiz ola bilməz:
"Dünyanın super gücü olan ABŞ prezidenti də öz vəzifəsinə başlayanda İncilə əl basır. Ermənilərlə baxdıqda görürük ki, o milləti ayaqda saxlayan Eçməidz kilsəsi olub. Bütün bunlara nəzər yetirdikdə dini Azərbaycanda niyə qorumayaq? Məscidlərimizdə də dövlət qorunmalıdır".